Məhkəmə qərarları › İş №2-1(116)-984/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-984/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-984/2022 06.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdehnə qarşı “X11, X7, X8, X9, X4, X10, X3, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X11, X7, X8, X9, X4, X10, X3, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq bildirilmişdir ki, iddia tələbi ilə cavabdehin imtina məktubu arasında qeyrimüəyyənlik olduğundan, müvafiq dəqiqləşmələr aparılmalıdır. Belə ki, iddia tələbində X11, X7, X8, X9, X4, X10, X3, X5 və X1 iddiaçıya məxsus fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması xahiş edilsə də, iddia ərizəsinə əlavə olunan cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu həmin ünvanda qeydiyyatda olan X9, X3, X5 və X2 münasibətdə verilmişdir. Bu səbəblə iddiaçıya iddia tələbini X9, X3, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsini 5 gün müddətində Məhkəməyə təqdim etmək təklif olunmuşdur. Əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın X11, X7, X8, X4 və X6 münasibətdə mümkünlüyü məsələsinə hüquqi qiymət verilə biləcəyi qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia tələbində qeyd olunan fərdi yaşayış evini başqa şəxsə satdığını, bu səbəblə hazırkı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan da göründüyü kimi iddiaçı ilə əlaqə saxlanılaraq teleqramın məhkəməyə ünvanlamaqda məqsədinin nə olması soruşulmuş və iddiaçı bildirmişdir ki, o, iddia tələbindən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X11, X7, X8, X9, X4, X10, X3, X5 və X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar