Məhkəmə qərarları › İş №2-1(116)-987/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-987/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-987/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayon Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvlərinə JN-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və X2 adına olan A seriyalı 586255 plan-ölçüsünə uyğun sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayon Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvlərinə JN-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və X2 adına olan A seriyalı 586255 plan-ölçüsünə uyğun sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvülərinə J№-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsi verilmişdir. Daha sonra həmin akt əsasında anası X6 ********** qeydiyyat nömrəli çıxarış və A № 586255 nömrəli plan-ölçü sənədi almışdır. Bundan sonra iddiaçı bağışlama yolu ilə anasından həmin torpaq sahəsini alaraq sənədləşdirmiş və iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış və A № 691649 nömrəli plan-ölçü sənədi verildi. Sonradan ona məlum oldu ki, ona verilən plan-ölçü sənədində qanunsuzluq aparılmış və xəritə dəyişdirilmişdir. ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A № 691649 nömrəli plan-ölçü sənədinin ləğv edilməsini və iddiaçıya Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvülərinə J№-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və X2 adına olan A № 586255 plan-ölçüsünə uyğun sənədinin verilməsini xahiş etsə də cavabdeh tərəfindən ərizənin icrasından imtina edilərək, iddiaçının məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin (Aşağı Ağcayazı kəndi) xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında (konfiqurasiya və istifadəçilik fərqi) uyğunsuzluqlar mövcuddur. Bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X4 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin (Aşağı Ağcayazı kəndi) (“X4 Uçotu informasiya Sistemi”ndə olan) xəritəsi hazırlanmışdır. Bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yerləşən 2.0136 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışla X4 X5 uyğun qeydiyyata alınaraq təqdim edilmişdir. Hazırki halda iddiaçının hüquqi marağı nəzərə alınaraq islahat xəritəsinə uyğun plan-ölçü sənədinin hazırlanması və iddiaçıya təqdim edilməsi digər mülk sahiblərinin mülkiyyət hüquqlarnın kobud şəkildə pozuntusu ilə nəticələnəcəyi ehtimalı olduğundan faktiki halda iddianın icrası mümkün olmayacaqdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aşağı Ağcayazı kəndində istifadədə olan 2.0094 ha torpaq sahəsində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. 19.02.2021-ci il tarixli ********** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aşağı Ağcayazı kəndində istifadədə olan 2.0136 ha torpaq sahəsində mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

4. JN-0048, KOD 90306028 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə X1 və onun ailə üzvülərinə 2.27 ha torpaq sahəsi ayrılmışdır.

5. 14.02.2021-ci il tarixli, Daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X7 özünə məxsus olan torpaq sahəsini X3 bağışlamışdır.

6. xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X6 özünə məxsus olan 2.0136 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1429/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi . Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayon Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvlərinə JN-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və X2 adına olan A seriyalı 586255 plan-ölçüsünə uyğun sənədin verilməsindən ibarətdir. Cavabdehin imtina əsası iddia olunan torpaq sahəsinin TEKUİS-ə əsasən JN-0048, KOD 90306028 Dövlət aktına uyğun olmamsı ilə bağlıdır. Verilmiş sorğuya əsasən TEKUİS-ə uyğun 17.01,2022-ci il tarixli çıxarış, A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin koordinatları ilə ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin koordinatlarına dair sxem təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X6 özünə məxsus olan 2.0136 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Sonuncunun mülkiyyət hüququ torpaq sahələrinin faktiki vəziyyətinə görə deyil, ilkin hüquqmüəyyənedici sənəd olan Dövlət Aktının koordinatlarına uyğun olaraq DWJ bazasına əsasən qeydə alınmışdır. TEKUİS-ə əsasən iddia olunan torpaq sahəsi ilə çıxarış arasında uyğunsuzluq mövcuddur.Faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi naturada az olmaqla eyni zamanda koordinatları eyni deyildir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki,İddiaçı 17.01 2022-ci il tarixli çıxarış və A seriyalı 691649 nömrəli plan-ölçü sənədinə əsasən verilmiş 2.0094 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - əkin, mülkiyyətçisi - İddiaçıdır.İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinə göstərilmiş kordinatlar daxilində yerləşən 2.0094 ha torpaq sahəsi ilə 0.78 hissədə üst-üstə düşür. İddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış verildiyi zaman və hazırda o, həmin torpaq sahəsindən istifadə etmir. Göründüyü kimi iddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə ilə eyni deyildir.Nəticə etibarı ilə ilkin hüquqmüəyyənedici sənədinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasına dair cavabdehin hərəkəti qanuni olduğundan 19 fevral 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi tələbi əsaslı deyildir. Odur ki,işin hallarına aşağıdakı normaları tətbiq edərək məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş A seriyalı 691649 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayon Aşağı Ağcayazı kəndində X1 və onun ailə üzvlərinə JN-0048, KOD 90306028 torpağın mülkiyyət hüququna dair dövlət aktında və X2 adına olan A seriyalı 586255 plan-ölçüsünə uyğun sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar