Məhkəmə qərarları › İş №2-1(116)-983/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-983/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-983/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. O, İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayon İvanovka kəndində yerləşən, 1960-cı ildən etibarən ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı İsmayıllı rayon İvanovka kəndi ərazisində dövlət mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən, 1965-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı Rayon İcra Hakimiyyətinin balansında olan mənzildən istifadə hüququ müəyyən olunmuşdur. Həmin qətnamə 24.11.2015-ci ildə qanuni qüvvəyə minmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 08.04.2016-cı ildə ********** nömrəli qeydiyyat aparılaraq İsmayıllı Rayon İcra Hakimiyyətinə məxsus İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilinin İddiaçı istifadə hüququ ilə yüklülüyü qeydiyyata alınmışdır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 14.05.2021-ci il tarixli **********96 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(037)-1003/2015 nömrəli qətnaməsi əsasında iddiaçının həmin mənzildən yalnız istifadə hüququ müəyyən olunmuşdur. Bu səbəbdən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil. Eyni zamanda, iddiaçı Məmmədov X4 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək həmin mənzilin onun adına özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmiş, lakin sonuncu 07.05.2021-ci il tarixli 03/775 nömrəli məktubla bildirmişdir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qəza vəziyyətində olan evlər (mənzillər), ərazinin yenidənqurulması ilə əlaqədar sökülməli evlər, yataqxanalar, qapalı hərbi şəhərciklərin evlərində mənzillər, eləcə də xidməti mənzillər özəlləşdirilmir. Bundan sonra iddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə, həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, İsmayıllı Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin imtina məktubları tamamilə əsassızdır. Sözügedən həmin ərazidə heç bir yenidənqurma işləri aparılmır və bununla əlaqədar sökülmə nəzərdə tutulmamışdır. Bundan başqa, hazırda istifadəsində olan həmin mənzil heç bir təşkilatın xidməti mənzili deyil. Bundan sonra iddiaçı iddiasını dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi göndərərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini, üçüncü şəxs kimi İsmayıllı Rayon İcra Hakimiyyətini göstərmiş, iddia tələbini isə "İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 29.07.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaya qarşı 30.06.2021-ci il və 02.09.2021-ci il tarixli etirazlarında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyinə görə həmin Qanun əsasında mənzilin özəlləşdirilməsi mümkün deyil. Üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti məhkəməyə göndərdiyi 12.08.2021-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçının xidməti istifadəsinə verilmiş binanın qəza vəziyyətində olan evlər, yaxud xidməti və yaşayış mənzili olması barədə İsmayıllı Rayon İcra Hakimiyyətində heç bir sənəd aşkar olunmadı. Odur ki, üçüncü şəxs mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Şifahi məhkəmə baxışının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti isə 08.10.2021-ci il tarixli məktubunda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(037)-1003/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı İsmayıllı rayon İvanovka kəndi ərazisində dövlət mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 1965-ci ildən indiyədək ailə üzvləri ilə birlikdə yaşadığı, dövlət mənzil fonduna aid olmaqla İsmayıllı Rayon İcra Hakimiyyətinin balansında olan mənzildən istifadə hüququ müəyyən olunmuşdur. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(037)-1003/2015 nömrəli qətnaməsinə əsasən, İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilindən müddətsiz istifadə hüququ 08.04.2016cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, 07.04.2016-cı il tarixli texniki pasportdan görünür ki, İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilindən istifadə ilə bağlı İddiaçı adına texniki pasport tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsi sənəd üzrə ölçüsü göstərilməmiş, faktiki sahə 0,12 ha göstərilmiş, mənzilin tikildiyi il kimi isə 1955-ci il qeyd olunmuşdur. - İşdə olan, cavabdehin 30.06.2021-ci il tarixli **********50 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı tərəfindən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim olunmamış, buna görə də müraciətin icrası İdarə tərəfindən mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanununun 1ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (01.10.2009-cu ilədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam mövcud deyil. Belə olan halda, iddiaçının qeyd olunan mənzili "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanun əsasında özəlləşdirmək hüququ yoxdur. Eyni zamanda, məhkəmə işdə olan İsmayıllı Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(037)-1003/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Həmin qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi iddiaçının valideynlərinin yaşadığı mənzilin Ucar taxıl tədarükü məntəqəsinin əmrinə əsasən onların istifadəsinə verildiyi göstərilsə də, belə bir əmrin mövcud olması müəyyən edilmir. Əksinı, həmin qətnamənin özündə istinad olunan İsmayıllı Rayon Dövlət Arxivinin 31.08.2015-ci il tarixli 334 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxı filialının 08.09.2015-ci il tarixli 611 nömrəli arayışlarından görünür ki, İsmayıllı Rayon XDS İK-in 1960-1995-ci illərə və 1995-2006-cı illərə dair sərəncamlarında iddiaçının atası X3 İvanovka kəndindən mənzil verilməsi barədə məlumat yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, sözügedən qətnamə İddiaçı mənzili özəlləşdirmək hüququ vermir. Həmin qətnamə onun mənzildən yalnız istifadə hüququnun olmasını müəyyən etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən mənzilin özəlləşdirilməsinə əsas verə bilən sənədlərdən (mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam) heç biri mövcud deyil. Belə olan halda, cavabdeh mənzilin özəlləşdirilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Eyni hüquqi mövqe analoji inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3692/2019 nömrəli 25.12.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu İvanovka kəndində yerləşən 1 nömrəli binanın 1 nömrəli mənzilinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar