Məhkəmə qərarları › İş №2-1(118)-1001/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1001/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1001/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0821 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 Abşeron Rayon İcra Hakimiyyətinin 22 iyul 1992-ci il tarixli 318 saylı qərarı ilə 0.10 ha bağçılıq bostançılıq məqsədilə torpaq sahəsi ayrılmışdır. Bundan başqa həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair texniki pasportda da torpaq sahəsi 0,10 ha göstərilmişdir. Hazırda isə torpaq sahəsinin faktiki sahəsi 0,0821 ha-dır. Bildirir ki, anası vəfat onun adına vərəsəlik işi açılmışdır və atası tərəfindən miras əmlak qəbul edilmiş daha sonra isə atası rəhmətə getdikdən sonra isə onun adınaa vərəsəlik işi açılmışdır. İddiaçı göstərilən torpaq sahəsi üzərində hüquqların anası X4 məxsus olması barədə arayışın verilməsi barədə cavabdeh orqana müraciət etsə də nəticəsi olmamışdır. Cavabdeh orqan tərəfindən imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrinə hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətimin olmadığı qeyd edilmişdir. Lakin müraciətə əlavə edilmiş sənədlərdə ərizəçi tərəfindən vəkilə verilmiş etibarnamə də olmuşdur. Həmin etibarnamə də isə cavabdeh orqana müraciət etmək hüququ xüsusi olaraq qeyd edilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”mn təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventariaşdırma orqanları tərəfindən 2001 -ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda—hüququ müəyyən edən sənədlərə istinadın-olduğu-və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnu təsdiq edən sənəd kimi tanınmışdır.Mərhum anası X2 adına olan 1998-ci ilin sentyabr ayında verilmiş texniki pasportda da torpaq sahəsinin sahəsi 0,10 ha göstərilmiş və torpaq sahəsinin ölçüləri göstərilməklə planı çəkilmişdir. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar mülkiyyət hüququnu təsdiq edən sənəd kimi tanınmışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0821 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinin olmadığı müəyyən olunmuşdur. Daha sonra cavabdeh təşkilat məhkəmənin sorğusuna əsasən bildirmişdir ki, müraciətinizə əlavə olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və yerində 3 ayrı qeyri-yaşayış binasının mövcud olduğu, sözügedən texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki arasında konfiqurasiya fərqi olduğu, həmçinin başqa şəxsə məxsus JN-2816 nömrəli Dövlət aktı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında, bir hissəsinin isə ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində yerləşdiyi, həmçinin sözügedən torpaq sahəsinin bağçılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində ifadə verən cavabdehin nümayəndəsi bildirmişdir ki, etirazda yazılanları müdafiə edir. Lakin torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınarkən dövlət aktının olması mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün əsas ola bilməz. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-21-3-32/2-T-0006-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etirazı, Cavabdehin 3-21-3-32/2-14482/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 102 olan 18077 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının surəti, X1 planından çıxarışın surəti, Ölüm haqqında şəhadətnamənin surəti, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 626 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surəti, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 5491 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, cavabdehin 321332/2-2161/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin 321332/2-4621/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKRin 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 3-21-3-32/2-T-0006-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının mərhum anası X4 Abşeron rayonu, Novxanı kəndində 0,10 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 22 iyul 1992-ci il tarixli 318 saylı qərarı ilə ayrılmışdır. Sonradan mərhumun adına həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 102 olan 18077 reyestr nömrəli Qeydiyyat vəsiqəsi rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Daha sonra İddiaçı həmin torpaq sahəsi üzərində anasının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və yerində 3 ayrı qeyri-yaşayış binasının mövcud olduğu, sözügedən texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki arasında konfiqurasiya fərqi olduğu, həmçinin başqa şəxsə məxsus JN-2816 nömrəli Dövlət aktı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında, bir hissəsinin isə ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində yerləşdiyi, həmçinin sözügedən torpaq sahəsinin bağçılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi aşkar edilməsinin göstərilməsidir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, mərhum anası X4 0,10 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 22 iyul 1992-ci il tarixli 318 saylı qərarı ilə ayrılmışdır.Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 102 olan 18077 reyestr nömrəli Qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin onun mülkiyyətində olması göstərilmiş və 1998-ci ilin sentyabr ayında qeyd olunan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququları qeydə alınmalıdır. Yuxarıda qeyd olunan texniki pasportun 2-ci səhifəsinin 2-ci bəndində torpaq sahəsinin ölçüsünün 0.10 ha olması qeyd olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi X1 planından çıxarışın surətindən müəyyən olunur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.0821 hektardır. Ona görə də məhkəmə hesab edir ki, mərhumun adına 0.0821 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş cavabdehin 321332/2-2161/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda da görünür ki, iddiaçıya məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə qismən üst-üstə düşür. Həmçinin, həmin məktubda üst-üstə düşmənin Dwg sürüşməsindən qaynaqlandığı bildirilmiş və qismən sürüşmənin üst-üstə düşdüyü torpaq sahəsinin iddiaçının adına tətib edilmiş JN- 2816 nömrəli Dövlət aktı olduğu müəyyən olunmuşdur.Cavabdehin bu arqumentinə münasibətdə bildirilir ki, iddiaçının mərhum anasına aid faktiki istifadəsində olan torpaq sahəsinin müayinəsi zamanı həmin torpaq sahəsinə dair hər hansı mübahisənin olmaması və ya torpaq sahəsinin başqa hər hansı bir məhkəmə mübahisəsinin predmeti olması barədə məlumat aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsini qeyd edir və iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin hər hansı bir şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsini bildirir. DTXK-si tərəfindən “Pulkovo 1945” koordinat sistemi ilə müəyyən edilmiş koordinatların DƏDRX-nin istifadə etdiyi “DWJ” koordinat sistemi ilə müəyyən edilmiş koordinatlar arasında olan uyğunsuzluğa görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi arqument əhəmiyyətsizdir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdehin 321332/2-4621/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş daşınmaz əmlaklara dair çıxarışlar dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamasındakı göstərdiyi mövqe “İnzibati İcraat haqqında” Qanunun 11-ci, 13-cü, 18-ci və 19-cu maddələrinin tələblərinə ziddir. Digər tərəfdən cavabdehin torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyinə münasibətdə bildirilir ki, məhkəmə tərəfindən daşınmaz əmlakın müayinəsi aktı alınmış və həmin aktda torpaq sahəsinin "xxxx" ASC-nin mühafizə zolağında yerləşməsi barədə müvafiq qeydin olmaması aşkarlanmışdır. Belə olan halda cavabdehin etirazında göstərdiyi mövqe özünün əsassız mülahizəsinə əsaslanmışdır. Həmçinin torpaq sahəsinin bir hissəsinin isə ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində yerləşdiyinə münasibətdə bildirirlir ki, normativ hüquqi aktlarda ümumi istifadədə olan gediş-gəliş yolu anlayışı mövcud deyildir. Sözügedən torpaq sahəsinin bağçılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyinə münasibətdə isə bildirilir ki, qeyd olunan torpaq sahəsinin bağçılıq üçün ayrılan torpaq sahələrindən kənarda yerləşməsinin necə müəyyən edilməsi ilə bağlı cavabdeh təşkilat hər hansı bir dəlil təqdim etməmişdir. Belə ki, qeyd olunan halın araşdırılması müəqsədi ilə həm cavabdeh təşkilata, həm də "xxxx" MMC-yə sorğu göndərilmiş, lakin hər iki təşkilat torpaq sahəsinin bağçılıq üçün ayrılan yerdən kənarda yerləşib-yerləşməməsi barədə məhkəməyə məlumat təqdim edə bilməmişdilər. Belə olan halda məhkəmə qeyd edilən arqumenti də əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, qeydiyyat vəsiqəsində adı göstərilmiş şəxs X5 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDKR -də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0821 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar