Məhkəmə qərarları › İş №2-1(118)-1005/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1005/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1005/2025 30.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona əlilliyin təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 17 may 1993-cü il tarixdən N noyabr 1994-cü il hərbi hissədə qulluq etmişdir. 1994-cü ildə Füzuli rayonunda erməni gülləsindən sağ çiyin nahiyəsindən yaralanmışdır. Dəfələrlə çiyin əməliyyatı olmuşdur, müharibədə aldığı xəsarətlər nəticəsində qarnından əməliyyat olmuşdur, epilepsiya xəstəliyinə tutulmuş, dəfələrlə müalicə almışdır. Azərbaycan Respublikası MHHK-nın xx.xx.1994-cü il tarixli 260 saylı qərarına əsasən aldığı travmalar və güllə yarasının hərbi travma olmasına baxmayaraq əlillik təyin edilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, əlilliyin qiymətləndirilməsi qaydasına əsasən 3.2. Əlillik sonrakı vəziyyət. Sağ yuxarı ətrafın dərin monoparezi, Xroniki ağrılı sindrom. Kranialqiya. Pozision başgicəllənmə-vestibulopatiya.” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Fetal NS Genetik Mərkəzinin xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Su EMG müayinəsində olan dəyişikliklər sağ braxial pleksusun üst trunkusunun ağır ifadəli xroniki tip zədələnməsi ilə uyğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2016-cı il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı adına oğlunda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 389 nömrəli arayışda qeyd edilir ki, “Sağ çiyin qurşağının dəlib keçən odlu silah güllə yaralanması nəticəsində sağ bazu kələfi sinirlərinin zədələnməsinin nəticələri” diaqnozu ilə o, “Xəstəliklər cədvəli”nin 14v qrafasının İ bəndi ilə ehtiyata buraxılmışdır. Travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə alınmışdır. İddiaçı adına Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00102233CPL saylı Forma 088 göndərişində qeyd edilmişdir..”Xəstəliyin başlanma tarixi: xx.xx.2010-cu il tarixdəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: Y36.4-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80dər.) G83.1- Aşağı ətrafların monoplegiyası. Sağ yuxarı ətrafın dərin monoparezi. Xroniki ağrı sindromu. M62.5- Əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin atrofiyası. T92-Yuxarı ətraf travmalarının nəticələri. Sağ yuxarı ətrafın funksiya pozğunluğu. Yanaşı xəstəliklər: S06- Kəllədaxili travma. Qapalı КВТ-dan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya; G40-Epilepsiya, epileptik tutmalarla.” Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: xx.xx.2023-cü il. Akt № xxxxxxx0005. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi- Xeyr; Diaqnozun mətni: - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazu kələfinin zədələnməsi. Oynaqların kontrakturası. Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80dər.) Aşağı ətrafların monoplegiyası. Sağ yuxarı ətrafın dərin monoparezi. Əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin atrofiyası. Mərkəzə göndərilmənin\İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinələ ilə öz təsdiqini tapmır. Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: xx.xx.2024-cü il. Akt № xxxxxxx0006. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi- Xeyr; Diaqnozun mətni: - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazu kələfinin zədələnməsi. Mərkəzə göndərilmənin\İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir . Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4\3-3-520\2024 nömrəli qərarından görünür ki, xx.xx.2024cü il tarixdə vətəndaş İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ çiyin nahiyəsində çapıqlar izlənilmiş, sağ yuxarı ətrafda hərəkətləri sərbəst olmuş, qarının ön divarında xəncərvari çıxıntıdan sağ qasıq nahiyəsinə qədər uzanan əməliyyat çapığı və əməliyyat yerində yırtıq izlənilmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmişdir. Qazax rayon Psixiatriya Xəstəxanasının 2022-ci il şıxarışında qeyd olunmuş diaqnoz klinik olaraq öz təsdiqini tapmamışdır. X2 və Ortopediyanın 2023-cü il tarixli tibbi rəyindəki diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji nevroloji dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T553/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 389 nömrəli arayışında göstərilən “Sağ çiyin qurşağının yüngül güllə yarası ilə sağdakı braxial pleksusun sinirlərinin zədələnməsinin nəticələri” diaqnozu öz təsdiqini şəxsin məhkəmə tibbi müayinəsi zamanı sağ çiyin qurşağında aşkar edilmiş çapıqların varlığı ilə təsdiq olunur.

2. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00102233CPL saylı Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla sağ bazunun yuxarı 1/3 güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazu kələfinin zədələnməsi. Oynaqların kontrakturası. Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80dər.) Aşağı ətrafların monoplegiyası. Sağ yuxarı ətrafın dərin monoparezi. Xroniki ağrı sindromu. Əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin atrofıyası. Yuxarı ətraf travmalarının nəticələri. Sağ yuxarı ətrafın funksiya pozğunluğu. Kəllədaxili travma. Qapalı КВТ-dan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya; G40- Epilepsiya, epileptik tutmalarla.” diaqnozlar xəstəyə stasionarda qoyulsa da, istər şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da, istərsə də hazırkı əyani müayinələrində nevroloji olaraq yuxarı ətraflarda reflekslərin canlı və bərabər çağırılması, əzələ gücü və tonusunun normal olması, hipotrofıya, atrofıya və parezin olmaması, Qazax rayon Psixiatriya Xəstəxanasının 2022-ci il çıxarışında və X2 və Ortopediyanın 2023-cü il tarixli tibbi rəyindəki diaqnozların klinik öz təsdiqini tapmaması, EMG müayinəsinin nəticəsinin əlillik təyinatına əsas verməməsi əlillik təyinatına əsas verə biləcək patoloji nevroloji dəyişikliklərin aşkar edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini aid etməyə əsas vermədi. Yuxarıda qeyd edilən diaqnozların, hərbi xidmətdə aldığı güllə yarası ilə birbaşa səbəb əlaqəsi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T251/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,3,4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: : Y36.4-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə), G83.1- aşağı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın dərin monoparezi, xroniki ağrı sindromu, M62.5-əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, T92-yuxarı ətraf travmalarmm nəticələri, sağ yuxarı ətrafın funksiya pozğunluğu. Yanaşı xəstəliklər: S06kəllədaxili travma, qapalı КВТ-dan sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40epilepsiya, epileptik tutmalarla” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmiş, EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinə zamanı bazu oynağında hərəkət məhdud olmuş, əzələlərdə atrofıya izlənilməmişdir. Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnozdakı xəsarətlər travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır (Əsas 389 nömrəli, xx.xx.1994-cü il tarixli MN-nin MHHK-nm arayışı). Ağırlaşmalar isə əsas xəstəliyin ağırlaşmalarıdır, yanaşı xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləridir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: “ilə Y36.4, G56, M24.5, M62.5, R26.8, G56.9, M19.1, R52.O-Odlu silah yaralanması, sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi, sağ braxial pleksunun ağır ifadəli xroniki tip zədələnməsi, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80°), sağ yuxarı ətraf əzələlərinin atrofiyası, funksiya pozğunluğu, sağ acromioclavikulyar oynaqda İİ artroz, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur.

2. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq M24.5, M62.5, T92 XBT kodları üzrə xəstəliklərin əlillik təyinatına əsas vermədiyi, G83.1 (Sağ yuxarı ətrafın parezi) təsdiqini tapdığı halda orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlillik təyinatına əsas verdiyinə, S06 XBT kodu baş beynin əzilməsi (kontuziyası) nəticəsində müəyyən ağırlaşmalar olduqda əlillik təyinatına əsas verə bildiyi, iddiaçıda qeyd edilən diaqnozların əlillik əlaməti təyin etmədiyi qeyd edilmişdir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T251/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,3,4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: : Y36.4-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə), G83.1- aşağı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın dərin monoparezi, xroniki ağrı sindromu, M62.5-əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, T92-yuxarı ətraf travmalarmm nəticələri, sağ yuxarı ətrafın funksiya pozğunluğu. Yanaşı xəstəliklər: S06kəllədaxili travma, qapalı КВТ-dan sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40epilepsiya, epileptik tutmalarla” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmiş, EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinə zamanı bazu oynağında hərəkət məhdud olmuş, əzələlərdə atrofıya izlənilməmişdir. Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnozdakı xəsarətlər travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır (Əsas 389 nömrəli, xx.xx.1994-cü il tarixli MN-nin MHHK-nm arayışı). Ağırlaşmalar isə əsas xəstəliyin ağırlaşmalarıdır, yanaşı xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləridir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: “ilə Y36.4, G56, M24.5, M62.5, R26.8, G56.9, M19.1, R52.O-Odlu silah yaralanması, sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi, sağ braxial pleksunun ağır ifadəli xroniki tip zədələnməsi, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80°), sağ yuxarı ətraf əzələlərinin atrofiyası, funksiya pozğunluğu, sağ acromioclavikulyar oynaqda İİ artroz, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” XBT 10 kodu G81-G83 olan bənd 6.5.1.1. orqanizm funksiyalarının 40 % pozulmasına görə 1 il müddətinə, XBT 10 kodu S02-S09 olan bənd 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası orqanizm funksiyalarının 65-80 % pozulması 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. İddiaçı adına oğlunda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 389 nömrəli arayışda qeyd edilir ki, “Sağ çiyin qurşağının dəlib keçən odlu silah güllə yaralanması nəticəsində sağ bazu kələfi sinirlərinin zədələnməsinin nəticələri” diaqnozu ilə o, “Xəstəliklər cədvəli”nin 14v qrafasının İ bəndi ilə ehtiyata buraxılmışdır. Travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə alınmışdır. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar