Məhkəmə qərarları › İş №2-1(116)-992/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-992/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-992/2022 16.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X4, onun övladı X1, nəvələri X5, X8 və X2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4, onun övladı X1, nəvələri X5, X8 və X2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.03.2022-ci il tarixli qərardadı ilə X4, X1, X5, X8 və X9 adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 16.05.2022-ci il tarixli qərardadı ilə X4, X1, X5, X8 və X2 inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. Məhkəmənin 16.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iş üzrə cavabdeh - Cavabdeh şəxsiyyət vəsiqəsi bölməsi - əsl cavabdeh : Cavabdeh ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana 20.12.2021-ci il tarixdə müraciət etmiş, iş materiallarında olan xəbərnamənin surətindən görünür ki, 24.12.2021-ci il tarixdə iddiaçının ərizəsi qəbul edilmiş lakin iddiaçının ərizəsinə cavab verilməmişdir. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 17.01.1997-ci il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, X14 tərəfindən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ünvanında yerləşən 13 nömrəli evin 9 nömrəli mənzilini İddiaçı satmışdır. - İşdə olan Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 17.01.1997-ci il tarixli, 1658a nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - cavabdehin 04.04.2022-ci il tarixli məktubundan görünür ki, X4 14.10.2008-ci il tarixdən, X1 31.03.2003-cü il tarixdən, X5 05.06.2015-ci il tarixdən, X16 14.03.2016-cı il tarixdən Cəmil Əliyev küç, ev 13, mənzil 9 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir. - “ASAN Mingəçevir” tərəfindən verilmiş 22.02.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. - Məhkəmənin sərəncamı və digər zəruri sənədlər iş üzrə üçüncü şəxslərə çatdırılması üçün Mingəçevir ŞİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə göndərilmiş, Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəlik tərəfindən məlumat verilmişdir ki, üçüncü şəxslər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından və harada yaşadıqları məlum olmadığından məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmi, lakin müraciəti cavablandırılmamışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, tələbini “mülkiyyətində olan mənzildən adlarını qeyd etdiyi şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmə qaydasında təmin edilməsi” şəklində ifadə etsə də iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hüquqi marağı adları qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, - 17.01.1997-ci il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, X14 tərəfindən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ünvanında yerləşən 13 nömrəli evin 9 nömrəli mənzilini İddiaçı satmış və həmin mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər isə hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir əmlak hüququnun olması və qeydiyyatda olduqları ünvanda faktiki yaşamaları müəyyən olunmur. İddiaçı, tələbində adları qeyd olunan şəxslərin həmin ünvana qeydiyyata düşməsinə özünün razılıq verdiyini bildirmişdir. Lakin, nəzərə alınmalıdır ki, üçüncü şəxs iddiaçının razılıq ərizəsi ilə həmin mənzilə qeydiyyata düşdüyü kimi, iddiaçının ərizəsi ilə də həmin mənzildən qeydiyyatdan çıxarılmalı idi. Yəni, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxslərin qeydiyyata alınması nəticəsində yaranmış hüquq münasibətlərinə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında da xitam verilməli idi. İddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan 12.05.2007-ci il təvəllüdlü X5, 12.05.2012-ci təvəllüdlü X8 və 22.11.2009-cu il təvəllüdlü X6 münasibətdə məhkəmə qeyd edir ki, Fatimə Abdullayevin 15 yaşı, Yusif Abdullayevin 10 yaşı və Sadiq Abdullayevin 12 yaşı vardır. Odur ki, Yusif Abdullayev və Sadiq Abdullayevin yaşayış yeri, qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Fatimə Abdullayevanın yaşayış yeri isə valideynlərinin razılığı ilə müəyyən edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, X5, X8 və X2 valideynlərindən atası – X3 hazırkı iş üzrə üçüncü şəxsdir və o özü də qeydiyyatda olduğu ünvanda yaşamır və həmin ünvan üzrə heç bir əmlak hüququ yoxdur. Uşaqların anası X7 isə yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olduğundan və həmin mənzil üzərində hər hansı əmlak hüquqları olmadığından, uşaqların iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə ki, özləri həmin ünvanda faktiki yaşamayan və əmlak hüquqları olmayan valideynlər uşaqlarının iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda qalması ilə bağlı razılığa gələ bilməzlər və uşaqlarının yaşayış yeri də həmin ünvan sayıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxslər X4, X1, X5, X8 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar