Məhkəmə qərarları › İş №2-1(116)-996/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-996/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-996/2020 31.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı, Cavabdeh1, Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı tərəfindən ona vurulmuş 5000 manat, Cavabdeh1 tərəfindən ona vurulmuş 5000 manat və Cavabdeh2 tərəfindən ona vurulmuş 7000 manat mənəvi ziyanın və 500 manat maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı, Cavabdeh1, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı tərəfindən ona vurulmuş 5000 manat, Cavabdeh1 tərəfindən ona vurulmuş 5000 manat və Cavabdeh2 tərəfindən ona vurulmuş 7000 manat mənəvi ziyanın və 500 manat maddi ziyanın ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, Cavabdeh2 2(046)-3811/2017 saylı 06.12.2017-ci tarixli əmri ilə İddiaçı tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə 9623.36 manat tutulmuşdur. Əmr borclu tərəfindən icra olunmadığı üçün iddiaçı Cavabdeh2 3(046)-80/2020 saylı 27.02.2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib oan 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-53/2020 saylı 04.03.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 3(046)-80/2020 saylı 27.02.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı ümumiyyətlə inzibati orqan deyil. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati orqanların təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı həmin qərarla təsdiq edilmiş inzibati orqanların təsnifatına aid edilməmişdir. Cavabdeh1 isə Cavabdeh2 2(046)-3811/2017 saylı 06.12.2017-ci tarixli əmri əsasında icra hərəkətlərini həyata keçirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Cavabdeh2nə münasibətdə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, məhkəmələr həmin qərarla təsdiq edilmiş inzibati orqanların təsnifatına aid edilməmişdir. X1 Məhkəməsinin 3(107)-53/2020 saylı 04.03.2020-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh2 2(046)-3811/2017 saylı 06.12.2017-ci tarixli əmrinə etiraz verilmişdir. Əgər iddiaçı məhkəmənin qanunsuz qərarı nəticəsində ona ziyan dəydiyini iddia edirsə, bu halda “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki qaydada iddia qaldıra bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar inzibati məhkəmə araşdırmasının predmeti deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı, Cavabdeh1, Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası Beynəlxalq Bankının Ağdaş rayon Filialı tərəfindən ona vurulmuş 5000 manat, Cavabdeh1 tərəfindən ona vurulmuş 5000 manat və Cavabdeh2 tərəfindən ona vurulmuş 7000 manat mənəvi ziyanın və 500 manat maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar