Məhkəmə qərarları › İş №2-1(118)-101/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-101/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-101/2024 20.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinə xx.xx.2022-ci il tarixli ərizə ilə imtina edilmişdir. xx.xx.2014-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən satıcının nümayəndəsi X7 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli **********91 reyestr nömrəli çıxarışa əsasən X3 icarəsində olan Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən 0,0962 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 7500 manata satmışdır. Yəni, iddiaçının aldığı torpaq sahəsinin əvvəldən çıxarışı olmuşdur. Həmin torpaq sahəsinin qonşu torpaq sahələri ilə üstüstə düşməsi qeyri-mümkündür. Əvvəlki torpaq sahəsinin koordinatları mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, iddiaçıya icarəyə verilmiş 0,05 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq var. Həmçinin, torpaq sahəsinin natura quruluşu və yeri dəyişdirilmiş, eləcə də müraciətdə göstərilən torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən sənəd üzrə torpaq sahəsinin hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və düşdüyü təqdirdə bununla bağlı məlumatların müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdeh orqana sorğu göndərilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda mübahisəli torpaq sahəsinin başqa – **********41, **********59, **********74 reyestr nömrəli çıxarışlarda (əlavə edilməklə) hüquqları qeydə alınan şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü bildirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə sözügedən çıxarışlarda hüquqları qeydə alınan şəxslər – X1, X2 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclası barədə üçüncü şəxslərə bildiriş göndərilməsinə baxmayaraq iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3: İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1: Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Həmin Qərara əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqəsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli, **********91 reyestr nömrəli çıxarışa əsasən X3 icarəsində olan Abşeron rayon Quşçuluq sovxozu ərazisində yerləşən 1,0962 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsinə dair icarə hüquqları iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla bağlı cavabdehə müraciət etsə də cavabdeh tərəfindən digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən ərizənin icra edilməsindən imtina edilmişdir. Məhkəmə həmin halı müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin əldə edilməsi üçün cavabdeh orqana sorğu göndərmişdir. Məhkəməyə təqdim edilən mütəxəssis rəyində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müəyyənləşdirilməsinin mümkünlüyü qeyd edilmişdir. Məhkəmənin qeyd edilən hallarla bağlı mövqeyi budur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Hazırkı işin hallarından görünür ki, cavabdehin – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının hüququna aşkar müdaxilənin mövcudluğu müəyyən edilmir. Yəni, iddiaçının hüquqlarının pozulması cavabdehin hərəkətləri nəticəsində baş verməmişdir. Belə ki, kompleks yerquruluşu layihəsinə əsasən sistemləşdirilmiş məlumatların mövcud olmaması hazırkı vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətini müəyyən etməyə imkan vermir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının istifadəsində və icarəsində olan torpaq sahəsinin faktiki vəziyyətini müəyyən etmək mümkün olmadığından, habelə həmin mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin torpaqları ilə üst-üstə düşüb-düşməməsi vəziyyəti müəyyən edilmədiyindən mübahisəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar