Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-988/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzelhamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.m olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində atası Məmməd Məmmədovun mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililərin mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969cu il tarixli 1 saylı qərarı ilə X5 4 nələr ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra X7 və arvadı Afəyət, övladları Etibar, cavabdeh Zahir, bacı Arzunun adına 353 saylı order yazılmışdır. Həmçinin həyətdə 0,08 ha xüsusi mülkiyyətdə torpaq sahəsi vardır. Belə ki, həmin torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, 1/2 hissəsi Azad Məmmədovun mülkiyyətindədir. Həmin həyətdə atası Məmməd Məmmədovdan miras qalmış 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv. metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. İddiaçı həmin mənzilə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri, dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməklə Mingəçevir regional ASAN xidmət Mərkəzində fəaliyyət göstərən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin əməkdaşlarına müraciət etdiyi təqdirdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Mahiyyəti üzrə iddiaçının mülkiyyət hüquqlarınn qeydiyyata alınmasından Ərazi İdarəsi tərəfindən imtina edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-6/2022 nömrəli icra vərəqəsinə əsasən ünvan 3 ünvanda inşa olunmuş tikililərə mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qadağan edilməsi barədə ərazi idarəsi tərəfindən müvafiq qeydlər aparılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2023-cü il tarixli ilkin müraciət ərizəsi, AZ-İ 983029 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti, X2 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı (Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokoluna əsasən X5 yaşayış sahəsinin ayrılması barədə), Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokolu, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.1969-cu il tarixli 353 nömrəli order, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə mərhum X5 4 nələr ailə üzvü ilə birlikdə verilmiş ünvan 3 evin sonradan artırılmış tikililəri (5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamam) üzərində mülkiyyət hüququnun mərhum Məmməd Məmmədova məxsus olması barədə arayışı əldə edilməsinə nail olmaqdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, sözügedən tikililərin yerləşdiyi 0.08 ha torpaq sahəsi X8 və İddiaçı hər birinin ½ hissə olmaqla paylı mülkiyyətindədir. Bununla belə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə mərhum X5 ayrılmış yaşayış sahəsi özəlləşdirilməmişdir. İddiaçı, sözügedən yaşayış sahəsi özəlləşdirilmədən sonradan artırılmış əlavə tikililər üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğu barədə arayışın əldə edilməsində maraqlıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçının mərhum atasının xx.xx.2008-ci ildə vəfat edənədək sözügedən yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bununla da, qanunvericiliyin ona verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişdir. Odur ki, cavabdeh orqan, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə ayrılmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan, həmin tikilinin ayrı-ayrı komponentləri üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzelhamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-988/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-988/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver