Məhkəmə qərarları › İş №2-1(118)-1009/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1009/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1009/2022 12.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X6, X7, X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis İdarəsinə qarşı “cavabdehlər X6, X7, X4, X5, X3, X2 iddiaçının mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılmaları” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində 24.06.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 1-da 43,40 kvadrat metr yaşayış sahəsi olan mənzili vardır. İddiaçı yuxarıda qeyd etdiyi mənzilə mülkiyyət əldə etdikdən sonra ona məlum oldu ki, aldığı evin sahibinin özü və ailə üzvləri həmin evdə pasport qeydiyyatında qalmışlar, o, həmin evdə qeydiyyatda olan şəxslərin evindən qeydiyyatdan çıxmağı təklif etmişdir, lakin onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaq istəmirlər, onların iddiaçının evində qeydiyyatda qalmaları mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədir. İddiaçı qeyd olunan şəxslərin mülkiyyətində olan evin qeydiyyatından çıxarılması üçün Cavabdeh nəznində Qeydiyyat Məsələləri qrupuna 16.12.2021-ci il tarixdə rəsmi müraciət etmişdir, lakin qeyd olunan təşkilat ona cavab verməmişdir, ona görə də qanunla müəyyən edilmiş müddəti gözləyərək məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.06.2020-ci il tarixli çıxarışdan aşkar olur ki, iddiaçı ünvan 1-da yerləşən evin mülkiyyətçisidir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aşkar olur ki, iddiaçıya məxsus mənzildə 6 nəfər kənar şəxs qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə etdiyi ərizə və poçt bildirişindən aşkar olur ki, o, 16 dekabr 2021-ci il tarixdə mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün rəsmi qaydada müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22.02.2022-ci il tarixli qərardadı ilə X13, X14, X10, X11, X8, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus mənzildən qeydiyyatdan çıxarmaq üçün qeyd etdiyi şəxslərdən X10 onun həyat yoldaşı, X11 və X8 isə onun azyaşlı övladlarıdır. Onlar iddiaçının ailə üzvü olmaqla birgə yaşayırlar. Həmin şəxslərin adı iddia tələbində yanlış olaraq qeyd edilmişdir. Odur ki, iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək X6, X7, X2 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxslərə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən 24.06.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 (bundan sonra – mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarına daşınmaz əmlakın texniki pasportu da əlavə edilmişdir. • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 05.04.1963-cü il təvəllüdlü X14, 08.09.1998-ci il təvəllüdlü X9 və 27.08.1970-ci il təvəllüdlü X13 mübahisəli mənzildə qeydiyyatdadırlar. • “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışla da X6, X7, X2 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları müəyyən edilir. • İddiaçının cavabdehə ünvanlanmış məktubu və poçt qəbzi ilə onun üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarmaq istəyi ilə bağlı müraciətinin mövcud olduğu müəyyən edilir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər X13, X14, X9 yaşayış sahəsində formal olaraq pasport qeydiyyatındadırlar. Belə ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi rabitə orqanı geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 05.04.1963-cü il təvəllüdlü X14, 08.09.1998-ci il təvəllüdlü X9 və 27.08.1970-ci il təvəllüdlü X6 iddiaçının mülkiyyətində olan oğlu Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 62-də yerləşən yerləşən 40 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər - X13, X14, X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar