Məhkəmə qərarları › İş №2-1(116)-988/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-988/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-988/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı, üçüncü şəxs x5, üçüncü şəxsin nümayəndəsi vəkil x2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı 05.08.2015-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2015-ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0,09 ha torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan apelyasiya şikayəti verilmədiyinə görə qərardan çıxarış icra edilməsi üçün 23.11.2015-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəməyə göndərdiyi 16.11.2015-ci il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə həmin quruma müraciət edilməsi məqsədə uyğundur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə göndərdiyi 08.12.2015-ci il tarixli məktubda bildirmişdir ki, məhkəmə qərarı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi təmin ediləcəkdir. Daha sonra 21.01.2020-ci ildə Qəbələ rayon Bum qəsəbə sakini x3 İnzibati- İqtisadi Məhkəməsinin 02.10.2015-ci il tarixli qərarından apelyasiya şikayəti vermiş, lakin Şəki Apelyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli qərardadı ilə onun apelyasiya şikayəti mümkün sayılmamışdır. Qərardad belə əsaslandırılmışdır ki, x7 işdə iştirak edən şəxs statusuna malik olmadığına görə onun apelyasiya şikayəti vermək hüququ yoxdur. x7 26.02.2020-ci ildə Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, özünün üçüncü şəxs qismində işə cəlb olunmasını, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2015-ci il tarixli qərarının ləğv edilməsini və işə yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, məhkəmənin qərarı onun maraqlarına toxunmuş, lakin o, işə baxılarkən inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 08.05.2020-ci il tarixli qərardadı ilə x7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən göründüyü kimi, İddiaçı tələbi 0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və o, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin olunması həmin Xidmətin vəzifələrindən biridir. Əsasnamənin həmin bəndinə uyğun olaraq, İddiaçı torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sayı Ərazi İdarəsindən tələb etməli olduğu halda, iddianı bilavasitə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclası zamanı bu hallar iddiaçının diqqətinə çatdırıldı və iddianı tələbə cavab verməli olan cavabdehə qarşı yönəltməsi ona təklif edildi. Lakin müəyyən olundu ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddialara aid olduğuna görə iddiaçı eyni tələblə əvvəlcədən cavabdehə müraciət etməli olsa da, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sayı Ərazi İdarəsinə əvvəlcədən müraciət etməmişdir. Belə olan halda isə, iddiaçı cavabdehi əsl cavabdehlə əvəz etsə belə, qeyd olunan mümkünlük şərtinə riayət etmədiyi üçün iddia mümkün sayıla bilməyəcək. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı hazırkı tələbinə cavab verməli olan inzibati orqana müraciət etməlidir. Həmin müraciətlə bağlı müsbət nəticə əldə etməyəcəyi halda, o, məhkəmədə yeni iddia qaldıra bilər. Hazırkı iddia isə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar