Məhkəmə qərarları › İş №2-1(116)-995/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-995/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-995/2022 19.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0,12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda satılmış 0,12 ha torpaq sahəsinə dair texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbinin əsaslarına görə, iddiaçılar İsmayıllı rayonunun Qalacıq kəndində yaşayırlar. Onlar yaşayış evi inşa etdirmək üçün torpaq sahəsi almaq məqsədilə İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə müraciət etmiş və torpaqların alqı-satqısına dair 29 may 2006-cı ıl tarixli akta əsasən onlara Qalacıq Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə hər birinə ayrı-ayrılıqda 0,12 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin 10 avqust 2006-cı il tarixli, 230/16 saylı rəyi ilə İddiaçı2 və 10 avqust 2006-cı il tarixli, 230/17 saylı rəyi ilə İddiaçı1 həyətyanı məqsədilə torpaq satılmasına etiraz edilməmişdir. Hər iki torpaq sahəsinə dair yerquruluşu layihəsi tərtib edilmiş və layihə DTXK-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilən sənədlər əsasında İddiaçı2 0,12 ha torpaq sahəsinə dair Daşınmaz əmlkın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2008, qeydiyyat nömrəsi 190801812, reyestr nömrəsi **********90 olan Seriya MH № ******* saylı, İddiaçı1 0,12 ha torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınan, qeydiyyat tarixi xx.xx.2008, qeydiyyat nömrəsi 190801810, reyestr nömrəsi **********89 olan Seriya MH № ******* saylı çıxarış verilmişdir. İddiaçıların hər biri cavabdeh orqana sözügedən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi məqsədilə müraciət etmiş, lakin onların müraciətləri təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********47 və **********48 imtina məktublarında qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən, məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə göstərilən torpaq sahəsindən 0,0215 ha azdır və eyni zamanda faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış başqa vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəbdən müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli etiraz məktubunda iddiaçılara ünvanlanmış imtina məktublarında göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0,12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin etiraz məktubuna əlavə olunmuş DTXK-nın İsmayıllı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 230/16 nömrəli rəyinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Şöbə İddiaçı2 Qalacıq bələdiyyəsinin perespektiv inkişaf fondu torpaqlarından 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin qərarla İddiaçı2 bələdiyyənin perespektiv inkişaf fondu torpaqlarından 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş xx.xx.2006-cı il tarixdə tərtib olunmuş “Torpaqların alqı-satqısına dair” aktın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə İddiaçı2 0,12 ha torpaq sahəsi ayrılmış və tərəflər arasında alqı-satqı aktı tərtib olunmuşdur. Akt İsmayıllı şəhər Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 190/17 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. Sənəd dövlət reyestrində 10 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş DTXK-nın İsmayıllı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 230/17 nömrəli rəyinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Şöbə İddiaçı1 Qalacıq bələdiyyəsinin perespektiv inkişaf fondu torpaqlarından 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin qərarla İddiaçı1 bələdiyyənin perespektiv inkişaf fondu torpaqlarından 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş xx.xx.2006-cı il tarixdə tərtib olunmuş “Torpaqların alqı-satqısına dair” aktın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə İddiaçı1 0,12 ha torpaq sahəsi ayrılmış və tərəflər arasında alqı-satqı aktı tərtib olunmuşdur. Akt İsmayıllı şəhər Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 190/18 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Sənəd dövlət reyestrində 10 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, işin araşdırılması üçün DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 07 aprel 2022-ci il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasınaəsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı2 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0,0985 hektar torpaq sahəsi İsmayıllı rayonu Qalacıq kənd İnzibati Ərazi Dairəsinin Sərhəddi daxilində kəndin perespektiv inkişafı (KPİ) üçün nəzərdə tutulmuş ərazidə yerləşir (yerquruluşu planı 1). İddiaçı2 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi sənəd üzrə sahədən 0,0215 ha azdır. İddiaçı2 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,0210 hektar hissəsi **********28 nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi (yerquruluşu planı 3), 0,0638 hektar hissəsi **********90 nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi (yerquruluşu planı 4) və 0,0095 hektar hissəsi **********10 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür (yerquruluşu planı 5). İddiaçı1 tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 0,0985 ha torpaq sahəsi İsmayıllı rayonu Qalacıq kənd İnzibati Ərazi Dairəsinin Sərhəddi daxilində kəndin perespektiv inkişafı (KPİ) üçün nəzərdə tutulmuş ərazidə yerləşir (yerquruluşu planı 2). Faktiki yerində ölçülmüş torpaq sahəsi sənəd üzrə sahədən 0,0215 ha azdır. İddiaçı1 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,0017 hektar hissəsi **********10 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi (yerquruluşu planı 6), 0,0070 hektar hissəsi **********03 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi (yerquruluşu planı 7) və 0,0005 hektar hissəsi **********90 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahəsi (yerquruluşu planı 8) ilə üst-üstə düşür. **********89 nömrəli çıxarış əsasında İddiaçı1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi və **********90 nömrəli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin plan-ölçü sənədi olmadığından iddiaçıların naturada göstərdiyi faktiki ölçülmüş torpaq sahələri ilə sənəd üzrə ayrılmış torpaq sahələrinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən, torpaq sahələrinin sənəd üzrə göstərilən torpaq sahəsindən az olması və iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış başqa vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Lakin torpaq sahələri ayrı-ayrılıqda iddiaçıların adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçıların mülkiyyətində olan torpaq sahələri cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçıların hüquqlarını pozmuşdur. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0,12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0,12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar