Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-997/2023 26.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi **********3) üzrə İddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” və “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın” təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən Göyçay rayonu Şəkili kənd sakini İddiaçı xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ çatdığı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alarkən, ona həmin çıxarışa əlavə edilməli olan torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nörməsi **********3) üzrə ona torpaq sahəsinin planı və ölçüsü və Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın təqdim edilməsində köməklik edilməsini xahiş etmişdir. Həmin müraciətə 11 avqust 2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan ölçüsü sənədinin verilməsi ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqli yerlərdəyerləşir və arada 180 metr fərq var. Bundan sonra İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə yollayaraq həmin ərizədə də cavabdehin 11 avqust 2022-ci il tarixli **********87 saylı məktubunda qeyd edilənləri nəzərə alaraq torpağın faktiki sahəsi üçün torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın iddiaçıya verilməsində köməklik edilməsi xahiş etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən yenə də eyni səbəblərə görə imtina verilmişdir. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcmini azaltmış və məhkəmə iclasında ərizə verərək iddia tələbini "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nörməsi **********3) əsasən mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” ( ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. X6 xx.xx.2022-ci il tarixdə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini,həmin qərarın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasına dair vəsatət vermişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********78 nömrəli etirazında bildirmişdir ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş özünə məxsus torpaq sahəsindən istifadə etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq torpaq sahəsinin planölçü sənədi və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın verilməsi mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuş,həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********06 nömrəli imtina məktubundan görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqli yerlərdə yerləşdiyindən iddiaçının tələbinin icrasından imtina edilmişdir. - ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - JN- 266 KOD 40808018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X5 mülkiyyətinə 4.50 ha torpaq sahəsi verilmişdir; - xx.xx.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X5 vərəsəsidir. - xx.xx.2014-cü il tarixli 42 nömrəli Göyçay rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3289/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X2 naturada göstərdiyi və faktiki istifadı etdiyini bildirdiyi 3.06 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr üçotu informasiya sistemi məlumatlarınd (TEKUİS) JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin elektron baza məlumatlarında təqdim olunan, “Göyçay rayonu Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə göstərilən JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.32 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi üst-üstə düşmür. Göyçay rayonu Şəkili kəndi ərazisində aparılan Torpaqların Elektron kadastr uçotu informasiya sistemi məlumatlarında JN-265 nömrəli dövlət Aktı 1.3 ha olaraq qeyd edilmişdir. İddiaçı X4 naturada göstərdiyi və istifadə etdiyini bildirdiyi 3.06 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan, “Göyçay rayonu Q.Qasımov adəna təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən JN-272L nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN- 266 KOD 40808018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X5 mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi üzərində onun vərəsəsi İddiaçı mülkiyyət hüququ təkrar qeydə alınmaqla xx.xx.2021-ci il tarixli (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) Çıxarış verilmişdir.Həmin torpaq sahəsinin hazırda üçüncü şəxs tərəfindən istifadə edilməsinə baxmayaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-997/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-997/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver