Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-10/2025 01.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: tərəflər arasında mövcud olan mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə müvafiq inzibati aktın sonradan qəbul edilməsi ilə bağlı səlahiyyətli inzibati orqanın vəd və bəyanatına münasibətdə şəxslərin etimad hüququnun qorunması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Abşeron Rayon Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 68 nömrəli qərarından çıxarışdan görünür ki, 3 nömrəli Zeytunçuluq sovxozu ilə "xxxx" istehsal kooperativi arasında 4 oktyabr 1990-cı il tarixdə bağlanılmış icarə müqaviləsi qeydə alınmışdır.
2. Abşeron Rayon İcraiyyə Komitəsinin 30 aprel 1990-cı il tarixli aktından görünür ki, 3 nömrəli Zeytun sovxozu ilə "xxxx" kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı kooperativinin arasında bağlanılmış icarə müqaviləsində göstərilən 5 ha torpaq sahəsinin icarəyə verilməsinə etiraz edilməmişdir.
3. 24 avqust 1990-cı il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, icarəyəverən 3 nömrəli Zeytunçuluq sovxozu 5 ha torpaq sahəsini 50 il müddətinə icarədar "xxxx" kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı kooperativinin icarəsinə vermişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsinin 2 may 2003-cü il tarixli çıxarışından görünür ki, 2 may 2003-cü il tarixdə 0203-A1-714 nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin yerləşdiyi yaşayış məntəqəsi Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozunun ərazisindəki torpaq sahəsi olaraq göstərilmişdir.
5. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2 may 2013-cü il tarixli, 302 nömrəli müqavilədən görünür ki, Cavabdeh başçısının 2 may 2013-cü il tarixli, 302 nömrəli qərarı əsasında icarəyə verən Cavabdeh başçısı 5 ha torpaq sahəsini icarəçi "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə vermişdir.
6. Cavabdeh başçısının 2 may 2013-cü il tarixli, 302 nömrəli sərəncamından görünür ki, Abşeron rayonunun X5 Fondunda saxlanılmış torpaqlardan 3 saylı Zeytunçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 5 ha 99 il müddətinə icarə qaydasında "xxxx" MMC-yə torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.
7. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 6 avqust 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 5 ha torpaq sahəsi 2 may 2013-cü il tarixdən 99 il müddətə "xxxx" MMC-nin icarəsindədir.
8. Abşeron Rayonu Qala kəndi keçmiş 3 saylı Zeytunçuluq sovxozunun yerquruluşu planından 5 ha torpaq sahəsinə dair çıxarış (miqyas 1:10.000).
9. Cavabdeh başçısının 19 may 2021-ci il tarixli, 88 nömrəli sərəncamından görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 302 saylı, 2 may 2013-cü il tarixli sərəncamı və həmin sərəncam ilə bağlanmış icarə müqaviləsi ləğv edilməklə Abşeron rayonu keçmiş 3 saylı X2 ərazisində yerləşən 5 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququna xitam verilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2 iyun 2021-ci il tarixli, **********110900 nömrəli məktubundan görünür ki, "xxxx" MMC uçot baza məlumatlarına əsasən fəaliyyət növü “Ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsi” (kod 01471) (əsas), “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200) (əlavə) olmaqla vergi orqanında qeydiyyatdadır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 6 avqust 2016-cı il tarixli, 079417 nömrəli, "xxxx" MMC-nin adına **********04 reyestr nömrəli torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 0203-A1-714 nömrəli "xxxx" MMC-yə dair “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”.
13. 2 may 2003-cü il tarixli, 0203-A1-714 nömrəli "xxxx" MMC-nin “Nizamnamə”si.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 27 avqust 2025-ci il tarixli, 3-21-3-32/2-14404/2025 məktubundan görünür ki, Abşeron rayonu 3 saylı X2 ərazisində yerlşən torpaq sahəsi barədə hüquq müəyyənedici və texniki sənədlər təqdim olunmadığı üçün qeyd olunan torpaq sahəsinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır.
15. Cavabdeh 10 oktyabr 2025-ci il tarixli, 5-29/2-2851/2025 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında mübahisənin məhkəmədənkənar həllini təmin etmək məqsədilə X4 5 ha torpaq sahəsinin ayrılması proseduruna başlanılmış, torpaq sahəsinin yerquruluşu planını Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib olunaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Hazırda torpaq sahəsinin təyinatının “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasından çıxarılaraq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlar kateqoriyasına keçirilərək iddiaçının icarəsinə verilməsi ilə əlaqədar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Müsbət rəylər alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirildikdən sonra "xxxx" MMC ilə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanacaqdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
16. İddiaçı "xxxx" MMC (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 19 may 2021-ci il tarixli, 88 nömrəli sərəncamının 1-ci bəndinin, yəni Cavabdeh başçısının 2 may 2013-cü il tarixli, 302 saylı sərəncamı və həmin sərəncam ilə bağlanmış icarə müqaviləsi ləğv edilməklə Abşeron rayonu keçmiş 3 saylı X2 ərazisində yerləşən 5 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququna xitam verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi işin hallarına (§1-13) istinad edilərək onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinin əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - “TM”) 73-cü maddəsinə istinad olunaraq sərəncamın məzmununda qeyd olunmuşdur ki, icarədə olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunmamışdır. Qanunvericiliyə əsasən torpaq üzərində icarə münasibətlərinə xitam verilməsi səlahiyyəti icra hakimiyyəti orqanına deyil, yalnız məhkəməyə həvalə edilmişdir. Belə olan halda Cavabdeh başçısının 19 may 2021-ci il tarixli, 88 nömrəli sərəncamı TMin 75-ci maddəsinin 1-ci bəndinin tələblərinə zidd olduğundan və həmin hüquq normasında icra hakimiyyəti orqanına torpaq üzərində icarə münasibətlərinə xitam verilməsi səlahiyyəti verilmədiyindən, həmin sərəncam tamamilə qanunsuzdur. Qeyd edilmişdir ki, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunmadığına dair sərəncamda qeyd olunan dəlillər də tamamilə əsassızdır. Belə ki, 2 may 2013-cü il tarixli torpaq icarəsi müqaviləsinin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi kənd təsərrüfatı məqsədi üçün verilmişdir. Qeyd edilir ki, iddiaçı fəaliyyətə başladığı gündən hal-hazıradək həmin torpaq sahəsindən kənd təsərrüfatı quşlarının yetişdirilməsi məqsədilə istifadə edir. Bu halı İnternet Vergi İdarəsinin şəxsi məlumatlar barədə elektron arayış da təsdiq edir. Eyni zamanda, əlavə olunmuş fotoşəkillərdən də görünür ki, qeyd olunan torpaq sahəsində yerləşən tikililərdə kənd təsərrüfatı quşlarının yetişdirilməsi növündə fəaliyyət həyata keçirilir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi TM-in 75, prosessual hüquqi əsası kimi isə İPM-in 32-ci maddələrinə istinad olunmuşdur.
19. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi əkin uqodiyalı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bu torpaqdan yalnız məqsədli təyinatına uyğun istifadə edilməli, yəni orada əkin əkilməlidir. Qanunvericilik torpaqdan digər məqsədlər üçün istifadəni də istisna etmir, lakin bu halda torpaq sahəsinin və ya onun bir hissəsinin torpaq mülkiyyətçisinin razılığı və onun qaldırdığı vəsatətlə təyinatı dəyişdirildikdən sonra istifadəsi mümkündür. İddiaçı özü də etiraf edir ki, torpaq sahəsində quşların yetişdirilməsi ilə məşğuldur, lakin həmin quşlar sənaye yolu ilə yetişdirilir və torpaq sahəsində iddiaçı tərəfindən tikililər (ferma, inkubator məntəqəsi, ofis binası və s.) inşa olunmuşdur ki, bu da torpaq sahəsinin məqsədli təyinatına ziddir.
22. Etirazın maddi hüquqi əsası kimi TM-in 12, 13, 75, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 686, 700.1, 700.2, 700.3, 706.1, 706.2, 706.3, 706.4, 719.7-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, əvvəllər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ilə bağlı məhdudiyyətlər mövcud olmamışdır. Yəni neçə kv.m ərazidə tikinti işlərinin aparılıb-aparılmaması qaydası müəyyənləşdirilməmişdir. Hazırki dövrdə isə torpaq sahəsinin yalnız bir faiz hissəsində tikintiyə icazə verilir. Bu səbəbdən torpaqlarının geri qaytarılması zərurəti yaranmışdır. Rayon icra hakimiyyəti təqdim etdiyi iltizamda da göstərmişdir ki, iddiaçının müvafiq avadanlıqların və kommunikasiya xətlərinin həmin əraziyə köçürülməsi ilə bağlı hazırda işlər aparaılır. Həmin işlə bağlı rəylər də alınmışdır. Dövlət reyestr xidmətində müzakirələr aparılmışdır. Keçmiş dövrdə mübahisə olsa da, bu məsələrlə bağlı hazırki günə cavabdeh orqanla mübahisə yoxdur. Bununla yanaşı, işə xitam verilməsi ilə bağlı razılıq da vermir. Çünki, müvafiq sərəncam hələ qəbul edilməmişdir. Əgər hazırki iş üzrə səlahiyyətli orqan icra hakimiyyətidirsə, bu mübahisənin həllini rayon icra hakimiyyəti tapmalıdır. İndiki vəziyyətdə ləngitmə halı yoxdur. Cavabdeh orqan bu işi təkbaşına həll etmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və digər nazirliklər rəy vermişdir. Rəylər toplandıqdan sonra göndərilməsinə iki-üç gün qalmış qanun dəyişmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə deyil, toplanan rəylər DƏDRX-nə göndərilməlidir. İcazələr ilə bağlı sorğuların göndərilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirildikdən sonra aralarında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanacağı bildirilmişdir. ƏMDX tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəylər göndərildikdən və qərar qəbul edildikdən dərhal sonra cavabdeh orqan sərəncam təqdim edəcəkdir. Cavabdehlə mövqeyi eynidir və orqandan heç bir şikayəti yoxdur. Sadəcə bu iş üzrə cavabdeh orqan tək fəaliyyət göstərmir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
29. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
30. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – İİQ”) müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-)
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. (-)
Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. (-)
Məhkəmənin mövqeyi:
36. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
37. İddiaçı tərəfin mövqeyinə görə, qanunvericiliyə əsasən torpaq üzərində icarə münasibətlərinə xitam verilməsi səlahiyyəti icra hakimiyyəti orqanına deyil, yalnız məhkəməyə həvalə edilmişdir. Belə olan halda mübahisə predmeti olan sənəd TM-in 75-ci maddəsinin 1-ci bəndinin tələblərinə zidd olduğundan və həmin hüquq normasında icra hakimiyyəti orqanına torpaq üzərində icarə münasibətlərinə xitam verilməsi səlahiyyəti verilmədiyindən, iddiaçı fəaliyyətə başladığı gündən halhazıradək həmin torpaq sahəsindən kənd təsərrüfatı quşlarının yetişdirilməsi məqsədilə istifadə edir.
38. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının icarəsinə verilmiş torpaq sahəsi əkin uqodiyalı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bu torpaqdan yalnız məqsədli təyinatına uyğun istifadə edilərək, əkin əkilməlidir. İddiaçı torpaq sahəsində quşların yetişdirilməsi ilə məşğuldur, lakin həmin quşlar sənaye yolu ilə yetişdirilir və torpaq sahəsində iddiaçı tərəfindən tikililər (ferma, inkubator məntəqəsi, ofis binası və s.) inşa olunmuşdur ki, bu da torpaq sahəsinin məqsədli təyinatına ziddir.
39. Nəzərə almaq lazımdır ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Qeyd olunan normanın məzmun baxımından, “ne ultra petita ” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu vurğulayır. Bu norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisənin həll edilməsini həyata keçirsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. İddia tələbinə bağlılıq məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia tələbinin həcmini isə iddiaçı müəyyən edir və iddia ərizəsində onu dəqiq, aydın ifadə edir. Ona görə də inzibati prosesdə “reformatio in peius” (lat. “reformatio” - dəyişiklik, “peius” - daha pis) yolverilməzdir.
41. Göründüyü kimi işin hallarının araşdırılması prinsipi iddia tələbinin sərhədləri ilə məhdudlaşır və məhkəmə tərəfindən ondan kənara çıxıla bilməz.
42. İPM-in 12-ci maddəsinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).
43. Məhkəmənin araşdırmalı olduğu obyektlər sırasında tərəflərin izahatları, ərizə və təklifləri xüsusi yer tutur, çünki məhkəmə iş haqqında ilkin məlumatları məhz tərəflərin təqdim etdikləri ərizə və izahatlardan əldə edir. Tərəflərin təqdim etdikləri materialların iş barəsində tam mənzərəni müəyyən etmək üçün yetərli olmadığı hallarda, məhkəmə onlardan yeni izahatlar, sübutlar və s. tələb edə bilər. Bu halda tərəflər həmin tələbi yerinə yetirməyə borcludurlar. Sübutların növlərindən asılı olmayaraq, prosesin istənilən mərhələsində işin xüsusiyyətləri tələb etdiyi halda, məhkəmə sübutların toplanması və araşdırılması ilə əlaqədar tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, öz təşəbbüsü ilə yeni sübutlar axtarmalı, tələb etməli və araşdırılmalıdır.
44. Məhkəmə prosesində iştirak etmiş iddiaçı tərəfin nümayəndəsi cavabdeh orqanla keçmiş dövrdə mübahisə olsa da, bu məsələrlə bağlı hazırki günə mübahisənin olmadığını, orqanla mövqelərinin üst-üstə düşdüyünü, şikayətinin olmadığını, bununla yanaşı müvafiq sərəncam hələ ki qəbul edilmədiyindən, iş üzrə icraata xitam verilməməsini bildirmişdir.
45. Məhkəmə xüsusilə qeyd edir ki, inzibati prosesdə məhkəmə passiv müşahidəçi rolunu oynamır.
46. Bu səbəbdən İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində mübahisəli halların həlli istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.
47. Həmçinin, məhkəmə tərəfindən hər iki tərəfə məktub göndərilərək, “mübahisənin məhkəmədənkənar həll edilib-edilməməsi” barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur.
48. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmununa əsasən, tərəflər arasında mübahisənin məhkəmədənkənar həllini təmin etmək məqsədilə X4 5 ha torpaq sahəsinin ayrılması proseduruna başlanılmış, torpaq sahəsinin yerquruluşu planını Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib olunaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Hazırda torpaq sahəsinin təyinatının “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasından çıxarılaraq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlar kateqoriyasına keçirilərək iddiaçının icarəsinə verilməsi ilə əlaqədar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Müsbət rəylər alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirildikdən sonra iddiaçı ilə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanacaqdır.
49. Göründüyü kimi, cavabdeh orqan iddiaçı tərəflə aralarında yaranmış mübahisəyə münasibətdə məhkəmədənkənar müvafiq inzibati icraata başlamış, həmin icraat çərçivəsində müsbət rəylər alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirildikdən sonra iddiaçı ilə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanacağını bildirmişdir.
50. Məhkəmə prosesində iştirak etmiş iddiaçının nümayəndəsi də cavabdeh orqanın məhkəməyə təqdim etdiyi məktubunda qeyd etdiklərini təsdiqləmişdir.
51. Göründüyü kimi, tərəflərin mövqeləri hazırki mübahisəyə münasibətdə üstüstə düşür.
52. İPM-in 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.
53. Hazırki işdə iddiaçı tərəf İPM-in 55-ci maddəsinə əsasən iddiadan imtina etmir, nə də ki, İPM-in 66-cı maddəsinə əsasən tərəflər arasında barışıq sazişi və ya müştərək bəyanata dair razılıq mövcud deyildir.
54. Bununla da, məhkəmə tərəfindən müəyyən olunur ki, hazırki tələbə münasibətdə icraata xitam verilməsinə dair qərardadın qəbul edilməsinə dair əsaslar mövcud deyildir, iddiaçı tərəf də icraata xitam verilməməsini xahiş etmişdir.
55. Eyni zamanda, hazırki halda məhkəmə araşdırması zamanı təsdiq olunur ki, mübahisənin məhkəmədənkənar həlli istiqamətində tərəflər arasında narazılıq mövcud deyildir və cavabdeh orqan iddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlanması istiqamətində müvafiq tədbirlər görməkdə davam edir, bu tədbirlərin görülməsi iddiaçı üçün də aşkardır.
56. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki vəziyyət İİQ-nin 13-cü maddəsinə uyğun gəlir. İİQ-nin 13-cü maddəsinə görə (etimad hüququnun qorunması prinsipi), 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (-) 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
57. Sadalanmış normaların mahiyyəti ondan ibarətdir ki, inzibati icraata dair qanunvericilik etimad hüququnun qorunmasının xüsusi tərkib hissəsi kimi inzibati orqanın verdiyi yazılı vədlərə və bəyanatlara olan etimadı göstərir. Bir halda ki, inzibati orqan maraqlı şəxs ilə müqayisədə daha güclü mövqeyə malikdir və o, öz vədlərini və bəyanatlarını iradəsinə əsaslanaraq reallaşdıra bilər, o zaman əvvəlcədən hansı bəyanatları və vədləri verdiyini və nəticələrini müəyyən etməlidir. İnzibati orqanın verdiyi bəyanatlar və vədlər bir-birinə zidd olmamalı və bir-birini tamamlamalıdır. Bu hal həm də şəxsə imkan verir ki, öz mövqeyini və imkanlarını aydın şəkildə görə bilsin. Həmçinin, inzibati orqanın bəyanatları və vədləri mütləq konkret inzibati icraatla bağlı olmalıdır. Maraqlı şəxs hər bir halda bilməlidir ki, konkret hal ilə bağlı olduğundan bu bəyanatlar və vədlər onun hüquq və qanunla qorunan maraqları ilə bağlıdır.
58. Göründüyü kimi, İİQ-nin 13-cü maddəsi hüquqi müəyyənlik prinsipinin tərkib hissəsi olan şəxlərin qanuni gözlənti hüququnu nəzərdə tutur. Lakin normadakı “bəyanat” İPM-də nəzərdə tutulan “müştərək bəyanat”la eyniyyət təşkil etmir. Belə ki, müştərək bəyanat bir qayda olaraq, icraat gedişində iddiaçının hüquqi müdafiəyə olan marağının itdiyi hallarda verilir.
59. İİQ-nin 13-cü maddəsinə əsasən, “vəd və bəyanata dair” aşağıdakı şərtlər müəyyən edilmişdir: - yalnız yazılı formada olmalıdır; - inzibati orqan tərəfindən gələcəkdə müəyyən bir inzibati aktı qəbul edəcəyi və ya qəbul etməyəcəyi (aydın və konkret şəkildə) vəd və ya bəyan edilməlidir.
60. Hazırki iş üzrə cavabdeh orqan aydın şəkildə qeyd etmədən bildirmişdir ki, müsbət rəylər alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirildikdən sonra iddiaçı ilə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanacaqdır.
61. Belə olan halda, nə qədər ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi yazılı mövqeyi (bəyanı) mövcuddur, məhkəmə hesab edir ki, mübahisə predmetinə qiymət vermək üçün, hər bir halda hazırda davam edən məhkəmədənkənar icraatın nəticəsində orqanın əməli (müvafiq inzibati aktın qəbulu, müqavilənin bağlanması və ya hərəkətsizlik etməsi – hazırki iş üzrə bu hal təsdiqini tapmamışdır) də qiymətləndirilməlidir. Çünki, vəd və ya bəyanat inzibati akt olmasa belə, prosessual davranış olduğundan, məhkəmənin araşdırma predmetini təşkil edir. Bəyanat və ya vəd inzibati akt olmadığından, məhkəmə onun əsasında cavabdeh orqanın üzərinə birbaşa inzibati aktın qəbul edilməsi öhdəliyini qoya bilmir, həmçinin bu hissədə orqanın səlahiyyətinə müdaxilə edilməməsi qanunvericiliyin tələbidir.
62. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. ...”
63. Hazırki iş üzrə məhkəmə cavabdeh orqanın bəyanatını (vədini) iddiaya münasibətdə əvvəlki mövqeyindən imtina kimi də qəbul edə bilmir. Çünki, məhkəməyə bildirilir ki, “ ... müsbət rəylər alındıqdan sonra ...” müqavilə bağlanacaqdır. Yəni, orqan tərəflər arasında mübahisənin məhkəmədənkənar həllinin “müsbət rəylər”dən asılı olduğunu bildirir.
64. Əlavə olaraq məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə inzibati icraat aparmaq və ya natamam olan və ya hazırda da davam edən inzibati icraatı tamamlamaq öhdəliyi daşımır. Məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
65. Yuxarıda göstərilən halları ümumilikdə nəzərə almaqla məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllinə dair inzibati orqan tərəfindən aparılan icraat yekunlaşmadığı üçün, iddiaçının hazırki tələbinə münasibətdə icraatla bağlı qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
66. Şərh edilənlərə və İİQ-nin 13-cü maddəsi və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova