Məhkəmə qərarları › İş №2-1(116)-993/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-993/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-993/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət hesabına mənzillə təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, iddiaçının dövlət hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı 1975-ci il noyabr ayının 12-də Yevlax rayonunda anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra, xx.xx.1992-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş, xx.xx.1995-ci ilə qədər həmin məktəbdə təhsil almış, daha sonra, "leytenant" zabit rütbəsi veriİərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilmişdir. xx.xx.2010-cu il tarixinə qədər Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətdə olmuşdur. Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum olunduğundan, ordu sıralarından xaric edilmişdir.Beləliklə, məhkum olunana qədər, onun Azərbaycan Ordusunda xidmət müddəti ümumilikdə 17 il 2 ay 18 gün (xx.xx.1992-xx.xx.2009) təşkil etmişdir. Məhkumluğun götürülməsi ilə bağlı Yevlax rayon məhkəməsinə müraciət etmişdir.Həmin məhkəmənin 10 mart 2015-ci il tarixli 7(039)-04/2015 saylı qərarı ilə ərizəsi təmin edilməmiş, məhkəmə müəyyən etmişdir ki, məhkumluğunun ödənilməsi müddəti 23 noyabr 2014-cü ildə başa çatmışdır və 23 noyabr 2014-cü il tarixindən məhkumluğu olmayan şəxs hesab olunduğundan, məhkəməyə etdiyi müraciətin baxılma predmeti aradan qalxmışdır.Yəni, İddiaçı 23 noyabr 2014-cü il tarixindən məhkumluğu olmayan şəxs hesab edilir. İddiaçı Vətən Müharibəsi zamanı yenidən ordu sıralarına cəlb edilmiş,xx.xx.2020xx.xx.2023-cü illərdə 2 il 11 ay 3 gün müddətdə xidmətini davam etdirmişdir.Hesab edir ki,ümumi xidmət dövrü 20 il 2 ay təşkil etdiyindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını belə əsaslandırmışdır: Belə ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti xx.xx.1992ci il tarixdən xx.xx.2009-cu il tarixədək; 01,10.2020-ci il tarixdən xx.xx.2023- cü il tarixədək, təqvim ili ilə 20 (iyirmi ) il 03 (üç) ay 23 (iyirmi üç) gün həqiqi hərbi xidmətdə olduğu, Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Qazax Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə ona tətbiq edilmiş şərti məhkumetmə ləgv edilmiş və həmin hökmlə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrumetmə cəzasını bu hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirmə yolu ilə ona qəti cəza olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən İddiaçıya tətbiq olunmuş 5 (beş) il 6 (altı) ay müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 14 (on dörd) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Beləliklə İddiaçının Azərbaycan Ordusunda qüsursuz həqiqi hərbi xidməti 20 təqvim ili olmadığı üçün, o Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu.

2. DİN-in 2024-cü il tarixli Məhkumluğun olmaması barədə arayış;

3. ZE ******* nömrəli hərbi Bilet;

4. Müdafiə Nazirliyinin Arayış-Təqdimatı;

5. SHXÇDX-nin Yevlax şəhər şöbəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları və ona əlavə olunmuş qeydiyyat kartası;

6. İddiaçıya məxsus medalların vəsiqələri; Xidmət dəftərçəsi;

7. AR Qazax Hərbi Məhkəməsinin 28/2009 nömrəli xx.xx.2009-cü il tarixli məktubu;

8. 117 saylı, N nömrəli, N nömrəli hərbi hissə komandirlərinin əmrləri;

9. Cavabdehin etiraz məktubu;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 20 təqvim ilindən az olması əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Ordusunda hərbi xidmət müddəti iki dövrü əhatə edir.İlkin olaraq iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan xidmət dövrü 17 il 2 ay 18 gün təşkil edir. İddiaçı Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Qazax Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə ona tətbiq edilmiş şərti məhkumetmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrumetmə cəzasını bu hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirmə yolu ilə ona qəti cəza olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Vətən Müharibəsi zamanı yenidən ordu sıralarına cəlb edilmiş,xx.xx.2020xx.xx.2023-cü illərdə 2 il 11 ay 3 gün müddətdə xidmətini davam etdirmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ №-li Qanun Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 16. Yekun müddəa Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə N29; 1992, № 5, maddə 102, № 11, maddə 409; 199N, № 2N-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3cü hissələr əlavə edilmişdir) 1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı mübahisəyə uyğun üç ulduz nişanı ilə fərqləndirilmiş 2-1(102)-2277/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakı mövqe təsbit edilmişdir. “Belə ki, nəzərə almaq lazımdır ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər”. Beləliklə, iddiaçıya tətbiq olunmuş 5 (beş) il 6 (altı) ay müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 14 (on dörd) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün təşkil etdiyindən, onun Azərbaycan Ordusunda qüsursuz xidməti 20 təqvim ilindən azdır.Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət hesabına mənzillə təmin edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar