Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1000/2025 02.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 14 yanvar 1995-ci il tarixli əmr çıxarışla 25 nömrəli qərara əsasən savxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi fondundan ona ayrılan 0,2 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 14 yanvar 1995-ci il tarixli əmr çıxarışından göründüyü kimi 25 nömrəli qərara əsasən savxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi fondundan 0,2 ha torpaq sahəsi ayrılmışıdr. İddiaçı Abşeron Dövlət Arxivinə müraciət edərək torpaq sahəsinin ayrılmasına dair arxiv sənədi alsa da yerləşmə sxemi olmadığı üçün Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısına müraciət ünvanlamışıdır. xx.xx.2023-cü il tarixli məktubda yerləşmə sxemi verməkdən imtina etmiş və şifahi əsasla bununla bağlı Daşınmaz Əmlaka müraciət olunması bildirilmişdir. cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, çizgi-plan, çizgisxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “torpaq sahəsinin yerquruluşu planı” adlanır. Yerquruluşu işləri ƏMDX həyata keçirir və tələbdə qeyd olunanlar müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Əlavə olaraq iddiaçının iddia etdiyi yerləşmə sxeminin (yerquruluşu planından çıxarış) hazırlanması üçün Rayon İcra Hakimiyyətində texniki vasitələr, bu sahə üzrə mütəxəssis və torpaqların elektron kadastr bazası mövcud deyildir. Eyni zamanda Abşeron rayon XDS İK və eləcə də Abşeron rayonunun idarəçiliyində olan keçmiş sovxozlar tərəfindən verilmiş əmr, qərar və sərəncamlarla Bakı şəhərinin inzibati ərazisində yerləşməklə Abşeron rayonunun idarəçiliyində olan sovxozlara məxsus torpaq sahələrindən həmin sovxozlarda çalışan şəxslərə fərdi yaşayış evlərinin tiklintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerləşdiyi ərazilər, eləcə də iddia tələbində qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3615/2024 nömrəli qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-943/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-3615/2024 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-1000/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1000/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver