Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-997/2024 15.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməyə müraciət edərək “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4186/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 1975-ci ildə anadan olmuşdur. Hər iki aşağı ətrafda ümumi və dərin bud venası, səthi bud venası, dizaltı vena və krural venaların kranial seqmentlərində damar mənfəzi açıqdır, vena safeno maqna safenofemoral qovşaqda 5,4 mm, vena safero parva 2,4 mm, hər iki baldır nahiyəsində genişlənmiş retikulyar venaların izlənməsi və kəskin diabet diaqnozu ilə illər boyudur ki, əziyyət çəkir. Bununla belə cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: E10.5 İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə., Şəkərli diabet İİ tip.periferik ağır gedişli tutmalarla insulin tələbli. Məzkəzə göndərilmənin / imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməyib. Müayinə və müalicəni davam etdirməli.." səbəbi ilə imtina verilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK müayinələrinin qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008, xxxxxxx0009, xxxxxxx0010, xxxxxxx0011, xxxxxxx0012, xxxxxxx0014, xxxxxxx0016, xxxxxxx0017, xxxxxxx0018), 7 №-li Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, №xxxxxxx0018-li qərarı; səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndəriş, Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktubları. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. İddiaçı, xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan sonuncu imtina qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulmasının bildiyi anın müəyyən edilməsi mümkün olmadığından və iddia ərizəsinin verildiyi vaxtla imtina qərarının verildiyi tarix arasındakı zaman kəsiyi ağlabatan gözlənti müddətinə uyğun olduğundan iddianın qaldırılması üçün müəyyən edilmiş prossesual müddət ötürülməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ, İİ və İİİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə, iddiaçının hüquqi marağını nəzərə alaraq ona münasibətdə OFP-nın məhdudlaşması dərəcəsinin mövcud olub-olmaması ilə bağlı cavabdeh orqanın apardığı inzibati araşdırmanı yoxlamışdır . Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıya 2014-2015, 2015-2016 və 2016-2021-ci illərdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-ci il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz (3.1.1) olmaqla müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-997/2024 nömrəli qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-yə həvalə edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli, 3432 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı, ekspertizanın aparılması məqsədilə Birliyə gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də, sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Məhkəmə, müvafiq ekspertiza rəyi olmadan da, iddia tələbinə mahiyyəti üzrə baxaraq yekun qərarın qəbul edilməsini mümkün hesab edir. Belə ki, ekspert qarşısında qoyulan suallar iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü, o cümlədən ixtisaslaşmış müalicə alacağı halda diaqnozda qeyd edilən xəstəliklərin aradan qalxmasının (tam reabilitasiyanın) mümkün olub-olmaması ilə bağlı olmuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndirməmiş və imtina cavabı “əlavə müalicəyə ehtiyacın olması ilə” əsaslandırmışdır. Yəni, faktiki olaraq cavabdeh orqan qoyulmuş diaqnozun düzgünlüyü ilə razılaşır. Məhkəmə iddiaçının anamnez məlumatlarını (xüsusilə “Piylənmə” (E66) xəstəliyini və digər yanaşı xəstəliklərini) nəzərə alaraq onun sağlamlıq vəziyyətinin ekspertiza müəsissəsinə getməsinə imkan verməməsi qənaətinə gələrək hesab edir ki, hər bir halda iş üçün əhəmiyyətli olan hal- ixtisaslaşmış müalicə alacağı halda diaqnozda qeyd edilən xəstəliklərin aradan qalxmasının (tam reabilitasiyanın) mümkün olubolmaması ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçını bilavasitə müayinə etmiş və diaqnozu qoymuş səhiyyə müəssisəsi iddiaçının dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunmasını, qoyulmuş diaqnozun sağalmayan xəstəliklər sırasına aid olmasını və tam reabilitasiyanın mümkün olmamasını bildirir. Odur ki, qeyd olunan halların əlavə olaraq ekspert rəyi ilə yoxlanılmasına lüzum yoxdur. Məhkəmə həm də, onu nəzərə alır ki, Məhkəmənin icraatında olan oxşar inzibati işlər üzrə təcrübəsinə əsasən bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etməli olmuşdur. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya qoyulmuş “şəkərli diabet, periferik qan dövranının pozulması” (E10.5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na əlavənin 11.2.2.4-cü yarımbəndinə və “digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya” (İ79.2) 2.11.11 11.2.5-ci yarımbəndində öz əksini tapmışdır. Həmçinin vətəndaş barəsində tərtib edilən 88 nömrəli formada qeyd edilmiş digər xəstəlik diaqnozları “Piylənmə” (E66), “Preretinopiya” (G63.2), “Diabetik retinopatiya” (H36.0), “Digər paralitik sindromlar” (G83), “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya” (M51.1), “onurğanın osteoxondrozu” (M42), “digər daimi ağrı” (R52.2) “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilməmişdir. İddiaçı, “İnsulindən asılı şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə” diaqnozu üzrə “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində qeydiyyatdadır. Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunur və sağalmayan xəstəliklər sırasında gedir. Odur ki, tam reabilitasiya mümkün deyil. Müəyyən edilir ki, istinad olunan Meyarların 11.2.2.4-cü bəndində “diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması” diaqnozu nəzərdə tutulmuşdur və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz, 100 % müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun sağalmayan xəstəliklər sırasına aid olmasını və tam reabilitasiyanın mümkünsüzlüyünü qeyd etmişdir. Yəni, hazırkı mərhələdə iddiaçının əlavə ixtisaslaşmış müalicə alacağı halda tam reabilitasiya olması ehtimalı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi ilə bağlı cavabdehin mövqeyi tamamilə əsassız olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz, orqanizmin funksiyalarının pozulmasının İİİ dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-997/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-997/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver