Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-98/2021 18.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli əmrinin və 19.09.2019-cu il tarixli əmrinin ona aid hissəsinin ləğv edilməsi, 14.02.2019-cu il tarixdən işə bərpa olunmağı və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi, 04.07.2018-ci il tarixli əmək müqaviləsinin yenidən bağlanmış hesab edilməklə məcburi işburaxma ilə əlaqədar işdə olmadığı müddətdə almalı olduğu əmək haqqının və digər ödənişlərin ödənilməsi ilə işə bərpa olunması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2-1(81)- 1835/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2-1(81)- 1835/2019 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2-1(81)- 1835/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)- 2655/2019 nömrəli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2-1(81)-1835/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-2655/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.02.2020-ci il tarixli, 2-1(102)- 564/20 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-2655/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 16.04.2020-ci il tarixli məktubu ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsinə 27.04.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 29.06.1994-cü il tarixdə vergi orqanlarında işə qəbul olunaraq Qəbələ rayonuna işləməyə göndərilmişdir. 25 ilə yaxın müddətdə orada fəaliyyət göstərmiş vergi strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. Vergilər Nazirinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli əmri ilə vergilər nazirliyinin 58 işçisinin, o cümlədən iddiaçının nazirliklə bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı hesab edir ki, Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin ona aid hissəsi ədalətsiz, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinin və eləcə də Vergilər Nazirliyi ilə arasında bağlanmış 04.07.2018-ci tarixli əmək müqaviləsinin 8-ci bəndinin tələblərinə zidd bir əmrdir və əmrin ona aid hissəsi ləğv edilməlidir. İddiaçı 04.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və “Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli əmrinin və 19.09.2019-cu il tarixli əmrinin ona aid hissəsinin ləğv edilməsi, 14.02.2019-cu il tarixdən işə bərpa olunmağı və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 02.06.2020-ci il tarixli, **********987400 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə bağlı bildirilir ki, o, 29 iyun 2000-ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə 10 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Məlum olduğu kimi, son vaxtlar vergi orqanlarında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir çox islahatlar aparılır ki, məhz qeyd olunan islahatların davamı olaraq vergilər nazirinin 14.02.2019-ci il tarixli **********172700 nömrəli əmri ilə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi məqsədilə ləğv edilmiş Vergilər Nazirliyinin bütün struktur bölmələrinin, o cümlədən Ərazi Vergilər İdarələrinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü yeni qaydada təsdiq edilmişdir. Eyni zamanda, məhz bu səbəbdən vergilər nazirinin eyni tarixli **********084600 nömrəli əmri ilə 58 nəfər vergi əməkdaşı, o cümlədən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə ləğv edilmiş Vergilər Nazirliyinin sərəncamına götürülmüşlər. Ləğv edilmiş Vergilər Nazirliyinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” müvafiq əmri ilə İddiaçı nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay müddətinə uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 2019-cu il tarixli əmrlə dəyişiklik edilərək 13.09.2019-cu il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Sadalanan normaların tələblərindən göründüyü kimi təşkilati-ştat tədbirlərinin keçirilməsi, yəni işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün əsasdır o halda ki, həmin vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olsun və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etmiş olsun. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Qeyd olunanlardan aydın olur ki, 10 saylı Ərazi Vergilər İdarəsində işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı aparılmış təşkilati-ştat tədbirlərinin nəticəsi olaraq İddiaçı vergi orqanlarında başqa vəzifəyə keçirilməsi mümkün olmadığı üçün nazirliyin müvafiq əmri ilə o, 14.02.2019-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə nazirliyin sərəncamına götürülmüş, həmin müddət bitdikdən sonra sərəncamda qalma müddəti 3 ay müddətinə uzadılmış və sonda 13 sentyabr 2019-cu il tarixdən sərəncamdan çıxarılmış hesab edilmişdir. Başqa sözlə desək, cavabdeh orqan təşkilati-ştat tədbirlərinin aparılması ilə bağlı İddiaçı başqa vəzifəyə keçirilməsi mümkün olmadığından ilkin olaraq onu tutduğu vəzifədən azad edərək sərəncama götürsə də, daha sonra digər əməkdaşlarla yanaşı İddiaçı vergi orqanlarında mövcud olan vəzifələrə uyğun olmadığı qənaətinə gələrək onu nazirliyin sərəncamından çıxarmışdır. Göründüyü kimi işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı cavabdeh ləğv edilmiş Vergilər Nazirliyi ona verilmiş səlahiyyətlərdən istifadə edərək İddiaçı başqa vəzifəyə keçirmək mümkün olmadığından tutduğu vəzifədən azad etməklə sərəncama götürməsi və bir ildən çox müddətdə sərəncamda saxlanılma imkanı olmadığı üçün sərəncamdan çıxarması qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. İddia ərizəsində cavabdeh orqan tərəfindən digər vəzifəyə keçirilməsi mümkün olduğu, ona digər vəzifə təklif olunmadığı və onun təklif olunan vəzifədən imtina etmədiyi halda əmrdə istinad olunan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75ci maddəsinin 3-cü hissəsinin, 04.07.2018-ci il tarixli əmək müqaviləsinin və Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin kobud surətdə pozulması göstərilmişdir. Bununla bağlı bildirilir ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Məhz qeyd olunan normanın tələblərindən göründüyü kimi, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmiş vəzifəli şəxslərin sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri əmək qanunvericiliyində ümumiyyətlə tənzimlənmədiyindən bu hallarda yalnız dövlət vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə istinad edilməlidir. Qeyd olunan Əsasnamənin tələblərinə əsasən vergi orqanlarının vəzifəli şəxslərin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktla təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxslərinin sərəncama götürülməsi, müəyyən edilmiş müddətdə sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri ilə bağlı ləğv edilmiş Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verilmişdir. Başqa sözlə desək, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərinin tutduğu vəzifədən azad edilərək sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması birbaşa ləğv edilmiş Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş və nə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə, nə də ki əmək qanunvericiliyində bununla bağlı heç bir qadağa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən cavabdeh orqan hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Cavabdeh orqanın etiraz məktubu iddiaçıya ünvanlanmış və iddiaçı 20.09.2020-ci il tarixli məktubunda etiraz məktubunda qeyd olunanlara münasibətini bildirmişdir. Məktubda qeyd edilir ki, cavabdeh məhkəmə sərəncamını əslində icra etməmiş və sərəncamda cavabdehdən tələb olunan 14.02.2020-ci il tarixli **********084600 nömrəli qərarın qəbul olunmasına əsas olmuş araşdırma materiallarını məhkəməyə təqdim etmək əvəzinə iddia tələbinə qarşı hələ 2019-cu ilin əvvəlində artıq məhkəməyə təqdim olunmuş etiraza bəzi əlavələr edib göndərməklə məhkəmə sərəncamının icrasından yan keçmişdir. İş üzrə cavabdehin məhkəməyə təqdim etdiyi hər iki etirazda vergi orqanlarında 29.06.1994-cü il tarixdən işlədiyi halda 29.06.2000-ci ildən işlədiyi qeyd olunmuşdur. Hazırkı iddia ərizəsinə qarşı cavabdehin ilkin və sonrakı etirazlarında bir çox anlaşılmayan ifadələr cavabdehin bu qərarın verilməsində əsassız olmasından və bu qərarın Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə zidd olmasından xəbər verir. Cavabdehlə iddiaçı arasında bağlanmış 04.07.2018-ci il tarixli əmək müqaviləsinə 14.02.2019-cu il tarixdə öz təşəbbüsü ilə birtərəfli qaydada Əmək Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin və bağlanmış həmin əmək müqaviləsinin tələblərinə zidd bir əmrlə xitam vermişdir. Bu ziddiyyətlərdən ən birincisi əmək müqaviləsinə cavabdeh tərəfindən iddiaçının məzuniyyətdə olduğu müddətdə xitam verilməsi də öz əksini tapmışdır. Cavabdehin eyni müəllifli birinci etirazının 3-cü səhifəsinə nəzər saldıqda səhifənin 1-ci abzasında “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 76-cı maddəsində vəzifəli şəxsin məzuniyyətdə olduğu vaxt ərzində onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin yolverilməzliyi və iddiaçının xidmətinə xitam verilmədiyi qeyd olunur. Lakin buna cavabdeh tərəfindən yol verilmiş və bundan sonrakı iddiaçıya aid əmrləri ilə də iddiaçını xəbərdar etməmişdir. Cavabdehin yalnız məhkəməyə təqdim etdiyi rəsmi etirazından iddiaçıya məlum olmuşdur ki, 14.02.2020-ci il tarixli **********084600 nömrəli əmrdən sonra yenidən 3 ay müddətinə sərəncamda saxlanılma və sonradan, yəni 19.09.2019-cu il tarixli əmrlə dəyişiklik edilərək 13.09.2019-cü il tarixdə sərəncamdan çıxarılmış hesab edilmiş və cavabdehin yazdığı etirazdan belə məlum olur ki, həmin əmrlə bir həftə geri tarixlə əmək müqaviləsinə də təkrarən xitam verilmişdir. Bu günədək cavabdehin 14.02.2020-ci il tarixli **********084600 əmrindən başqa heç bir əmri ilə tanış edilməmiş və iddiaçı ilə heç bir əlaqə saxlanılmamışdır. İddiaçı hesab edir ki, bu da cavabdeh tərəfindən əmək müqaviləsinin kobud şəkildə pozulmasına əlavə bir sübutdur. Həmin etirazın eyni səhifəsinin (yəni 3-cü səhifəsinin ) 4-cü abzasında iddiaçının sərəncamda olduğu müddətdə hətta ona əmək haqqının da ödənildiyi qeyd olunur. Azərbaycan Beynəlxalq Bankından 19.08.2020-ci il tarixdə verilmiş və 20.08.2020ci il tarixdə məhkəməyə təqdim olunan hesabdan çıxarışdan da aydın görünür ki, sərəncama çıxarılan müddətdən heç bir ödəniş edilməmişdir. Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin iddiaçıya aid hissəsi və onunla bağlı Vergilər Nazirliyi tərəfindən sonradan verilmiş əmək müqaviləsinə xitam verilmə barədə əmrlər ədalətsiz, əsassız və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinin və eləcə də Vergilər Nazirliyi ilə aralarında bağlanmış 04.07.2018-ci tarixli əmək müqaviləsinin 8-ci bəndinin tələblərinə zidddir, ləğv edilməlidir: Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmr iddiaçının 08.02.2019-cu il tarixli **********030200 nömrəli əmrlə 11.02.2019-cu il tarixdən 18.02.2019-cu il tarixədək əmək məzuniyyətində olduğu müddətdə verilmiş və bununla əlaqədar əvvəlcədən ona heç bir xəbərdarlıq edilməmişdir. Qeyd olunan əmrdə əmək müqaviləsinə xitam verilməsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsi və 75-ci maddəsinin 3-cü hissəsi ilə əsaslandırılsa da, bu həqiqətə uyğun bir səbəb deyildir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə əmək müqaviləsinə xitam verilə bilər. Həmin əmrin məzmunundan güman etmək olar ki, iddiaçının işlədiyi Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində onun ixtisasına uyğun iş olmamış və iddiaçıya təklif olunan vəzifədən o özü imtina etmişdir. Bunlar həqiqət deyildir və hər hansı bir sübutla təsdiq edilə bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vergilər Nazirliyinə əlavə ştatların verildiyi və Vergilər Nazirliyinin işə qəbulla əlaqədar elanlar verdiyi bir vaxtda və işləmiş olduğu vergi strukturunda 4 hüquqşünas ştatının olduğu və onlardan 3-nün boş qaldığı və ya qeyri-ixtisas mütəxəssislərinin həmin vəzifələrə təyin olunduğu halda RF-da ali təhsil almış, uzun illər RF-da hüquq mühafizə orqanlarında və sonradan Azərbaycanda vergi orqanlarında 25 illik iş təcrübəsi olan peşəkar hüquqşünasın (14.01.2005-ci ildən 10 saylı ƏVİ-nin bas hüquqşünası. 13.12.2010-cu ildən 29.07.2016-cı ilədək həmin İdarənin hüquq şöbənin rəisi vəzifəsində işləmişdir) vergi orqanlarından kənarlaşdırlması başqa, həm də qərəzli səbəblərdən xəbər verir. Göründüyü kimi iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi mümkün olduğu və digər vəzifənin ona təkif olunmadığı və ondan imtina etmədiyi halda qeyd olunan əmrdə istinad olunan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməmin 75-ci maddəsinin 3-cü hissəsinin tələbləri də 04.07.2018-ci il tarixli əmək müqaviləsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri kimi cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçının 20.09.2020-ci il tarixli məktubu münasibət bildirilməsi üçün cavabdeh orqana ünvanlanmış və cavabdeh orqan bununla bağlı 07.12.2020-ci il tarixdə etiraz məktubunu məhkəməyə ünvanlamışdır. Məktubda qeyd edilmişdir ki, iddiaçı 29 iyun 2000ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə 10 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Vergilər nazirinin 14.02.2019-ci il tarixli **********172700 nömrəli əmri ilə vergi orqanlarında aparılan təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Vergilər Nazirliyinin bütün struktur bölmələrinin, o cümlədən Ərazi Vergilər İdarələrinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü yeni qaydada təsdiq edilmişdir. Bununla eyni zamanda vergilər nazirinin 14.02.2019 **********084600 nömrəli əmri ilə 58 nəfər vergi əməkdaşı, o cümlədən iddiaçı M. Tahirov ilə bağlanmış əmək müqaviləsinə Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə ləğv edilmiş Vergilər Nazirliyinin sərəncamına götürülmüşlər. Sərəncama götürüldükdən dərhal sonra iddiaçı ilə son-haqq hesab aparılmışdır. Bununla bağlı təsdiqedici sənədlər iş materiallarına əlavə edilmişdir. Vergilər Nazirliyinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” 05.09.2019-cu il tarixli əmi ilə müvafiq əmri ilə iddiaçı M. Tahirovun nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay müddətinə uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 19.09.2019-ci il tarixli əmrlə dəyişiklik edilərək 13.09.2019-cu il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin əğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Sadalanan normaların tələblərindən göründüyü kimi, təşkilati-ştat tədbirlərinin keçirilməsi, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün əsasdır o halda ki, həmin vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olsun və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etmiş olsun. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi oqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti oqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Qeyd olunanlardan aydın olur ki, 10 saylı Ərazi Vergilər İdarəsində işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı aparılmış təşkilati-ştat tədbirlərinin nəticəsi olaraq İddiaçı vergi orqanlarında başqa vəzifəyə keçirilməsi mümkün olmadığı üçün nazirliyin müvafiq əmri ilə o, 14.02.2019-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə nazirliyin sərəncamına götürülmüş, həmin müddət bitdikdən sonra sərəncamda qalma müddəti 3 ay müddətinə uzadılmış və sonda 13 sentyabr 2019-cu il tarixdən sərəncamdan çıxarılmış hesab edilmişdir. Bununla bağlı bildirilir ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Məhz qeyd olunan normanın tələblərindən göründüyü kimi, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmiş vəzifəli şəxslərin sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri əmək qanunvericiliyində ümumiyyətlə tənzimlənmədiyindən bu hallarda yalnız dövlət vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə istinad edilməlidir. Qeyd olunan Əsasnamənin tələblərinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktla təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxslərinin sərəncama götürülməsi, müəyyən edilmiş müddətdə sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri ilə bağlı ləğv edilmiş Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verilmişdir. Bunlardan əlavə bildirilir ki, iddiaçı 17.07.2018-ci il tarixli əmrlə işə bərpa olunarkən əmək kitabçasını təkrarən işəgötürənə təqdim etməmiş (özündə saxlamışdır), sərəncama götürüləndə isə təhvil-təslim işlərində iştirak etməmişdir. Bununla belə o, sərəncama götürüldükdən dərhal sonra, yəni 2019-cu ilin mart ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə işinin gedişatında barəsində qəbul edilmiş digər yəni, sərəncam müddətinin uzadılması və sərəncamdan çıxarılma barədə əmrlər barədə məlumatlandırılmışdır. Eyni zamanda, qeyd olunan əmrlərin heç biri iddiaçıdan gizli saxlanılmamış və iddiaçının istənilən zaman müraciət etdiyi halda əmrlərin sürətinin ona təqdim edilməsi mümkün olmuşdur. Göstərilənlərə əsasən hesab edilir ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin “Vergilər Nazirliyinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli əmrinin və 19.09.2019-cu il tarixli əmrinin ona aid hissəsinin ləğv edilməsi, 14.02.2019-cu il tarixdən işə bərpa olunması” hissəsində qanunamüvafiq qərar qəbul edilməsini, iddia tələbinin “məcburi iş buraxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi” hissəsində isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2-1(81)-528/2018 nömrəli qərarından görünür ki, həmin iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “Vergilər Nazirliyinin 31.10.2017-ci il tarixli, **********159400 saylı əmrinin ləğv edilməsi, 29.07.2016-cı il tarixli müqavilə yenidən bağlanmış hesab edilərək, işə yenidən bərpa olunması”na dair iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər nazirinin “işdən azad edilmə haqqında” **********159400 nömrəli, 31.10.2017-ci il tarixli əmri ləğv edilmiş, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan “apellyasiya şikayətinin perpektivsizliyi barədə” 02.05.2018ci il tarixli xidməti məruzədən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2-1(81)-528/2018 nömrəli qərarında əks olunmuş əsasları təkzib edəcək dəlillər mövcud olmadığı, eləcə də perpektivsiz hesab olunan məhkəmə işi üzrə apellyasiya şikayətinin verilməsi vergi orqanı əməkdaşlarının vaxt və maliyyə itkisinə gətirib çıxaracağı üçün qərardan apellyasiya şikayətinin verilməməsinə razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan “X.Xasməmmədov adına Hüquq kadrlarını təkmilləşdirmə institutu”nun vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.06.1999- 26.06.1999-cu il tarixlərində “Vergi qanunvericiliyi” üzrə ixtisasını artırmışdır. İş materiallarında olan 000228 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin ixtisasartırma kursunda 2004-cü ilin sentyabr ayının 16-dan 30-dək iştirak etmişdir. İş materiallarında olan 000522 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin ixtisasartırma kursunda 2013-cü ilin sentyabr ayının 2-dən 18-dək iştirak etmişdir. İş materiallarında olan “işə bərpa olunma barədə” 17.07.2018-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-528/2018 nömrəli, 02.03.2018-ci il tarixli qərarı, iddiaçının ərizəsi və onunla bağlanmış əmək müqaviləsinə əsasən Vergilər nazirinin “işdən azad edilmə haqqında” 31.10.2017-ci il tarixli **********159400 nömrəli əmri ləğv edilmiş, iddiaçı Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan 08.02.2019-cu il tarixli “məzuniyyət haqqında” sənədin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı onun 08.02.2019-cu il tarixli ərizəsinə əsasən 11.02.2019-cu il tarixdən 17.07.2018-17.07.2019-cu iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 5 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 14.02.2019-cu il tarixli sənədin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İş materiallarında olan 028974 nömrəli “Diplom”un təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Udmurt Dövlət Universitetində hüquqşünas ixtisası üzrə 1987-1993-cü illərdə təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası VXO Əməkdaşının Xidmət Siyahısının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.12.1981-21.04.1989-cu illərdə RF-da X3 xidmət etmiş, 21.06.1994-cü il tarixdən isə Qəbələ rayonunun X1 Hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində xidmətə başlamışdır. 14.02.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 14.02.2019- 17.05.2019-cu il tarixinədək Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının sərəncamda saxlanılma müddəti 17.05.2019-cu il tarixli əmrlə 17.05.2019-05.09.2019-cu il tarixinədək uzadılmışdır. Sonradan yenidən iddiaçının sərəncamda saxlanılma müddəti 05.09.2019-cu il tarixli əmrlə 05.09.2019-13.09.2019-cu il tarixinədək uzadılmışdır. İddiaçı 19.09.2019-cu il tarixli əmrlə 13.09.2019-cu il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 16.06.2021-ci il tarixli, **********092400 nömrəli məktubunda qeyd edilir ki, vergi orqanlarında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların davamı olaraq Vergilər nazirinin 14.02.2019-cu il tarixli **********172700 nömrəli əmri ilə təşkilatiştat tədbirlərinin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinin bütün struktur bölmələrinin, o cümlədən Ərazi Vergilər İdarələrinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü yeni qaydada təsdiq edilmişdir. Məhz bu səbəbdən vergilər nazirinin eyni tarixli **********084600 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə ləğv edilmiş Vergilər Nazirliyinin sərəncamına götürülmüşlər. Vergilər Nazirliyinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” müvafiq əmri ilə İddiaçı nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 19.09.2019-ci il tarixli əmrlə dəyişiklik edilərək o, 13.09.2019-cu il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmrləri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmrləri mübahisələndirmişdir. Həmçinin iddiaçı mübahisəli 14.02.2019-cu il tarixli əmrin ləğvi ilə bağlı iddia ərizəsini 13.03.2019-cu il tarixində poçta vermiş, 19.09.2019-cu il tarixli əmri isə onun mövcudluğundan məhkəmə baxışı zamanı xəbər tutduğu zaman mübahisələndirmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmrləri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. İddiçının tələbinin hüquqi əsasını 2 hal təşkil edir. Birincisi onun məzuniyyətdə olduğu vaxt işdən azad edilməsi, ikincisi onun Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunsuz xitam verilməsi. İş materiallarında olan 08.02.2019-cu il tarixli “məzuniyyət haqqında” sənədin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 08.02.2019-cu il tarixli ərizəsinə əsasən 11.02.2019cu il tarixdən 17.07.2018-17.07.2019-cu iş ilinə görə istifadə etmədiyi məzuniyyət günləri hesabına 5 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 14.02.2019-cu il tarixli sənədin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının məzuniyyətdə olduğu vaxt əmək müqaviləsinə xitam verilərək, tutduğu vəzifədən azad edilməsi iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 16.06.2021-ci il tarixli, **********092400 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. İddiaçının digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir tutarlı sübut və dəlil təqdim olunmamış və iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Bu iki halın mövcudluğu mübahisəli 14.02.2019-cu il tarixli əmrin iddiaçıya mübasibətdə ləğv edilməsi üçün kifayətdir. 14.02.2019-cu il tarixli əmr iddiaçıya münasibətdə qanunsuz olduğu üçün ondan sonra iddiaçıya münasibətdə qəbul edilmiş əmr, hazırki halda 19.09.2019-cu il tarixli əmr də qanunsuzdur və nəticə etibarı ilə ləğv edilməlidir. Bundan başqa Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 76-cı bəndinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Əsasnamənin 79-cu bəndinə əsasən Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. Əsasnamənin 80-cı bəndinə əsasən Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Əsasnamənin 81-ci bəndinə əsasən Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli əmrlərin qanuni və əsaslı olmaması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli və 19.09.2019-cu il tarixli əmrləri İddiaçı aid hissəsi ləğv edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə İddiaçı 14.02.2019-cu il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14.02.2019-cu il tarixli **********084600 nömrəli və 19.09.2019-cu il tarixli əmrləri İddiaçı aid hissədə ləğv edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə İddiaçı 14.02.2019-cu il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-98/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-98/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver