Məhkəmə qərarları › İş №2-1(116)-98/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-98/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-98/2023 03.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs X6 və üçüncü şəxs X4 nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin 21 noyabr 1990-cı il tarixli, d-22 nömrəli qərarı ilə rayonun həmin vaxt ünvan 1 ünvanında mülkiyyətinə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətinə qeydə alınmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin 21 noyabr 1990-cı il tarixli, d-22 nömrəli qərarı ilə rayonun həmin vaxt ünvan 1 ünvanında iddiaçının mülkiyyətinə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətinə qeydə alınmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, hazırkı Qəbələ rayonu, Qəbələ şəhəri, 1990-cı ildə isə Qutqaşen adlanan rayonun ərazisində həyətyanı torpaq sahəsi ayrılması barədə Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin İclasının Protokolundan Çıxarışa əsasən Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin 21 noyabr 1990-cı il tarixli d-22 saylı Qərarı ilə rayonun həmin vaxt ünvan 2 ünvanında fərdi yaşayış evi tikməkdən ötrü növbədənkənar torpaq sahəsi almaq hüququ ilə hərbi qulluqçu ailəsinin üzvü kimi iddiaçıya 0,06 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin 21 noyabr 1990-cı il tarixli d-22 saylı Qərarı əsasında şəhərin Baş planına əsasən “həyətyanı torpaq sahəsi ayrılması barədə” 04 mart 1991-ci il tarixli Aktla Qutqaşen rayonu, ünvan 3 ünvanında yerləşən, ölçüləri 30x20 metr, sahəsi 600 kv.m olan Qutqaşen rayonunun torpaq fondundan 0,06 ha həyatyanı torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Həmin ərazinin üzərində şəxsi mülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evi tikintisinə torpaq sahəsi verilməsi haqqında nümunəvi müqavilə və iddiaçı tərəfindən inşa edilməsi nəzərdə tutulan 1 (bir) mərtəbəli 3 (üç) otaqlı evin ərazidə yerləşmə sxemi Qutqaşen rayonun baş memarı Zaməddin Əlimirzəyevin imzası və möhürü ilə təsdiq edilərək akta əlavə edilmişdir. Bundan sonra iddiaçı tərəfindən mülkiyyətinə ayrılmış həmin torpaq sahəsinə xeyli miqdarda vəsait sərf edilərək qeyd olunan dövr üçün müvafiq hesab edilən taxta hasar çəkilmiş və ərazidə inşa edilməsinə rəsmi icazə aldığı fərdi yaşayış evinin bünövrəsi inşa etdirilmişdir. Lakin şəxsi həyatında və maddi vəziyyətində müəyyən çətinliklər yarandığından, o cümlədən keçmiş hərbi qulluqçu olan əri Malik Həsənovun uzun sürən ağır xəstəliyi və vəfatı ilə bağlı uzun illər mülkiyyətinə ayrılmış torpaq sahəsinə nəzarət edə bilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********36 nömrəli imtina məktubunda qeyd etmişdir ki, üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi torpaq sahəsi hal-hazırda başqa vətəndaş tərəfindən hasara alınaraq bağlandığı üçün ərazidə çöl-ölçmə işləri aparılması mümkün olmamış, lakin Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron DWJ baza məlumatlarından və arxiv materiallarından istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, iddia etdiyi torpaq sahəsi Qəbələ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı əsasında başqa bir vətəndaşa, X1 və bu torpaq sahəsi üzərində X11 ilə üçüncü şəxs arasında da mübahisə olduğundan X2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Dövlət qeydiyyatına alınması məqsədilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-15/2017 qərarı əsasında xx.xx.2018-ci il tarixdə **********95 reyestr nömrəli çıxarışla X5 mülkiyyət hüquqları Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi Məhkəmə qətnaməsi əsasında xx.xx.2018-ci il tarixdə başqa bir vətəndaşın adına Dövlət reyestrində qeydiyyata alındığından həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********12 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin bir hissəsi baza məlumatlarına əsasən **********27 nömrəli çıxarış ilə X4, digər hissəsi isə **********68 nömrəli çıxarış ilə X3 mülkiyyətinə verilmiş ərazidir. Qeyd olunan səbəbə görə Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-98/2023 nömrəli qərardadı ilə X10 və X8 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi X11 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd olunmuşdur ki, işin araşdırılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində yerləşən iddia edilən torpaq sahəsinə baxış keçirmək üçün ərazidə olmuşlar. İddiaçı tərəfindən iddia edilən torpaq sahəsi digər vətəndaşların istifadəsində kənarları bağlı yer olduğuna görə daxil olaraq ölçü işləri aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin bir hissəsi baza məlumatlarına əsasən **********27 nömrəli çıxarış ilə X4, digər hissəsi isə **********68 nömrəli çıxarış ilə X3 mülkiyyətinə verilmiş ərazidir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi digər vətəndaşların istifadəsində kənarları bağlı yer olduğuna görə daxil olaraq ölçü işləri aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin bir hissəsi baza məlumatlarına əsasən **********27 nömrəli çıxarış ilə X4, digər hissəsi isə **********68 nömrəli çıxarış ilə X3 mülkiyyətinə verilmiş ərazidir. Odur ki, iddiaçı ilk növbədə X4 adına tərtib olunmuş **********27 və X3 adına tərtib olunmuş **********68 reyestr nömrəli çıxarışları mübahisələndirməli, daha sonra 600 kv.m həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, artıq mübahisəli torpaq sahəsinin bir hissəsi üzərində X4, digər hissəsi üzərində isə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından onların adına verilmiş çıxarışlar ləğv edilmədən həmin torpaq sahəsi üzərində iddiaçının adına yenidən qeydiyyatın aparılması yolverilməzdir. Qeyd olunanlarla bağlı məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə X4 adına tərtib olunmuş **********27 və X3 adına tərtib olunmuş **********68 reyestr nömrəli çıxarışları mübahisələndirməli, daha sonra isə 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qutqaşen rayon XDS İcraiyyə Komitəsinin 21 noyabr 1990-cı il tarixli, d-22 nömrəli qərarı ilə rayonun həmin vaxt ünvan 1 ünvanında mülkiyyətinə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətinə qeydə alınmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar