Məhkəmə qərarları › İş №2-1(118)-10/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-10/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-10/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan 0,095 ha ölçüdə torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən və mülkiyyətində olan 0,095 ha ölçüdə torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Ceyranbatan bələdiyyəsinin 28 iyun 2004-cü il tarixli 7 saylı qərarına əsasən 0,095 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,095 ha ölçüdə olan torpaq sahəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 yanvar 2007-ci tarixli, **********85 reyestr nömrəli reyestrdən çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Torpağa mülkiyyət hüququ əldə etdikdən sonra həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyətində razılaşdırılmış eskiz layihəsinə və tikintiyə icazə sərəncamına uyğun olaraq 2005-ci ildə fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evin qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon İdarəsinə müraciət etmişdir. Həmin idarə qanunsuz və əsassız olaraq mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu qeydiyyata almamışdır. Ərizə verdikdən 1 ay yarım sonra Abseron Əraz idarəsinə gedib ərizənin aqibətini soruşduqda həmin idarədən bildirdilər ki, iddiaçının fərdi yaşayış evi 2015-ci ildə çəkilmiş yüksək gərginlikli elektrik xəttinin mühafızə zolağında yerləşir. Halbuki 0,095 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Fərdi yaşayış evini isə 2005-ci ildə inşa etdirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tam olaraq yüksək gərginlikli (220 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən əsasən 220 kVt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25 metr məsafədə müəyyənləşdirilmişdir. İş materiallarında olan: -MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yeləşən 0,095 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 31 yanvar 2008-ci il tarixli, 103 nömrəli sərəncamından görünür ki, İddiaçı MH seriyalı ******* saylı çıxarış ilə məxsus Ceyranbatan qəsəbəsində yerləşən 0,095 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yeləşən İddiaçı məxsus fərdi yaşayış evi barəsindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Əvəz oğluna DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,095 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin simal istiqamətində 220 kVtluq yüksək gərginlikli elektrik hava xətti ilə arasında olan məsafə 13,08 metr təşkil edir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, ünvan 3 ünvanında yerləşən, İddiaçı mülkiyətində olan 0,095 ha torpaq sahəsi və yaşayış evi “Azərenerji’ ASC-yə məxsus 2012-ci ildə tikilmiş 220 kV-luq “2-ci Zabrat ” hava xəttinin mühafizə zonasına düşür. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 220 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 25 metr qəbul olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0, 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:https://e-qanun.az/framework/5456 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı .... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, işin hallarından müəyyən edilir ki, 0.095 ha torpaq sahəsi iddiaçıya Abşeron rayon Ceyranbatan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 7 saylı qərarına əsasən ayrılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları 2007-ci ildə qeydə alınmışdır. O, 2005-ci ildə fərdi yaşayış evinin tikintisinə başlamış, Abşeron rayon İcra Hakimiyyəti Başçısnın xx.xx.2008-ci il tarixli sərəncamı ilə evin tikintisinə rəsmi qaydada icazə verilmiş və o, evin tikintisini başa çatdırmışdır. 2012-ci ildə həmin evin yaxınlığında yüksək gərginlikli eletrik xətti inşa edilmişdir ki, hazırda cavabdeh tikilinin (evin) həmin yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağına düşməsinə istinad edərək iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina edir. Məhkəmə araşdrması zamanı yüksək gərginlikli elektrik xəttinin evin inşa edilib başa çatdırıldığından bir neçə il sonra çəkildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanının 1ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə görə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilən Fərmanın tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisə obyekti olan fərdi yaşayış evini qanunvericiliklə müəyən edilmş icazə əsasında 2008-ci ildə inşa etməsi, həmin ərazidə yüksək gərginlikli eleltrik xəttinin isə 2012-ci ildə çəkilməsi nəzərə alınmaqla əmlakın həmin elektrik xəttinin mühafizə zolağına düşməsi mülkiyyət hüququnun qeydə alınması üçün maneə olmamalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 4 ünvanda mülkiyyətində olan 0,095 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 4 ünvanda mülkiyyətində olan 0,095 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar