Məhkəmə qərarları › İş №2-1(118)-100/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-100/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-100/2024 22.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağ massivində yerləşən 1200 kvadrat metr olan B-5036 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair onun müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağ massivində yerləşən 1200 kvadrat metr olan B-5036 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair onun müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri “Novxanı” bağ massivində yerləşən 5036 saylı bağ torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsinin daxilində yerləşən bələdiyyə mülkiyyətində olan əlavə 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə 2007-cı ilin noyabr ayında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun müraciəti məqsədəuyğun sayılaraq Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır.Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin müraciətinə cavab olaraq Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 19 fevral 2008-ci il tarixli, 02/222 saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olğuğu bildirilmiş, bundan sonra o, torpağın tələb olunan alqı-satqı haqqı olan 2165 (iki min bir yüz altmış) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəmişdir. Sumqayıt Bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli 05 saylı qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5036 saylı bağ torpaq sahəsinin mülkiyyət sənədində göstərilən ölçüdən əlavə istifadə olunan sahəsi 1200 kvadrat metr torpaq sahəsi B-5036 sıra sayı ilə onun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə onun arasında 05 mart 2008-ci il tarixdə “Torpaq alqı-satqısına dair akt” tərtib edilərək imzalanmış, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də “Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək 15 aprel 2008-ci il tarixdə X4 kitabında qeydiyyata alınmışdır. Bir müddət əvvəl sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin müraciətinə verdiyi 08 iyun 2022-cı il tarixli, **********06 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina olunmasının səbəbləri kimi ərizəyə müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin əlavə edilməməsi, torpağın alqı-satqı aktının qanunvericiliyin tələblərinə zidd olaraq 2008-ci ildə tərtib edilməsi, əlavə 0,0559 ha torpaq sahəsinin zəbt olunması və torpağın yerləşdiyi ərazinin guya Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası üçün göstərdiyi əsaslar bəhanədən başqa bir şey deyildir və imtina tamamilə əsassız və qanunaziddir. Qeyd olunan səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-5036 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə dair sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar olunmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq 2008-ci ildə Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən müvafiq torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmişdir və ərizəyə bələdiyyə ilə qanunamüvafiq qaydada bağlanmış müqavilə, qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi əlavə olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə edilən məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ərazinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyi və 0.0559 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmçinin qeyd edilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli 2(060)-353/11 saylı Qətnaməsi ilə 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Məhkəmə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il il tarixli, 05 saylı qərarından görünür ki, Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan B-5036 saylı sağ sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. - 01 saylı, 22 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına 2165 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 70 saylı, 25 fevral 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, İddiaçı tərəfindən ona ayrılmış 1200 kv.metr ha torpaq sahəsinin satılması müqabilində Sumqayıt şəhər bələdiyyəsinin hesabına 2165 manat pul vəsaiti köçürülmüşdür. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 039207 saylı, 15 aprel 2008-ci il tarixdə 1455 nömrə ilə qeydə alınmış plan-ölçü sənədinin surətindən görünür ki, mübahisəli torpaq sahəsinin koordinatlarına dair İddiaçı adına plan-ölçü sənədi tərtib edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-353/11 saylı, 17 oktyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının İddiaçı ayrılmış torpaq sahəsinə dair qərarın ləğv edilməsi hissəsində etibarsız sayılması, “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kv.metr olan B-5036 saylı bağ torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 saylı iclas protokolunun-qərarının və həmin bağ torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə Sumqayıt şəhər Bələiyyəsi arasında bağlanmış aktının etibarlı hesab edilməsi qət edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 18 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsininin yaşayış məntəqələri torpaqlarına aiddir. - Məhkəməyə sorğu əsasında 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin ərazisi 1200 kvadrat metr olmaqla, daxilində zəbt torpaq sahəsi yerləşmir; mübahisəli torpaq sahəsi 2019-cu ildə təsdiqlənmiş bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyısinin hüdudları daxilində yerləşmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 08 yanvar 2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Sumqayıt bələdiyyəsinin 22 fevral 2008-ci il il tarixli, 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 08 yanvar 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan B-5036 saylı bağ sahəsinin Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılması qərara alınmış, qeyd olunan torpaq sahəsi həmin vaxtdan da onun istifadəsində və sahibliyində olmuşdur. İddiaçı tərəfindən 22 fevral 2008-ci il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 2165 (iki min bir yüz altmış beş) manat məbləğində pul Sumqayıt şəhər bələdiyyəsinin hesabına ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. Eyni zamanda qeyd olunan hal Sumqayıt şəhər Məhkəməsinin 2(060)-353/11 saylı, 17 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 08 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi:

1. Qanunvericiliyin tələblərinə zidd olaraq 2008-ci ildə Sumqayıt Şəhər Bələdiyyəsi ilə qanunamüvafiq qaydada bağlanmış müqavilənin və qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin ərizəyə əlavə olunmamasını;

2. Elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ərazinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyini və 0.0559 ha zəbt torpaq sahəsinin olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il il tarixli, 05 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmışdır. Beləliklə, torpaq sahəsi satılarkən bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 22 fevral 2008-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 2165 (iki min yüz altmış beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 2165 (iki min yüz altmış beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il il tarixli, 05 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının qeyd olunan qərardan sonra qəbul edilməsi, eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinə dair müvafiq İcra hakimiyyətinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəinin müvafiq rayon şöbəsinin rəylərinin alınmadan torpaq sahəsinin iddiaçıya ayrılması isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının sonradan tərtib edilməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Cavadeh orqan imtinasının digər bir əsası kimi isə elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ərazinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyini və 0.0559 ha zəbt torpaq sahəsinin olduğunu qeyd etmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən göstərilən dəlilin araşdırılması üçün bir neçə dəfə cavabdeh orqana sorğu məktubu göndərsə də, cavabdeh orqan imtinasında göstərdiyi halları özündə əks etdirən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəməyə sorğu əsasında daxil olmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin ərazisi 1200 kvadrat metr olmaqla, daxilində zəbt torpaq sahəsi yerləşmir; mübahisəli torpaq sahəsi 2019-cu ildə təsdiqlənmiş bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyısinin hüdudları daxilində yerləşmir. Göründüyü kimi cavabdeh orqan mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılandan uzun müddət sonra, yəni 2019-cü ildə təsdiqlənmiş xəritəyə əsasən Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyini bildirmiş, lakin, faktiki hansı bələdiyyənin ərazisində yerləşdiyini sübut edə bilməmiş, mübahisəli torpaq sahəsinin ərazisində zəbt torpaq sahəsinin olmaması halını isə özü öz məktubu ilə təsdiq etmişdir. Həmçinin məhkəməyə sorğu əsasında təqdim edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, hal-hazırki mübahisə predmeti olan torpaq sahəsinin yanında – Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.0416 ha torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə həmin torpaq sahəsinin yanında yerləşən mübahisə predmeti olan torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşməsi halı tam əsassızdır. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış Sumqayıt şəhəri, “Novxanı” bağ massivində yerləşən sahəsi 1200 kvadrat metr olan B-5036 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarış v plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış Sumqayıt şəhəri, “Novxanı” bağ massivində yerləşən sahəsi 1200 kvadrat metr olan B-5036 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar