Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-991/2021 15.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, üçüncü şəxs X3 qanuni nümayəndəsi X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxs X5) qarşı “X3 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxs X5) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X3 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının oğlu Anar Əliyevlə üçüncü şəxsin qanuni nümayəndəsi Nübar Əliyeva arasında nikah qeydi ləğv edilmiş və üçüncü şəxs Fatimə Əliyeva anası – Nübar (Əliyevanın) Məmmədovanın himayəsində saxlanmışdır. Odur ki, iddiaçı həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsinin 29.04.2021-ci il tarixli, 189-112967-3221 saylı imtina məktubu, - Şəki Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli, 2(075)-314/2019 saylı qətnaməsi, - Şəki İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(116)-89/2020 saylı qərarı, - Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2020-ci il tarixli, 2- 1(107)-435/2020 saylı qərarı, - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(102)-466/2021 saylı qərarı, - seriya MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, 29.10.2009-cu il tarixli DƏDR-dən çıxarış, - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsinin 15.06.20201-ci il tarixli məktubu, - Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 05.07.2021-ci il tarixli, 104 saylı məktubu, Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs X3 qanuni nümayəndəsi Məmmədova (Əliyeva) Nübar Aydın qızı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə, üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızı nümayəndəsi Nümayəndə vasitəsilə təmsil olunur. Cavabdeh 09.07.2021-ci il tarixli məktubunda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 29.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin təmin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli, 2(075)-314/2019 saylı qətnaməsindən görünür ki, X7 ilə cavabdeh X9 arasında 07 avqust 2016-cı il tarixli, 198 nömrəli nikah pozulmuşdur. Tərəflərin birgə nikahdan anadan olan uşağı 06 iyun 2017-ci il təvəllüdlü X8 anası X6 yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2- 1(116)-89/2020 saylı qərarından görünür ki, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının idddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2020-ci il tarixli, 2-1(107)-435/2020 saylı qərarından görünür ki, üçüncü şəxs Məmmədova (Əliyeva) Nübar Aydın qızının apelyasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(116)-89/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(102)-466/2021 saylı qərarından görünür ki, kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-435/2020 saylı, 21.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, seriya MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, 29.10.2009-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri, Nizami küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsinin 15.06.20201-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 28.02.2019-cu il tarixində Şəki şəhər ASAN xidmət mərkəzindən şəxsiyyət vəsiqəsi almışdır. Odur ki, onun şəxsiyyət vəsiqəsi alarkən qeydiyyata alınmasına əsas olan sənədlərin surətini göndərmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Baaşçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 05.07.2021-ci il tarixli, 104 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan X2 məxsus məhkəmə sənədi 02.07.2021-ci il tarixdə şəxsən özünə çatdırılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, seriya MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, 29.10.2009-cu il tarixli DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxs hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxs X8 iddiaçının nəvəsidir və 06.06.2017-ci il tarixdə iddiaçının oğlu X9 ilə X4 birgə nikahından doğulmuşdur. Üçüncü şəxs X3 hazırda 4 yaşı vardır və buna görə də onun yaşayış yeri, qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Şəki Rayon Məhkəməsinin 05.02.2019-cu il tarixli, 2(075)-314/2019 saylı qətnaməsinə əsasən X7 ilə cavabdeh X9 arasında nikah pozulduqdan sonra X8 anası X6 yanında saxlanıldığından onun yaşayış yeri anasının yaşayış yeri sayılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Eyni zamanda Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.08.2020-ci il tarixli, 2-1(116)-89/2020 saylı qərarına əsasən X7 iddiaçıya məxsus yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığından, artıq onun qeyd edilən yaşayış sahəsində yaşamamasına və əmlak hüququnun olmamasına hüquqi qiymət verilmişdir və işin mübahisəsiz halıdır. Məhkəmə iclasında izahat verən X4 nümayəndəsi Nümayəndə da nəvəsi X3 anası ilə birgə yaşamasını və iddiaçıya məxsus yaşayış sahəsində yaşamamasını təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış sahəsində əmlak hüququ olmayan və orada faktiki olaraq yaşamayan üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması tamamilə formal xarakter daşıyır və qeydiyyatın heç bir hüquqi əsası yoxdur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-991/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-991/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver