Məhkəmə qərarları › İş №2-1(116)-983/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-983/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-983/2024 16.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “14 ay verilməmiş pensiyanın ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və 14 ay ərzində verilməmiş pensiyanın ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə hər iki ərizə icraata qəbul olunmuşdur. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı xx.xx.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ona ömürlük əlillik təyin edilmişdir. Lakin 2021-ci ilin sentyabr ayında pensiyanın ödənişi dayandırılmışdır. Aparılan müayinələrdən sonra ona 2022-ci ilin dekabr ayından əlillik dərəcəsi verilmiş və pensiyanın ödənişi aparılmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti təmin olunmamış, 14 ay müddətində ona ödənilməmiş pensiya məbləğinin ödənilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14 1.1. vəfat etmiş və yə həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata. ana. ər arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə: 14.1.3 yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Diqqətə çatdırılır ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya atası X1 ölümü ilə əlaqədar xx.xx.1999-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı ii tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 14.1.1.2-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının ödənişi davam etdirilərək əlillik müddətinin xx.xx.2021-cı il tarixdə bitməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Nəzərə çatdırılır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən İddiaçı müddətsiz olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyinin müəyyən olunması ilə əlaqədar pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən 268.62 manat (Qanunun 29 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) məbləğində olmaqla bərpa edilmişdir Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cu maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyalarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyalarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyalarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manata eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 327,22 manata çatdırılmışdır. Diqqətə çatdırılır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Belə ki, əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Bildirilir ki, iddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (01 il 03 ay 08 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin imtina məktubu; Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ xx.xx.2023-cü il tarixli 3-17-4/2-33986/2023 nömrəli məktubu; cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə olunmuş sənədlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti,24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra onun barəsində səhiyyə müəssisəsi tərəfindən verilmiş növbəti göndəriş əsasında ona xx.xx.2022-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlillik müddəti bitdikdən sonra ona növbəti əlillik 1 il 3 ay sonra təyin edilmişdir. Hazırda iddiaçı, faktiki olaraq ona əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın qəbul edilmədiyi dövr üzrə ödəniş tələb edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin dispozisiya şərtləri də, iş üzrə müəyyən edilmir. Odur ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar