Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-991/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin 08.02.2019-cu il tarixli qərarı ilə onun 07.10.1998-ci ilədək Azərbaycan Respublikasıda yaşayış yeri üzrə qeydiyyatı olmadığından Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan sonra, o xidmətə Mingəçevir Şəhər Məhkəməsinin 30.04.2004-cü il tarixli qətnaməsini təqdim edərək göstərmişdir ki, onunla X3 arasında bağlanmış nikah həmin vaxt pozularkən iddiaçı Mingəçevir şəhəri Ə.Vahid küçəsi ev 4, mənzil 36-da qeydiyyatda olmuşdur. Bu hal həmin vaxt məhkəməyə təqdim olunmuş yaşayış yeri üzrə arayışlarda öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 21.06.2019-cu il tarixli məktubunu təqdim edərək göstərmişdir ki, orada qeydiyyatdadır. İddiaçı Mingəçevir şəhəri Ə.Vahid küçəsi ev 4, mənzil 36-nın özəlləşdirilməsində adı keçmişdir. Yenidən həmin sənədləri xidmətə təqdim etməklə vətəndaşlığının tanınması üçün müraciət etmişdir. Ancaq hazırkı müddətə qədər cavab almamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. X1 ərizəsi düzgün tərtib olmadığından, məhkəmə tərəfindən ona 18.05.2020-ci il tarixli yardım məktubu ünvanlanaraq, tələbində qeyd olunan hala baxılmasının məhkəmənin səlahiyyətində olmaması bildirilmiş, məhkəmədə Dövlət Miqrasiya Xidmətinin 08.02.2019-cu il tarixli qərarını mübahisələndirmək hüququ ona izah olunmuş, ərizəyə əlavə etdiyi sənədlərin kserosurət olduğu üçün, həmin sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməsi tövsiyə olunmuşdur. Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya 10 (on) gün vaxt verilmişdir. 18.05.2020-ci il tarixli məktub iddiaçının ünvanına göndərilmiş və 31.05.2020-ci il tarixində xəbərnaməyə imza edilməklə alınmışdır. X1 diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən səxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan qaydaya uyğun Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etmiş və inzibati orqan onun müraciətinə dair 08.02.2019-cu il tarixli qərar qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin qərarın kserosurətindən görünür ki, iddiaçıya qərardan şikayət vermə qaydası və müddəti izah olunmuşdur. Həmçinin məhkəmənin 18.05.2020-ci il tarixli yardım məktubu ilə də iddiaçıya qeyd olunan qərarı mübahisələndirmək hüququ izah olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki,iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-991/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-991/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver