Məhkəmə qərarları › İş №2-1(116)-988/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-988/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-988/2021 09.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdehnə qarşı “Yevlax rayonu Tanrıqulular kənd İcra nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı akt qeydinin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kənd İcra nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı akt qeydinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ildən Yevlax rayon Tanrıqulular kənd sakini X1 ilə ər-arvad kimi yaşamağa başlamışdır. Birgə evlilikdən övladları olmamışdır. 2021-ci ilin aprel ayında aralarında münaqişə olmuş və ayrılmışlar. Bundan sonra Ş.Şərifov iddiaçıya bildirmişdir ki, onunla nikahı vardır və bu nikah əsasında ona qarşı iddia qaldırıb başına oyun açacaq. 20.05.2021-ci il tarixdə Cavabdehnə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, Yevlax rayonu Tanrıqulular kənd İcra nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı nikah akt qeydinə əsasən onunla Ş.Şərifov arasında nikah bağlanmış və qeydə alınmışdır. Halbuki, o, belə bir nikahın bağlanmasına razılıq verməmişdir. Bununla bağlı tərtib edilməli olan ərizə iddiaçı tərəfindən nə tərtib edilməmiş, nə də imzalanmamışdır. Həmçinin nikah qeydi aparılarkən icra nümayəndəliyində olmamış, bu barədə qeydiyyat kitabındakı ad qrafasına imza atmamışdır. Ümumiyyətlə, Ş.Şərifovla nikaha girməmiş və nikah bağlamaq niyyəti olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya 01.06.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, akt qeydinin ləğv edilməsi tələb edilsə də, faktiki olaraq iddia mülki mühakimə icraatının predmetini təşkil edir. Belə ki, nikaha xitam verilməsi və ya nikahın etibarsız hesab edilməsi ilə bağlı tələblərə ümumi məhkəmələr (rayon (şəhər) məhkəmələri) tərəfindən mülki mühakimə icraatı qaydasında baxılır. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1-ci və 174-cü maddələrinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanları tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin ərizələri əsasında bağlanır və nikahın qeydiyyatı aparılır ki, həmin müvafiq icra hakimiyyəti orqanı qismində rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri də çıxış edə bilər. Nikahının Yevlax rayon Tanrıqulular kənd inzibati nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı nikah aktı qeydinə əsasən bağlanması iddiaçıya inzibati mühakimə icraatı qaydasında hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməyə əsas vermir. Bu baxımdan məhkəmə hesab edir ki, nikah aktının ləğv olunmasından ibarət tələb inzibati mühakimə icraatının predmetini təşkil edə bilməz. Məhkəmənin yardım məktubu iddiaçının vəkili tərəfindən 14.06.2021-ci il, iddiaçı tərəfindən isə 15.06.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı məhkəmənin yardımına cavab olaraq 01.07.2021-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdehnə qarşı Yevlax rayonu Tanrıqulular kənd İcra nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı akt qeydinin ləğv olunması tələbi mümkün iddia tələbidir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərinin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilməsi həmin məcəllənin 2-ci maddəsində öz təsbitini tapmışdır. Məcəllənin 14-cü maddəsində nikaha xitam verilməsi əsasları göstərilir ki, həmin əsaslara aşağıdakılar aiddir:

1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir (14.1);

2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. (14.2) Həmçinin Məcəllənin 16-cı maddəsində göstərilmişdir ki, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Məcəllənin 17-ci maddəsinin tələblərinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə. Bununla yanaşı Ailə Məcəlləsi nikahın etibarsız sayılma mexanizmini də tənzimləməkdədir. Belə ki, Məcəllənin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 04.07.2001-ci il tarixli 519 nömrəli Fərmanının dördüncü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.18-ci bəndinə əsasən nikahın etibarsız sayılması hallarında, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur, bu halda şəhadətnamə verilmir. Bu barədə Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi”, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın tələbindən də göründüyü kimi, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur. Qeyd olunanların hazırkı işə tətbiqi baxımından göstərilməlidir ki, qanunverici nikah münasibətlərinin sonlandırılmasının, yəni nikahın pozulmasının hər iki mexanimzini Ailə Məcəlləsi ilə tənzimləməkdədir. Göstərilənləri iddia tələbinə münasibətdə şərh edən məhkəmə qeyd edir ki, iddiaçı nikahın saxta olmasını və pozulmalı olmasını iddia edərək ümumi məhkəmədə mülki mühakimə icraatı qaydasında nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Lakin cavabdehə qarşı nikah akt qeydinin ləğv edilməsi ilə bağlı inzibati mühakimə icraatı qaydasında belə bir iddianın qaldırılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəfindən nikah etibarız hesab ediləcəyi təqdirdə, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri səlahiyyətli qurum tərəfindən ləğv ediləcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qərarın 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) müvafiq tələb üzrə iddia qaldırmaq hüququ məhkəmənin 01.06.2021-ci il tarixli yardım məktubunda izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin yardımına müsbət münasibət bildirilməmiş, iddiaya inzibati mühakimə icraatı qaydasında baxılmasında israr edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddiaçı Cavabdehnə qarşı “Yevlax rayonu Tanrıqulular kənd İcra nümayəndəliyinin 09.03.2007-ci il tarixli 07 saylı akt qeydinin ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar