Məhkəmə qərarları › İş №2-1(116)-987/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-987/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-987/2021 07.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Diyallı bələdiyyəsinin 12.04.2011-ci il tarixli 05 saylı qərarı ilə Diyallı kəndinin ərazisindən ona satılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Diyallı bələdiyyəsinin 12.04.2011-ci il tarixli 05 saylı qərarı ilə Diyallı kəndinin ərazisindən ona satılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 31.05.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin 12 aprel 2011-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya bələdiyyə ərazisində 5 ildən artıq yaşayan, ilk dəfə həyətyanı topaq sahəsi alan fiziki şəxs kimi yaşadığı Diyallı kəndinin ərazisindən 0,12 hektar həyətyanı torpaq sahəsi hərracdan kənar satılmışdır. Torpaq iddiaçıya satılanadək mülkiyyətində heç bir daşınmaz əmlak, o cümlədən ev və həyətyanı torpaq sahəsi olmamışdır. Bələdiyyə iddiaçının ərizəsini və faktiki vəziyyətini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun olaraq ona torpaq sahəsi satmış, bunun üçün AR DTXK İsmayıllı rayon şöbəsinin müsbət rəyini, İsmayıllı rayon İcra Hakimiyyətinin razılığlnı almışdır. Torpağın nəzərdə tutulan dəyəri iddiaçı tərəfindən bələdiyyənin bankdakı hesabına ödənilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədrinin, iddiaçının və AR DTXK İsmayıllı rayon şöbəsinin müdirinin iştirakı ilə «Torpaqların alqı-satqısına dair» Akt tərtib olunmuşdur. Həmin qanuni sənədlərə əsasən AR DTXK İsmayıllı rayon şöbəsi tərəfindən torpağın Diyallı kəndinin xəritəsi üzrə cizgisi hazırlanmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, sözügedən bələdiyyə qərarı ilə ona satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh orqan 18.05.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinə təqdim edilən, ləğv olnmuş DT və XK tərəfindən tərtib edilmiş AN 382098 saylı torpaq sahəsinin planı və öçüsü (kadastr planı) sənədində göstərilən torpaq sahəsi iddiaçıya İsmayıllı rayonu, Diyallı Bələdiyyəsinin 12.04.2011-ci il tarixli 05 saylı qərarı ilə satılmışdır. Bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanununun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Cavabdeh orqan məhkəməyə ünvanladığı 05.07.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu X2 Orxan Alıxan oğluna 0,12 ha torpaq sahəsinin satılmasına dair 12.04.2011-ci il tarixli, 05 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı 111 QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il 466-saylı 111 QD Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildirilir ki, alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. Eyni zamanda bildirilir ki, mübahisəli faktiki torpaq sahəsi 0.12 hektardır. İdda edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olna elektron baza məlumatlarında yaşayış məntəqələri, həyətyanı ərazilər kimi əksini tapmışdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinantları arasında 10 metr fərq var. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Qonşu mülkiyyətçinin inşa etdirdiyi fərdi yaşyış evinin bir hissəsi iddiaçının adna verilmiş plan və ölçü sənədindəki torpaq sahəsinin üzərinə düşür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Diyallı bələdiyyəsinin 12.04.2011-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qafarov X4 bələdiyyəsinə ona həyətyanı torpaq sahəsinin verilməsi bağlı ərizə ilə müraciət etmiş, onun ərizəsi nəzərə alınmış, bələdiyyənin kənd altı sahəsindən 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədlə İddiaçı Alxan oğluna satılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 04.03.2011-ci il tarixli rəyinin təsdiq edilmiş surətindən görünür ki, respublikada gedən torpaq islahatına müvafiq olaraq Diyallı bələdiyyəsinin 0.12 ha torpaq sahəsinin Diyallı kənd sakini İddiaçı Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanununun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədəmüvafiqdir. Odur ki, DT və XK-nın İsmayıllı rayon şöbəsi İddiaçı 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmir. İş materiallarında olan İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin 08.02.2011-ci il tarixli rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709/İİİ-QD saylı qanununa uyğun olaraq Diyallı kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı Alxan oğluna satılmasına Şöbə etiraz etmir. Vətəndaş torpaq sahəsində hər hansı tikinti işləri apararsa, qanunvericiliklə müəyyən olunmuş qaydada icazə almalıdır. İş materiallarında olan 08 nömrəli qəbzin ksero surətindən görünür ki, Qafarov X4 bələdiyyəsinin “Kapitalbank”ın İsmayıllı rayon filialındakı hesabına 724 manat torpaq satış pulunu ödəmişdir. İş materialların da olan 21.04.2011-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqısatqısına dair” Aktın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonunun Diyallı kəndində yaşayan İddiaçı Alxan oğlu (AZE 00172326, İsmayıllı RPŞ, verilmə tarixi: 23.06.2002-ci il) Diyallı bələdiyyəsinə ərizə ilə müraciət edərək, ona torpaq sahəsinin verilməsini xahiş etmiş, bələdiyyənin 12.04.2011-ci il tarixli 05 saylı qərarı ilə ona 0.12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı 08 nömrəli qəbzlə bələdiyyənin “Kapitalbank”ın İsmayıllı rayon filialına torpaq sahəsinin dəyərini ödəmişdir. Diyallı bələdiyyəsinin sədri Əliyusif Abuşov, İddiaçı və rayon Torpaq şöbəsinin müdiri Rövşən Beybutovun iştirakı ilə 21.04.2011-ci il tarixdə sözügedən Akt tərtib edilərək imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Akt Torpaq şöbəsində 22.04.2011-ci il tarixdə 57 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı 382098 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Diyallı bələdiyyəsinin 12.04.2011-ci il tarixli, 05 saylı qərarı ilə Diyallı kəndi ərazisindən 1200 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. X5 Kadastrı kitabında 13.02.2013-cü il tarixdə 6508 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Diyallı bələdiyyəsinin 14.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Diyallı kənd sakini İddiaçı torpaq işi ilə əlaqədar Diyallı bələdiyyəsində 2014cü ilə qədər heç bir arxiv sənədi təhvil verilmədiyindən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq olunmuş surətlərini təqdim edə bilmirlər. İş materiallarında olan İddiaçı şəxsiyyətini təsdiq edən sənədin portaldan çıxarışından görünür ki, İddiaçı AZE seriyalı 172326 nömrəli şəxsiyyət vəsiqəsi İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən 23.06.2002-ci il tarixdə verilmişdir. İş materiallarında olan İddiaçı şəxsiyyətini təsdiq edən sənədin portaldan çıxarışından görünür ki, İddiaçı AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən 24.11.2008-ci il tarixdə verilmişdir. İş materiallarında olan İddiaçı şəxsiyyətini təsdiq edən sənədin portaldan çıxarışından görünür ki, İddiaçı AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən 02.11.2011-ci il tarixdə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Yuxarıda sadalanan normalardan göründüyü kimi iddiaçı ilə bələdiyyə arasında 2011-ci ildə torpaqların alqı-satqısına dair akt tərtib edilə bilməzdi. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarında olan 21.04.2011-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair” Aktın təsdiq edilmiş surətində iddiaçının AZE seriyalı 00172326 nömrəli, İsmayıllı RPŞ tərəfindən 23.06.2002-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları yazılmasına baxmayaraq, portaldan çıxarışlardan görünür ki, iddiaçıya 23.06.2002-ci il tarixdən sonra 24.11.2008-ci il tarixində şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin alqı-satqı aktı tərtib olunan 21.04.2011-ci il tarixdə iddiaçı AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə malik olmasına baxmayaraq, Aktda AZE seriyalı, 00172326 nömrəli, 23.06.2002-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları yazılmışdır. Aktda qeyd olunan şəxsiyyət vəsiqəsi akt tərtib olunan zaman qüvvədə olmamışdır. Bundan başqa bələdiyyə qərarında, yerquruluşu planından çıxarışda, icra hakimiyyətinin rəyində, “Torpaqların alqı-satqısına dair” Aktın giriş hissəsində iddiaçının ata adı “Alxan”, aktın digər hissələrdə “Alıxan” yazılmışdır. Əlavə olaraq qeyd olunmaldır ki, “Kapitalbank”ın İsmayıllı rayon filialının 11.04.2011-ci il tarixli qəbzinin kserosurətindən müəyyən olunur ki, qəbz 2000-ci illərə aid qəbz olmaqla 3-cü 0 rəqəmi qələmlə düzəliş edilməklə 1 kimi qaralanmış, həmçinin 11 aprel tarixinə qədər cəmi 8 qəbzin verilməsi də qeyd olunan sənədlərin sonradan tərtib olunması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda Diyallı bələdiyyəsinin 14.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Diyallı kənd sakini İddiaçı torpaq işi ilə əlaqədar Diyallı bələdiyyəsində 2014-cü ilə qədər heç bir arxiv sənədi təhvil verilmədiyindən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq olunmuş surətlərini təqdim edə bilmirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Diyallı bələdiyyəsinin 12.04.2011-ci il tarixli 05 saylı qərarı ilə Diyallı kəndinin ərazisindən ona satılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar