Məhkəmə qərarları › İş №2-1(116)-987/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-987/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-987/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının (yaşayış yeri: Yevlax rayonu, Yuxarı Qarxun kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (yerləşdiyi yer: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A) üçüncü şəxs – Yevlax bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla (yerləşdiyi yer: Yevlax şəhəri, H.Əliyev prospekti 43A) qarşı «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarı ilə iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına 0,10 ha torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına dair yazılı münasibəti nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 8 avqust 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını “torpaq sahəsinin alqı-satqısına dair aktın qanunvericiliyin tələbləri pozulmaqla verilməsi” ilə əsaslandırmışdır. İddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 2 sentyabr 2024-cü il tarixli qərardadı ilə Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» Qanunun 53.3-cü bəndinə əsasən Yevlax rayonu üzrə Aşağı Qarxun, Yevlax və Yuxarı Qarxun bələdiyyələrinin əhatə etdiyi Yevlax şəhərində və Aşağı Qarxun, Yuxarı Qarxun kəndlərində Yevlax bələdiyyəsi yaradılmışdır. Məhkəmənin 14 iyul 2025-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi Yevlax bələdiyyəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, 1977-ci ildə Yevlax rayonunun Yuxarı Qarxun kəndində doğulmuşdur, hazırda da orada yaşayır. DTXK Yevlax rayon şöbəsinin müvafiq rəyi əsasında Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarı ilə ona 0,10 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin yerquruluşuna dair plan təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair alqı-satqı aktının rəsmiləşdirilməsi də qərara alınmışdır. 6 noyabr 2008-ci il tarixdə iddiaçı bələdiyyənin hesabına həmin torpaq sahəsinə görə 144 manat pul vəsaiti ödəmişdir, bu barədə qəbz mövcuddur. Bundan sonra torpaq sahəsinin alqı-satqı aktı rəsmiləşdirilmiş və ona həmin torpaq sahəsinin satılması aktla təsdiqlənmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqı aktının 1 dekabr 2007-ci il tarixdən sonra qeydiyyata alınması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçı Əhmədova (Qurbanova) X6 rayonu Yuxarı Qarxun bələdiyyəsinin qərarı ilə ona satılmış 0,10 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı ərizə ilə İdarəyə müraciət etmiş, lakin təqdim edilmiş sənədlər toplusu ekspertiza edilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi tərəfindən qəbul edilmiş 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərar əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış “Torpaq sahəsinin alqısatqısına dair” akt 1037 qeydiyyat nömrəsi ilə DTXK (ləğv edilmiş) tərəfindən 6 noyabr 2008-ci il tarixdə qeydiyyata alınmışdır ki, bu da «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun, «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə ziddir. Göstərilənlərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin mümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Yevlax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçıya Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007ci il tarixli 18 saylı qərarından görünür ki, bələdiyyənin qeyd olunan qərarı ilə DTXK Yevlax rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınmaqla Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına 0,10 ha torpaq sahəsinin satılması barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, DTXK Yevlax rayon şöbəsi Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı aşağıdakı məzmunda rəy vermişdir: - X1 nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla kənd təsərrüfatına yararlıdır, Yuxarı Qarxun bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. İş materiallarından görünür ki, Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi tərəfindən Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına satılması nəzərdə tutulan torpaq sahəsinin planı tərtib edilmiş və DTXK Yevlax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi, Əhmədova (Qurbanova) Şəfa Ənvər qızı və DTXK Yevlax rayon şöbəsi tərəfindən bələdiyyənin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarı ilə Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına ayrılmış 0,10 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, akt 6 noyabr 2008-ci il tarixdə 1034 nömrə ilə qeydiyyat alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, X4 tərəfindən 6 noyabr 2008-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin hesabına ödəniş təyinatı həyətyanı torpaq alqı-satqısı olmaqla 144 manat pul vəsaiti ödənilmişdir. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 20 dekabr 2024cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddia olunan torpaq sahəsinin döngə nöqtələri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddia edilən torpaq sahəsinin faktiki sahəsi 0,10 ha təşkil edir. Təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları, uqodiyası – tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsi. Faktiki istifadəçini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Yevlax rayonu Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərarı ilə X3 ayrılmış 0,10 ha torpaq sahəsinin sxemində torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından, iddia olunan torpaq sahəsi ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Yevlax bələdiyyəsinin məhkəməyə ünvanlanmış 1083 nömrəli 28 iyul 2025-ci il tarixli məktubunda bildirilir ki, bələdiyyələrdə aparılan islahatlarla əlaqədar Yuxarı Qarxun bələdiyyəsinin Yevlax bələdiyyəsinə birləşdirilməsi zamanı 2000 – 2010-cu illərə aid mühasibat və bələdiyyənin digər sənədləri Şəki şəhəri Əhmədli Muxtar-A MMC-nin arxivinə verildiyi üçün iş üzrə aidiyyəti sənədlər Yevlax bələdiyyəsinə verilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Yevlax rayonu Yuxarı Qarxun bələdyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərarı Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin hazırkı iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı iclasının qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı Əhmədovva (Qurbanova) Şəfa Ənvər qızı həmin qərarla satılmış 0,10 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarının arxiv nüsxəsinin müvafiq bələdiyyənin arxivindən və müvafiq arxiv qurumundan aşkarlanmaması da onun həqiqiliyinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, “Torpaq sahəsinin alqı-satqısı”na dair akt 1 dekabr 2007-ci il tarixdən sonra (6 noyabr 2008-ci il tarixdə) qeydə alınmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin mötəbər sayılan 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızına Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərarı ilə satılmış torpaq sahəsi ilə bağlı DTXK Yevlax rayon şöbəsi müvafiq sxemi təsdiq etmişdir və qərarda DTXK tərəfindən hazırlanmış sənədlərə də istinad olunmuşdur. Bu xüsusat torpaq ayrılan zaman DTXK Yevlax rayon şöbəsi tərəfindən məsələyə etiraz olunmadığını ehtiva edir. Bundan başqa, “Torpaq sahəsinin alqı-satqısına dair akt” sonradan da olsa Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin və DTXK Yevlax rayon şöbəsinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, DTXK Yevlax rayon şöbəsi 2015-ci ilin 5 fevral tarixinədək fəaliyyət göstərmişdir. Bu aktın hər hansı tarixdə təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərarının qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktı üzrə vaxtında qeydiyyat aparılmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə alınmış mütəxəssis rəyində dəqiq fikir, mövqe bildirilməsə də, iş materiallarında olan Yevlax ŞİHB-nin Yuxarı Qarxun İƏD üzrə nümayəndəsinin məhkəməyə ünvanlanmış 23 iyul 2025-ci il tarixli məktubunda ünvan 4ova (Qurbanova) Şəfa Ənvər qızının Yevlax rayonu Yuxarı Qarxun kəndində hazırda istifadəsində olan 0,10 ha torpaq sahəsinin Yevlax rayonu Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 saylı qərarı ilə satılmış torpaq sahəsi ilə eynilik təşkil etdiyi bildirilmişdir. Bununla da belə nəticə əldə olunur ki, iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının Yevlax rayonu Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli 18 nömrəli qərarı ilə ona satılmış 0,10 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının ona Yevlax rayon Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli, 18 saylı iclasının qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Əhmədova (Qurbanova) Şəfa Ənvər qızının ona Yevlax rayon Yuxarı Qarxun bələdiyyəsinin 1 noyabr 2007-ci il tarixli, 18 saylı iclasının qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar