Məhkəmə qərarları › İş №2-1(116)-985/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-985/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-985/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş 17.09.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş 17.09.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gedişgəliş yolundan artezian quyusu istiqamətində yolun açılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçılara 15.03.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Qanunun 20 və 22-ci maddələrinin, həmçinin İPM-in 35-ci maddəsinin tələbləri izah edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı bildirilmişdir. Yardım məktubunda həmçinin qeyd edilmişdir ki, iddia tələbinin Qəbələ rayon Aqrar islahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarının və onun əsasında digər hüquqmüəyyənedici sənədlərə uyğun olaraq verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı birinci hissəsi İPM-in tələblərinə əsasən mümkün sayılmamalıdır. Eləcə də iddiada qeyd olunan digər tələblər iddia ərizəsinin birinci hissəsi ilə bağlı olduğuna görə həmin hissədə də iddianın mümkünlüyü məsələsi təsir göstərir. Eyni zamanda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi gediş-gəliş yolunun açılması ilə bağlı tələb üzrə qanunvericiliyin tələblərinə müvafiq olaraq cavabdehlik daşıyan orqan deyildir. Qeyd edilən məsələlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmələri üçün iddiaçılara 10 gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçılar 12.04.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni ərizədə iddia tələbinin xahiş etdi hissəsindən “Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarın ləğv olunması” hissəsini çıxararaq, cavabdeh tərəfindən X2 adına verilmiş 17.09.2007-ci il tarixli MH ******* saylı ********* qeydiyyat nömrəli çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Faktiki olaraq iddiaçılar iddia tələbinin xahiş etdi hissəsində dəyişiklik edərək Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsini tələb etmələrinə dair hissəni qeyd etməsələr də, mübahisələndirdikləri X3 adına verilmiş 17.09.2007-ci il tarixli çıxarış Qəbələ rayon AİK qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında rəsmiləşdirdiyi iş materialları və cavabdehin imtinası ilə müəyyən edilmişdir. İddiaçılar bu şəkildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, formal olaraq iddianın mümkünlüyü tələbindən yan keçməyə çalışmışlar. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçılar ilkin iddia tələbində Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarının və cavabdeh tərəfindən verilmiş 17.09.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunmasını tələb etmişlər və bununla bağlı iddiaçılara yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. İddiaçılar məhkəməyə təqdim etdikləri dəqiqləşdirilmiş iddia ərizəsində iddia tələbindən “Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarının qismən ləğvi” hissəsini çıxarmış, 17.09.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğvini tələb etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin İddiaçı1yevə ünvanladığı 06.01.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 0,42 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli qərarı ilə verilmiş və həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Göründüyü kimi iddiaçılar dəqiqləşdirilmiş iddia ərizəsində Qəbələ rayon AİK-nın qərarını mübahisələndirməsələr də, qismən ləğvinə nail olmaq istədikləri çıxarışda qeyd edilən 0,42 ha torpaq sahəsinin X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli qərarı ilə verildiyi müəyyən olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Eyni zamanda İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. Bundan başqa iddia tələbinin ikinci hissəsində artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması tələb edilmişdir ki, iddiaçıların Vəndam bələdiyyəsinin adından belə bir tələblə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər. Gediş-gəliş yolunun açılması isə hazırkı cavabdehin səlahiyyətinə adi olmamaqla yanaşı inzibati deyil mülki məhkəmə icraatı qaydasında baxılmalı məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının X4 münasibətdə 28.10.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş 17.09.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar