Məhkəmə qərarları › İş №2-1(118)-1006/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1006/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1006/2025 28.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 01/02-417 nömrəli qərarının 100 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib 100 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır və həmin ünvanda da qeydiyyatdadır. 2010-cu ildən də bu ünvanda yaşayır, 10 fevral 2024- cü il tarixində e-icra-dan şəxsi nömrəsinə sms gəlmişdir ki, “sizin Abşeron rayon icra ve probasiya şöbəsində 37613/2024-27-29-004 saylı xx.xx.2024-cü il tarixli icra işi üzrə icrahata başlamaq haqqında qərar qəbul edilmişdir”. Cavabdeh Xırdalan Bələdiyyəsi onu 165.48 manat borclandıraraq iş üzrə sənədlərini Abşeron rayon icra və probasiya şöbəsinə vermişdir. xx.xx.2024-cü il tarixində cavabdehdən bu borcun açıqlaması soruşanda, orda əməkdaş demiş ki, illik əmlak vergisi üçün 2021-13.38 manat +2022- 13.38 manat +2023-13.38 manat + 2024-13.38 manat + 11.96 faiz + 100 manat maliyyə sanksiyasıdır. Borcları ilə tam razıdır, 1 bənddən başqa, hansı ki 100 manat maliyyə sanksiyası ilə razı deyil. Belə ki, cavabdeh ona heç bir bildiriş göndərməyib. Xırdalan Bələdiyyəsini şikayət etməkdə məqsədi ona yazılan 165.48-100=65.48 manatı ödəməyə hazırdır, amma bu maliyyə sanksiyasını 100 manat hissəsində silinməsini xahiş edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 01/02-417 nömrəli qərarın surəti, Abşeron rayon İcra və probasiya şöbəsinin 37613/2024-27-29-004 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişi, daşınmaz əmlaka dair **********04-05301-093000 reyestr nömrəli çıxarışın surəti, ödəniş qəbzi və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur Həmin Məcəllənin 200-cü maddəsinə əsasən Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası; Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı madəsinə görə Aşağıdakılar icra sənədləri sayılır:-6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar.... İş materialları ilə müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3 ünvanda yerləşən 109 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrindən verilən **********04-05301-093000 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir.Xırdalan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01/02-417 nömrəli qərarı ilə iddiaçı barəsində ümumilikdə 165,48 manat vergi borcunun tutulması və Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçıya göndərilmiş tədiyyə bildirişində ötən dövrlər üzrə vergi borcu – 40,14 manat, əmlak vergisi – 13,38 manat, faiz məbləği 11,96 manat, maliyyə sanksiyası – 100 manat olmaqla, ümumilikdə 165,48 manat borc hesablanmışdır. Qanunvericliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda çıxarışdan da göründüyü kimi iddiaçı mənzili mülkiyyətçisi olmasına, habelə vergi ödəyicisi olmasına baxmayaraq öz üzərinə düşən öhdəlikləri, habelə konstitusion vəzifələri icra etməmiş və mübahisələndirilən qərarın qəbul edildiyi ərəfədə əmlak vergilərini ödəməsinə dair məhkəməyə və ya cavabdeh orqana sübut qismində qəbz və s. təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçı barəsində əmlak vergisini tələb etməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 01/02-417 nömrəli qərarının 100 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar