Məhkəmə qərarları › İş №2-1(116)-98/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-98/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-98/2020 29.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “X7 Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ilə X12 arasında Mingəçevir şəhər “Nikah Evi”ndə 04.12.1999-cu ildə nikah bağlanmışdır. Bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin 2(051)-537/2011 saylı 29.06.2011-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulan 24.01.2000-ci il təvəllüdlü X11 və 28.01.2003-cu il təvəllüdlü X13 nikah pozulduqdan sonra İddiaçı himayəsinə verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 75 (yetmiş beş) manat olmaqla ümumilikdə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. X2 qətnamənin tələblərini yerinə yetirmədikdə xeyli məbləğdə aliment borcu yaranmış və bu səbəbdən borclunun Mingəçevir şəhəri, N. ünvan 2 ünvanında yerləşən mənzilinin ona aid 2/5 hissəsinə həbs qoyulmasına dair Mingəçevir şəhər Məhkəməsinin 8(051)-139/2014 nömrəli 27.05.2014-cü il tarixli qərardadı çıxarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsinin tələblərinə görə üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar isə təklifdən imtina etməmiş və 05.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətin tam sahibi olmuşdur. Lakin iddiaçının keçmiş həyat yoldaşı olan üçüncü şəxs X12 mənzili iddiaçıya satmasına baxmayaraq mənzildə qeydiyyatdan çıxmamış və müxtəlif bəhanələrlə bundan yayınmışdır. İddiaçı bununla bağlı Mingəçevir ŞPŞ-nin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə rəsmi müraciət etmiş, lakin imtina edilmişdir və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddiaçı “3-cü şəxs X10 mənim mülkiyyətimdə olan Mingəçevir şəhəri Nizami küçəsi 16 mənzil 17-də qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi X8 27.09.2019-cu ildə məhkəməyə ərizə ilə müraciət edib iddiada dəqiqləşdirmə apararaq “X7 Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qərar verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surəti, "xxxx" MMC tərəfindən verilmiş Əmlakın Qiymətləndirilməsi barədə Hesabatın təsdiq edilmiş surəti, Mingəçevir şəhər Məhkəməsinin 8(051)-139/2014 nömrəli 27.05.2014-cü il tarixli qərardadının təsdiq edilmiş surəti, Mingəçevir şəhər İcra şöbəsinin iddiaçıya ünvanladığı təklif məktubunun təsdiqlənmiş surəti, Cavabdeh 18.07.2019-cu il tarixli 158-21280V-3219 imtina məktubu, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 03.09.2019-cu il tarixli **********37 nömrəli məktubu, Mingəçevir şəhər Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(051)-537/2011 nömrəli qətnaməsinin təsdiq edilmiş surəti, Mingəçevir şəhər İcra bölməsinin İcraata başlamaq haqqında qərarının tədiq edilmiş surəti, AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin elektron məlumat vərəqi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısnın 05.12.2019-cu il tarixli 1996 nömrəli məktubu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07.02.2020-ci il tarixli 1745 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Mingəçevir şəhər İH başçısı məktubla məhkəməyə bildirmişdir ki, X7 Mingəçevir şəhər N. ünvan 1 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq orada yaşamadığı müəyyən edilmiş, əraziyə xidmət edən MİS-dən və qonşulardan alınan məlumatdan aydın olmuşdur ki, vətəndaş X12 törətdiyi əmələ görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkəməyə göndərdiyi müvafiq arayışına əsasən X7 Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Mingəçevir şəhər Məhkəməsi 29.06.2011-ci il tarixli 2(051)-537/2011 nömrəli qətnamə ilə İddiaçı ilə cavabdeh X12 arasında 04.12.1999-cu ildə Mingəçevir şəhəri Nikah Evində bağlanmış, 193 nömrə ilə qeyd edilmiş, Vİ-JQ № 372166 saylı nikahın pozulmasını, boşanmadan sonra tərəflərin birgə nikahdan olan 24.01.2000-ci il təvəllüdlü X4 və 28.01.2003-cü il təvəllüdlü X9 anaları İddiaçı himayəsində qalmasını, cavabdeh X5 24.01.2000-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 75 (yetmiş beş) manat və 28.01.2003-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin hər ay tutularaq İddiaçı xeyrinə verilməsini qət etmişdir. Migəçevir şəhər Məhkəməsi 23.02.2012-ci il tarixli 2(051)-230/2012 nömrəli qətnamə ilə Mingəçevir şəhərinin Nizami küçəsindəki 16 saylı evin 17 saylı mənzili X12 ilə İddiaçı arasında bölünməsini, uşaqların İddiaçı yanında qalması nəzərə alınmaqla onun mənzildə payının 3/5 hissədə, X7 payının isə 2/5 hissədə olmasını qət etmişdir. Mingəçevir şəhər Məhkəməsi 27.05.2014-cü il tarixli 8(051)-139/2014 nömrəli qərardad ilə Mingəçevir şəhər Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(051)-537/2011 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzilin X2nun mülkiyyətində olan 2/5 hissəsinə yönəldilməsini və həmin mənzilin qeyd olunan hissəsinin üzərinə həbs qoyulmasını, X1 şəhər Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(051)-537/2011 saylı icra vərəqəsi üzrə yaranmış borcu ödəməzsə, Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həmin mənzilin 2/5 hissəsinin hərrac yolu ilə satılmasını, Mingəçevir şəhər Məhkəməsinin 29.06.2011-ci il tarixli 2(051)- 537/2011 saylı icra vərəqəsi üzrə borcun ödənilməsini qərara almışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilən 05.02.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxs X7 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar