Məhkəmə qərarları › İş №2-1(116)-981/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-981/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-981/2023 22.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu müddətdən, yəni xx.xx.1957-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1957-ci ildə Tovuz rayonunun Pərizamanlı kəndində anadan olmuşdur. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 65 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Mingəçevir avtobazasında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti zamanı 1992-ci ilin aprel, noyabr, dekabr aylarında, 1993-cü ilin yanvar, fevral, may, iyun, sentyabr-dekabr aylarında, 1994-cü ilin yanvar-mart, iyul, avqust aylarında, 1995-ci ilin yanvar, mart-dekabr aylarında, 1996-cı il tarixində isə yanvar-aprel aylarında adına əmək haqqı hesablanmayıb. Eyni zamanda Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3311/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-25742/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 15 il 10 ay sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasındakı, xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək “Qazaxsutikinti” trestindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş və Fondun 3 saylı Mərkəzi Aran regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı və Fondun 2 saylı Qazax-Tovuz regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktların nəticəsinə əsasən Mingəçevir avtobazasında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan onun əmək fəaliyyəti zamanı 1992-ci ilin aprel, noyabr, dekabr aylarında, 1993-cü ilin yanvar, fevral, may, iyun, sentyabr-dekabr aylarında, 1994-cü ilin yanvar-mart, iyul, avqust aylarında, 1995-ci ilin yanvar, mart-dekabr aylarında, 1996-cı il tarixində isə yanvar-aprel aylarında adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda, Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən iddiaçının əməkhaqqı alıb-almadığı müəyyən etmək mümkün olmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Arxiv sənədlərinə əsasən, Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının əməkhaqqı cədvəlləri və əmrlər kitabı olmadığından inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Eyni zamanda, iddiaçının Mingəçevir avtobazasındakı əmək fəaliyyətinə münasibətdə isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız əməkhaqqı aldığı dövrlər onun stajına daxil edilmişdir. Beləliklə, iddiaçının Mingəçevir avtobazasındakı və Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasınındakı əmək fəaliyyətində mübahisələndirilən stajı cəmi 11 il 6 gün olmaqla, aşağıdakı kimidir: xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı almadığı dövrlər - 2 il 7 ay; xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək - 8 il 5 ay 6 gün. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 15 il 10 ay sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.1981-ci il tarixdən xx.xx.1996cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranmışdır. 3246848 nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 18 gün) hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1974-cü ildə doldurulmuş əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 102 nömrəli tikinti idarəsi (1 il 1 ay 10 gün); xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək “İnqur ÇBK” (2 ay 21 gün); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “İnqur ÇBK” (3 ay); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “PMK-134” (1 ay 4 gün); xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək “İnqurbumkombinat” (10 ay 12 gün); xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək “İnqurbumkombinat” (06 ay 11 gün); xx.xx.1981-ci ildən xx.xx.1996-cı ilədək Mingəçevir avtobazası (14 il 5 ay 3 gün); xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək “Qazaxsutikinti” tresti” Şəmkir avtobazası (8 il 5 ay 5 gün). X2 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-8F/2-xx-xx/2023 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Mingəçevir avtobazasının arxiv sənədləri filiala mühafizə edilmək üçün verilməmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-25636/2023 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.1996-xx.xx.2004-cü illərdə işləməsi faktı qarşılıqlı yoxlanılmış, müəyyən olunmuşdur ki, “Qazaxsutikinti” trestinin Şəmkir avtobazasının əmr və əməkhaqqı kitabları X3 filialında saxlanılmır. xx.xx.2022-ci il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.1981-xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasının yük parkında işləməsi faktı "xxxx" ASC-də saxlanılan əmr kitablarına və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış, müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Mingəçevir avtobazasına sürücü qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əməkhaqqı arayışında göstərilən əməkhaqqı məbləğləri əməkhaqqı cədvəllərindəki əməkhaqqı məbləğləri ilə təsdiqlənir. "xxxx" ASC-nin Qazax Tikinti-Quraşdırma İdarəsinin 03 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixli 03K nömrəli əmrlə Şəmkir avtobölməsinə sürücü təyin edilmiş və xx.xx.2004-cü il tarixdə 19k nömrəli əmrlə işdən azad edilmişdir. Qeyd: Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə Azərsutikinti ATSC-nin yaradılması ilə əlaqədar Qazaxsutikinti trestinin Qazax Avtonəqliyyat filialı "xxxx" X1 filialı adlandırılmışdır. "xxxx" Törəmə Müəssisəsi ƏMDK-nın xx.xx.2011-ci il tarixli 405 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qazax Avtonəqliyyat filialı isə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı adlandırılmışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının 01 saylı qərarı ilə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı Qazax Tikinti-Quraşdırma İdarəsi adlanır. Elektron Məhkəmə İnformasiya Sistemi və DVX Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə axtarış sistemi üzərindən "xxxx" ASC-nin Qazax Tikinti-Quraşdırma İdarəsinin vergi ödəyicisi məlumatları əldə edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranması istisna edilməmiş, həmin tarixdən iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (1 il 11 ay 18 gün) + 102 nömrəli tikinti idarəsində (1 il 1 ay 10 gün) + “İnqur ÇBK”da (2 ay 21 gün + 3 ay) + “PMK-134”də (1 ay 4 gün) + “İnqurbumkombinat”da (10 ay 12 gün + 06 ay 11 gün) + Mingəçevir avtobazasında (14 il 5 ay 3 gün) + “Qazaxsutikinti” tresti” Şəmkir avtobazasında (8 il 5 ay 5 gün) işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə 27 il 10 ay 24 gün iş stajı vardır. Cavabdeh tərəfindən iddiaçının əmək haqqı almadığı dövrlər, həmçinin xx.xx.1996xx.xx.2004-cü illərdə işləməsi faktı mübahisələndirilmiş, lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1981-xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasının yük parkında işləməsi faktı cavabdeh tərəfindən araşdırılmış, "xxxx" ASCdə saxlanılan əmr kitablarına və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Mingəçevir avtobazasına sürücü qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əməkhaqqı arayışında göstərilən əməkhaqqı məbləğləri əməkhaqqı cədvəllərindəki əməkhaqqı məbləğləri ilə təsdiqlənir. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixli 03K nömrəli əmrlə Şəmkir avtobölməsinə sürücü təyin edilmiş və xx.xx.2004-cü il tarixdə 19k nömrəli əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə Azərsutikinti ATSC-nin yaradılması ilə əlaqədar Qazaxsutikinti trestinin Qazax Avtonəqliyyat filialı "xxxx" X1 filialı adlandırılmışdır. "xxxx" Törəmə Müəssisəsi ƏMDK-nın xx.xx.2011-ci il tarixli 405 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qazax Avtonəqliyyat filialı isə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı adlandırılmışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının 01 saylı qərarı ilə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı Qazax Tikinti-Quraşdırma İdarəsi adlanır. İddiaçının göstərilən iş stajına malik olması hərbi bileti və əmək kitabçasında əks olunan qeydlər əsasında öz təsdiqini tapır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş arayışlara əsasən müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında əks olunan əmək stajı arayışla təsdiq edilən müddətlər nəzərə alındığı halda belə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbini ödəmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar