Məhkəmə qərarları › İş №2-1(118)-101/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-101/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-101/2025 02.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilər üzrə 646.24 manat əsas, 200 manat maliyyə sanksiyası, 294.53 manat faiz borcunun, məcburi dövlət sığorta haqları üzrə 979.89 manat əsas, 228.02 manat faiz borcunun, işsizlikdən sığorta haqları üzrə 6,60 manat əsas borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN üzrə fiziki şəxs kimi Sahibkar olmuş, həmişə də vergi ödəmələrini vaxtlı-vaxtında həyata keçirmiş, ödəmələr adətən Sumqayıt Vergilər İdarəsinin sabiq əməkdaşı Mahir Əbdürrəhmanova naqd şəkildə ödənilirdi, çünki Xırdalan ərazisində obyektlərdə hər ay vergi borcları ona verilirdi. O da hər ay ödəniləcək pulları ona vermişdir. İddiaçı 3 ilə yaxındır ki, sahibkarlıq fəaliyyətini dayandırmış, sonradan ona məlum olub ki, vergilər üzrə 546.24 manat əsas, 200 manat maliyyə sanksiyası, 294.53 manat faiz borcu, məcburi dövlət sığorta haqları üzrə 979.39 manat əsas, 238 mant faiz borcu ödənilməmiş qalmışdır.Onu Respublika Baş Prokurorluğu Korrupsiya İdarəsinə dəvət etmişlər, zərərçəkmiş kimi ifadəsini almışlar. Sumqayıt Vergilər İdarəsinin keçmiş əməkdaşı Mahir Əbdürrəhmanovun təqsirləndirilən şəxs qismində istintaqı aparılırdı. İstintaq dövrü onun vergi borcundan Mahir Əbdürrəhmanov tərəfindən 400 manat vergi borcu dövlət büdcəsinə ödənildi.Hazırda onunla bağlı iş Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının icraatındadır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin dəlilləri üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı borcların silinməsini iddia etsə də həmin borcların silinməsinə əsas ola biləcək heç bir yazılı sübuta istinad etməmişdir.Bildirir ki, vergi ödənişlərinin və ya digər ödənişlərin dövlət büdcəsinə və ya hər hansı bir fonda ödənməsi vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir və ödənişi təsdiq edən sənədlər vergi orqanına təqdim edilir. Vergi ödənişlərinin vergi orqanının hər hansı bir əməkdaşına verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Eyni zamanda bildirir ki, cinayət əməlinə yol vermiş vergi orqanının sabiq əməkdaşı Mahir Əbdürrəhmanov barəsində hazırda cinayət işi davam etdiyindən və həmin iş üzrə məhkəmənin qərarı (hökmü) qanuni qüvvəyə minmədiyindən 400 manat vergi borcunun həmin şəxsə təqdim edilməsinə dair fakt sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa sosial sığorta, işsizlikdən sığorta haqları üzrə borclara gəldikdə isə həmin borc məlumatları Dövlət Sosial Müdafiə Fondu tərəfindən saldo şəklində Dövlət Vergi Xidmətinə təqdim edilmişdir.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Həmin dövrə qədər iddiaçı tərəfindən Sosial Müdafiə Fonduna ödənişlərin edilməsinə dair vergi orqanında heç bir məlumat mövcud deyildir.... Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdehin xx.xx.2022-ci il tarixli, **********343100 nömrəli məktubu, etiraz ərizəsi, iddiaçıya aid şəxsi heab vərəqəsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktubları və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən,yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış oinası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və dövlət büdcəsinə vergilər üzrə 646.24 manat əsas, 200 manat maliyyə sanksiyası, 294.53 manat faiz borcu, məcburi dövlət sığorta haqları üzrə 979.89 manat əsas, 228.02 manat faiz borcu, işsizlikdən sığorta haqları üzrə 6,60 manat əsas borcu yaranmışdır. İddiaçının bildirdiyinə görə sözügedən borc məbləğləri əsassız hesablanmışdır. Belə ki, o vergi ödənişlərini cavabdehin sabiq əməkdaşı Mahir Əbdürrəhmanova nağd şəkildə ödəmiş, həmin şəxsin qanunsuz hərəkətləri nəticəsində onun borcu bu şəkildə hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadığından təmin edilə bilməz. Belə ki, iddiaçının Mahir Əbdürrəhmanova vergi borcunun nağd şəkildə ödəməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Vergi ödənişlərinin və ya digər ödənişlərin dövlət büdcəsinə və ya hər hansı bir fonda ödənməsi vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir və ödənişi təsdiq edən sənədlər vergi orqanına təqdim edilir. Vergi ödənişlərinin vergi orqanının hər hansı bir əməkdaşına verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, sözügedən cinayət işində zərərçəkmiş şəxs qismində yalnız Dövlət Vergi Xidməti tanınmışdır. Göründüyü kimi iddiaçı fərdi sahibkar olmasına, habelə vergi ödəyicisi olmasına baxmayaraq öz üzərinə düşən öhdəlikləri, habelə konstitusion vəzifələri icra etməmiş və mübahisələndirilən dövrlər üzrə vergilərini ödəməsinə dair məhkəməyə və ya cavabdeh orqana sübut qismində qəbz və s. təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıdan büdcəyə ödənilməmiş vergiləri tələb etməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilər üzrə 646.24 manat əsas, 200 manat maliyyə sanksiyası, 294.53 manat faiz borcunun, məcburi dövlət sığorta haqları üzrə 979.89 manat əsas, 228.02 manat faiz borcunun, işsizlikdən sığorta haqları üzrə 6,60 manat əsas borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar