Məhkəmə qərarları › İş №2-1(116)-980/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-980/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-980/2022 14.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ümumi iş stajının, o cümlədən 1993-cü ildən 2019-cu ilə kimi çöl işləri ilə bağlı olaraq ezamiyyətdə işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2021-ci ilin mart ayının 25-dən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi iş stajını, o cümlədən 1993-cü ildən 2019-cu ilə kimi çöl işləri ilə bağlı olaraq ezamiyyətdə işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1978-ci il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, 40 ilə yaxındır ki, iddiaçı rəsmi olaraq müxtəlif idarələrdə işləmişdir. Əmək fəaliyyətinin müəyyən dövrlərində isə çöl işləri ilə bağlı olaraq iddiaçı ezamiyyətdə işləmişdir. Belə ki, iddiaçı 1992-ci ildə ləğv edilmiş Dövlət Yerqruluşu Layihə İnstitutunda və "xxxx" MMC də işlədiyi dövrdə çöl işləri ilə bağlı ezamiyyətdə işləmişdir. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “ümumi iş stajının, o cümlədən 1993-cü ildən 2019-cu ilə kimi çöl işləri ilə bağlı olaraq ezamiyyətdə işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2021-ci ilin mart ayının 25dən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya güzəştli şərlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 3 şərtə cavab verməsi tələb olunur. İddiaçı isə güzəştli iş stajı və sığorta kapitalı ilə bağlı şərtlərə cavab vermir. Bundan əlavə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı isə belə bir arayış təqdim etməmişdir. Eyni zamanda, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 46.560 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39.653,26 manat təşkil edir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli **********34 nömrəli məktubuna əlavə olunmuş iddiaçının MMC-də işlədiyi dövrdə çöl işləri ilə bağlı ezamiyyətləri barədə arayışda qeyd olunur ki, iddiaçı: xx.xx.1993-xx.xx.1993-cü il tarixlərində 70 gün, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində 200 gün, xx.xx.2001-xx.xx.2001-ci il tarixlərində 220 gün, xx.xx.2002-xx.xx.2002-ci il tarixlərində 215 gün, xx.xx.2003-xx.xx.2003-cü il tarixlərində 90 gün, xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində 200 gün, xx.xx.2005-xx.xx.2005-ci il tarixlərində 220 gün, xx.xx.2006-xx.xx.2006-cı il tarixlərində 115 gün, xx.xx.2007-xx.xx.2007-ci il tarixlərində 215 gün, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərində 130 gün, xx.xx.2009-xx.xx.2009-cu il tarixlərində 186 gün, xx.xx.2010-xx.xx.2010-cu il tarixlərində 140 gün, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 92 gün, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 120 gün, xx.xx.2013-xx.xx.2013-cü il tarixlərində 100 gün, xx.xx.2014-xx.xx.2014-cü il tarixlərində 30 gün, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərində 20 gün, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərində 15 gün, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində 70 gün, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 113 gün, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində 220 gün, cəmi 2781 gün (7 il 7 ay 16 gün) ezamiyyətdə olmuşdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. Siyahıda iddiaçının tutduğu və ezamiyyətdə olduğunu iddia etdiyi çöl ölçmə işləri ilə bağlı vəzifələr öz əksini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Sadalanan qanunvericilik normalarının mübahisəyə tətbiqi göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşələrdə işləməli, Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 sy, ümumi iş stajı minimum 25 il olmalıdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı xx.xx.2021-ci il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 60 yaş həddinə çatmışdır. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına imkan verən iş stajına malik olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan arxiv arayışları və iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas verən iş stajı şərtlərini ödəmir. Məhkəmə qeyd olunan normativ hüquqi aktların tələblərinə qarşılıqlı şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ümumi iş stajının, o cümlədən 1993-cü ildən 2019-cu ilə kimi çöl işləri ilə bağlı olaraq ezamiyyətdə işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2021-ci ilin mart ayının 25-dən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar