Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-985/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı məxsus Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli 394 nömrəli doğum haqqında akt qeydində “kişi”dən “qadına”, “Tural”dan “Turan”a, Hacıyev”dən “Hacıyeva” ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı məxsus Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli 394 nömrəli doğum haqqında akt qeydində “kişi”dən “qadına”, “Tural”dan “Turan”a, Hacıyev”dən “Hacıyeva” ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının valideynləri X2 və X5 nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra anasına Hacıyeva soyadı verilmişdir. Onların birgə nikahından xx xxxxxx 1984-cü ildə İddiaçı anadan olmuşdur. Bu barədə 10 aprel 1984-cü ildə doğum haqqında akt qeydləri kitabında 394 nömrə ilə müvafiq qeydiyyat aparılmış və iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı bütün sənədləri bu qaydada aparılmış, o müvafiq olaraq orta məktəbi bitirməyi barədə atestat, orta ixtisas təhsili və ali təhsili barədə diplomlar almışdır. Daha sonra iddiaçının atası X2 dünyasını dəyişdikdən sonra iddiaçı müvafiq vərəsəlik işinin açılması üçün müraciət etdikdə bəlli olmuşdur ki, iddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında cinsinə “qadın” əvəzinə 'kişi", adına “Turan" əvəzinə "Tural”, soyadına “Hacıyeva” əvəzinə “Hacıyev" yazıldığına görə lazımi dəyişikliklərin edilməsi üçün Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli 394 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı "Hacıyev”, adı “Tural", cinsi "kişi” kimi qeyd edilmişdir. Lakin AA******* nömrəli şəxsiyyət vəsiqəsində və Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 535 nömrəli nikah haqqında akt qeydində adı “Turan”, cinsi "qadın” kimi göstərilmişdir. Eyni zamanda vətəndaşın doğum haqqında ilkin şəhadətnaməsinin surətindən də göründüyü kimi həmin şəhadətnamədə adına “Tural”dan ‘Turan"a, ata adına isə "Aydın oğlu”ndan “Aydın qızı"na qaralama edilərək dəyişiklik edilmiş, lakin həmin dəyişiklik qeydiyyat orqanının imza və möhürü ilə təsdiq edilməmişdir. Bildirilir ki, doğum haqqında akt qeydi vətəndaşın ilkin sənədi olmaqla digər sənədlər ona uyğun tərtib edilməli, ona uyğun şəkildə sənədləşməlidir. Doğum haqqında akt qeydinə dəyişiklik edilməsi üçün əsas ola biləcək yeganə sənəd doğum haqqında şəhadətnamə olsä da, həmin sənəddə ad qrafasına qaralama edildiyi müəyyən edilmişdir. Bildiririk ki, sorğu əsasında “Şəki rayon Mərkəzi Xəstəxanası” X10 Şəki perinatal mərkəzindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli cavab məktubunda vətəndaşın cinsi "qadın" olaraq göstərilsə də, doğum haqqında akt qeydində adına “Turaldan “Turan”a dəyişiklik edilməsi üçün əsas olan doğum haqqında ilkin şəhadətnamədə qaralama edildiyindən doğum haqqında akt qeydində müvafiq dəyişikliyin aparılması qeydiyyat şöbəsində mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı Turan, soyadı Hüseynova, ata adı Aydın, doğum tarixi xx.xx.1984-cü il kimi qeyd edilmişdir.
3. BB 016697 seriya nömrəli Diplomun surətindən görünür ki, iddiaçının adı Turan, soyadı Hacıyeva, ata adı Aydın kimi qeyd edilmişdir.
4. B 181106 seriya nömrəli Diplomun surətindən görünür ki, iddiaçının adı Turan, soyadı Hacıyeva, ata adı Aydın kimi qeyd edilmişdir.
5. B 305287 seriya nömrəli Əsas təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı Turan, soyadı Hacıyeva, ata adı Aydın kimi qeyd edilmişdir.
6. AZ-İİ 011267 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 və X4 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır.
7. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 394 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Tural”, soyadı “Hacıyev”, ata adı “Aydın”, sonluq “kişi”, doğum tarixi xx.xx.1984-cü il tarix” kimi qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının arxiv idarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi”ndə cinsinin yanlışlıqa “oğlan” kimi qeyd olunmasından yaranmış nəticələrin düzəldilməsindən, soyadının və digər məlumatların qadın cinsinə məxsus olan şəxslərə uyğunlaşıdırlmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində tərtib olunmuş ilkin sənəddə yanlışlığa yol verilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən xx.xx.1984-cü ildə doğulmuşdur, adı Turan, soyadı “Hacıyeva”, ata adı “Aydın” kimi qeyd edilmişdir. X1 “qız” uşağı dünyaya gətirmişdir. Lakin, ilkin qeydiyyatı aparan inzibati orqan texniki səhv edərək mübahisənin yaranmasına əsas olan yanlışığa yol vermişdir. Odur ki, iddaçı barəsində tərtib olunmuş “Doğum haqqında akt qeydi” faktiki məlumatlara uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı barəsində tərtib edilmiş xx.xx.1984-cü il tarixli 394 nömrəli doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında uşağın cinsinin “kişi”dən “qadına”, uşağın adının “Tural”dan “Turan”a, uşağın soyadının “Hacıyev”dən “Hacıyeva” ya düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə