Məhkəmə qərarları › İş №2-1(116)-982/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-982/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-982/2025 09.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, Zaqatala rayonu Üçüncü Tala kəndində (keçmiş - Dombabinə kəndi) yerləşən 0,20 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılımış qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da torpaq sahəsinin təyinatının TEKUİS məlumat bazasına (texniki səhv aradan qaldırılaraq) uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunması öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş - Dombabinə kəndi) yerləşən 0,20 ha torpaq sahəsinə dair A seriyalı 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, daşınmaz əmlakın dövlət reyestrində aparılımışqeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da torpaq sahəsinin təyinatının “kənd təsərrüfatı təyinatlı” torpaqlar kimi qeyd olunması ilə bağlı səhvin (texniki səhv) aradan qaldırılaraq, həmin torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunması öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili 09 dekabr 2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsini dəqiqləşdirərək “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş - Dombabinə kəndi) yerləşən 0,20 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılımış qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da torpaq sahəsinin təyinatının TEKUİS məlumat bazasına (texniki səhv aradan qaldırılaraq) uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunması öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddia ərizəsinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qeyd olunan torpaq sahəsi İddiaçı mərhum atası X2, iddiaçı və ailə üzvlərinə həyətyanı (təyinatı – yaşayış məntəələrinin torpaqları) torpaq sahəsi kimi verilmişdir. Həmin torpaq sahəsi üzərində mərhum X2, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ 30 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilmişdir. Lakin, qeyd olunan qeydiyyat aparılan zaman da texniki səhv nəticəsində yaşayış məntəqələri təyinatına aid məqsədli istifadə növü həyətyanı olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, 08 avqust 2024-cü il tarixli, 3-21-3-47/2-Q-00xx-xx/2024 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı məzmunda əsaslandırılmışdır : İddia ərizəsi ilə bağlı məlumat veririk ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair çıxarışdakı texniki səhvi aradan qaldıraraq torpaq sahəsinin təyinatının yaşayış məntəqələri torpaqları kimi qeyd olunmasına köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə ilə bağlı bildiririk ki, Zaqatala rayonu, Üçüncü Tala kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilmiş və ləğv olunmuş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə ANS 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verildiyindən daşınmaz əmlakın dövlət reyestrində həmin sənədə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. Belə ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş sənədlərdə düzəliş edilməsi, onların ləğv edilməsi və ya torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir. Buna görə də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-Q-0***-******* (**********07) nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;

2. Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair 30 dekabr 2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”.

3. Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışı;

4. Zaqatala RİHB-nin Zaqatala rayon dövlət arxivinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışları;

5. Zaqatala RİHB-nin Zaqatala rayon dövlət arxivinin xx.xx.2024-cü il tarixli sorğuya cavabı və məktubuna əlavə olunan sənədlər;

6. Cavabdehin xx.xx.2024-cü il tarixli tarixli etirazı və ona əlavə olunan sənədlər;

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı aqrar islahat zamanı ümumi birgə mülkiyyətə verilmiş Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair aparılımış qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Dövlət reyestrindən çıxarış”da torpaq sahəsinin təyinatının TEKUİS məlumat bazasına uyğun olaraq “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmasından ibarətdir. Cavabdeh iddiaya qarşı dəlilini qeyd olunan torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilməsi ilə əsaslandırmışdır. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi aqrar islahat nəticəsində mülkiyyətə verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə və ləğv olunmuş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə AN 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.Həmin sənəddə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı” təyinatlı kimi qeyd edilmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş Torpaq sahəsinin naturada ölçüsü 0.2064 hektardır. İddia olunan 0.20 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli **********04 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur.Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. İddia olunan torpaq sahəsində tikili var və qapalı həyətyanı sahə daxilindədir. Məhkəmə tərəfindən verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki,mülkiyyətdə olan torpaq sahəsində aqrar islahatdan əvvəl fərdi yaşayış evi tikilmişdir,həmin torpaq sahəsi qapalı həyət daxilində olmaqla Zaqatala rayonu Üçüncü Tala kəndində yaşayış sahəsində yerləşir. Təqdim edilən sənədlərə əsasən həmin torpaq sahəsinə qonşu torpaqlara dair aqrar islahat zamanı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmiş,həmin sənədlərdə torpaq sahələrinin təyinatı “həyətyanı” olaraq göstərilmişdir.Həmin sənədlər əsasında X3, X7 və X8 və ailə üzvlərinin adına həyətyanı torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala RİHB-nin Zaqatala rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 ailə başçısı olmaqla 0,20 ha torpaq sahəsində 1982-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitablarda qeydiyyat aparılmışdır. Həmçinin, Zaqatala rayon Üçüncü Tala kəndi keçmiş “Sosializm” kolxozunun qaytanlanmış torpaq kitabının 93-cü səhifəsində X1 adına 0,20 ha həyətyanı torpaq sahəsinə dair qeyd aparılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi aşağıdakı qaydada təsbit edilmişdir.

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi)

1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.

2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə AN 262864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə mövcud uyğunsuzluğa münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından TEKUİS-ə əsasən uyğunsuzluqların aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququna dair verilmiş 30 dekabr 2022-ci il qeydiyyat tarixli Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin kateqoriyasına (məqsədli təyinatına) TEKUİS məlumat bazasına əsasən “yaşayış məntəqələrinin torpaqları” kimi düzəliş edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar