Məhkəmə qərarları › İş №2-1(116)-998/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-998/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-998/2025 16.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X28 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X14 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər – X22, Məmmədrəfiyev Ramal İntiqam oğlu və X10 inzibati məhkəmə icraatına cəlb olunmaqla) qarşı «şəhadətnamənin ləğvi, torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı İmanov X18 Nofəl Yusif oğlu ilə aralarında notarial qaydada bağlanmış 15 oktyabr 2022-ci il tarixli 164579 nömrəli müqaviləyə əsasən sonuncunun (N.Y.Salmanovun) mülkiyyətində olan ünvan 1 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini müvafiq məbləğdə pul vəsaiti ödəməklə satın almışdır. Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmış və bu barədə 2677 nömrəli “qeydiyyat vəsiqəsi” verilmişdir. Evin əvvəlki sahibi X2 adına verilmiş texniki pasportda (sənəddə evin yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası və ölçüsü göstərilmişdir) müvafiq düzəliş edilməklə yeni sahibin, yəni hazırkı iddiaçının adı, soyadı və ata adı əks olunmuşdur. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə onun yerləşdiyi 600 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin JN-1442A saylı şəhadətnamə əsasında evin əvvəlki sahibinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, satın aldığı fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m ölçüdə həyətyanı torpaq sahəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qərar qəbul edilsə də, iddiaçı evi satın alan vaxtadək həmin həyətyanı torpaq sahəsinə dair hüquq sahiblərinin adlarına mülkiyyət hüququ barədə sənəd tərtib edilməmişdir. Ev ona satıldıqdan sonra onun yerləşdiyi torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2, X15, X4 və X5 adlarına 4 aprel 2006-cı il tarixli JN-1442A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. 15 oktyabr 2002-ci il tarixdən evin həyətyanı sahəsi onun (iddiaçının) qanuni və faktiki istifadəsində olduğundan, həmin torpaq sahəsinə hüquq müqavilə üzrə satıcı X24 münasibətdə xitam verilməklə ona keçdiyindən, sözügedən şəhadətnamənin hazırlanması qanunsuz və əsassız hesab olunur. Artıq torpaq islahatı başa çatmışdır, Oğuz Rayon AİK və DTXK fəaliyyət göstərmir. Hazırda AİK-nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, DTXK-nın səlahiyyətlərini isə DƏDKR ərazi idarələri həyata keçirirlər. İddiaçı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi həyətyanı torpaq sahəsinin JN-1442A saylı şəhadətnamə üzrə evin əvvəlki (ilkin) mülkiyyətçisinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi bildirilmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, İddiaçı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X2 adına 600 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib olunmuş JN-1442A saylı şəhadətnamədə qeyd edilən, 15 oktyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. X2 və ailə üzvlərinin adına verilmiş JN- 1442A saylı şəhadətnamədə qeyd edilən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin Oğuz şəhəri Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınması İdarə tərəfindən mümkün olmamışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə dair DTXK tərəfindən X6, X22, X11 və X5 adlarına hazırlanmış 4 aprel 2006-cı il tarixli, JN- 1442A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin 15 oktyabr 2002-ci il tarixdə Oğuz rayon DNK-da alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı ünvan 3 ünvanında yerləşən evlə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Qeyd olunmalıdır ki, Oğuz rayon qeydiyyat şöbəsinin 5 iyun tarixli, 3-16-5/11- 148/2025 nömrəli məktubuna əlavə olunmuş vətəndaşlıq vəziyyəti aktlarının müvafiq qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, mübahisələndirilən JN-1442A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı qeyd olunan X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X1 adı qeyd olunsa da, sorğu əsasında qeydiyyat şöbəsindən əldə olunmuş xx.xx.1986-cı il tarixli, 144 nömrəli doğum haqqında akt qeydindən görünür ki, sözügedən şəxsin adı X8r. Məhkəmənin 24 iyun 2025-ci il tarixli qərardadı ilə X22, X12 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Oğuz rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə JN- 1442A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qanunsuzdur və cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı müraciəti üzrə fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «Torpaq islahatı haqqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin əvvəlki (15 oktyabr 2002-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyada) tələblərinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. . . . Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Həmin maddəyə 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddəsinin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: - Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə «Notariat haqqında» Qanunun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Hazırkı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş JN-1442A saylı şəhadətnamə 25 aprel 2006-cı il tarixdə, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 3 il 6 aydan artıq müddət keçdikdən sonra hazırlanmış və həmin şəhadətnamənin Oğuz Rayon AİK-nın 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Oğuz Rayon AİK-nın 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə X3 0,06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN-1442A saylı şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi, DTXK-nın JN-1442A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X2 adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlıdır. Cavabdehin alqı-satqı müqaviləsində “yalnız evin satılması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı İddiaçı 15 oktyabr 2002-ci il tarixli müqavilə əsasında yalnız fərdi yaşayış evi satılsa da, ötən iyirmi ildən artıq müddət ərzində satıcı və ya şəhadətnamədə adı göstərilən şəxslərdən hər hansı biri həmin torpaq sahəsinə sahiblik etməmiş, onunla bağlı iddia irəli sürməmiş, mübahisə qaldırmamışdır. Nəzərə alınmalıdır ki, müvafiq dövrdə formalaşmış inzibati praktikaya (qeydiyyat vəsiqələrində bu barədə qrafa da nəzərdə tutulmamışdır) görə müqavilələr üzrə alqı-satqı predmeti qismində fərdi yaşayış evləri göstərilmiş, lakin tərəflərin niyyəti evi həyətyanı torpaq sahəsi ilə birlikdə özgəninkiləşdirmək olmuşdur. Fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən əvvəlki mülkiyyətçiyə məxsus olmuş həyətyanı torpaq sahəsinin də yeni mülkiyyətçiyə keçməsi Torpaq Məcəlləsinin 88-ci maddəsinin müqavilə bağlandığı dövrdə qüvvədə olan redaksiyada tələblərinə də uyğundur. Mülki Məcəllənin 245-ci maddəsinin məzmunu və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. . . . Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Fərdi yaşayış evinin satılması ilə bağlı müqavilədə torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı qeyd olmasa da, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş aşağıdakı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: - Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Bununla da belə nəticə əldə olunur ki, DTXK Oğuz rayon şöbəsi tərəfindən X2 və digərlərinin adlarına hazırlanmış JN-1442A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qanunsuzdur və ləğv edilməlidir, İddiaçı fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üzrə əsas mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın, texniki pasportun və plan-ölçünün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək DTXK Oğuz rayon şöbəsi tərəfindən X6, X22, X11 və X5 adlarına hazırlanmış JN-1442A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməli və JN-1442A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin ünvan 3 ünvanında yerləşən evlə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. DTXK Oğuz rayon şöbəsi tərəfindən X6, X22, X11 və X5 adlarına hazırlanmış JN- 1442A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilir. JN-1442A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin ünvan 3 ünvanında yerləşən evlə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X30

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar