Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-991/2025 09.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir ş., Y.Mənsurov küçəsi, ev 11, mənzil 5) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (yerləşdiyi yer: Yevlax ş., Q.Quliyev küçəsi 8A) qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı Cəbrayılov X1 şəhərində yerləşən 509,62 kv.m ölçüdə torpaq sahəsindən istifadə edir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı 23 iyul 2004-cü il tarixdə aşağıdakı məzmunda 293 nömrəli sərəncam vermişdir: - 1. ŞİH Aparatının Memarlıq və Tikinti şöbəsinə tapşırılsın ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DTXK-nın mütəxəssisləri ilə birlikdə araşdırılmasını təmin etsin. 2. DTXK-dən xahiş olunsun ki, qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsini təmin etsin. 3. Aparatın Memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, qanuni istifadədən artıq olan və qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflər versinlər. 4. Aparatın Memarlıq və tikinti şöbəsinə və DTXK Mingəçevir şəhər şöbəsinə tapşırılsın ki, şəhər bələdiyyəsi və hüquq mühafizə orqanları ilə birlikdə sənədləşdirilməsi məqsədəuyğun hesab edilməyən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılmasını təmin etsinlər. DTXK Mingəçevir şəhər şöbəsi həmin sərəncam əsas götürülməklə Mingəçevir şəhərində yerləşən 509,62 kv.m torpaq sahəsinə dair İddiaçı adına 2 noyabr 2009-cu il tarixdə X2 kitabında 2984 nömrə ilə uçota alınmaqla A seriyalı 235195 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”nü tərtib etmişdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ərizəsinə sərəncam və plan-ölçünü əlavə etmişdir. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi 22 iyul 2024-cü il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini belə əsaslandırır ki, o, müvafiq torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, həmin torpaq sahəsi İdarədə mövcud olan elektron xəritə baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan ərazidə yerləşir, dövlət mülkiyyətində olan torpaq sahəsinin bələdiyyələr tərəfindən vətəndaşa satılması qanuna ziddir. Lakin cavabdeh nəzərə almamışdır ki, torpaq sahəsi müvafiq icra hakimiyyətinin (ŞİH) sərəncamına əsasən ayrılmışdır. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçının Mingəçevir ŞİH başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə Ərazi İdarəsində baxılmışdır. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, 0,05 ha torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron xəritə baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan ərazidə yerləşir. İddiaçının nəzərinə çatdırılmışdır ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin bələdiyyələr tərəfindən vətəndaşa satılması qanuna ziddir. Göstərilənlərə və Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə, 103-cü maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında bağ torpaq sahəsinə aid hissəyə münasibətdə inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddiaya mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Mingəçevir şəhərinin ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddiaçının “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının Mingəçevir şəhərində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər göstərilmişdir: - (2.1) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; - (2.2) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; - (2.4) yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müaddəaları) daşınmaz əmlaklara, o cümlədən torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmişdir və icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək olan dövrdə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) və digər müvafiq sənədlər bu əsaslar kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Mingəçevir ŞİH başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ona müvafiq torpaq sahəsinin qanuni əsaslarla ayrılmasını təsdiq edən hüquq müəyyənedici sənəd kimi qəbul oluna bilməz. Yəni, torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiqləyən hər hansı sənəd, o cümlədən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinin mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir. DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü”nə gəldikdə isə, bu sənəd texniki xarakterlidir və hüquq müəyyənedici sənəd sayıla bilməz. Odur ki, iddiaçının iddia etdiyi və barəsində DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən plan və ölçü tərtib edilmiş, Mingəçevir şəhərində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış olmur. Məhkəmə həmçinin qeyd edir ki, bu barədə mövcud qanunvericilik və onun əsasında formalaşmış inzibati praktika reyestrdəın çıxarışın verilməsini və “torpaq sahəsinin planı və ölçüsü”ün tərtib edilməsini torpaq sahəsinə hüququn yaranması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi İddiaçı Mingəçevir şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ondan irəli gələn reyestrdən çıxarışın verilməsindən, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsindən imtina etməkdə haqlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-991/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-991/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver