Məhkəmə qərarları › İş №2-1(118)-1010/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1010/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1010/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “18.04.2005-ci il təvəllüldlü X6 ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi,Gənclər şəhərciyi,ev 22,m.79 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 yerləşən yaşayış evi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüquqları Daşınmaz Əmlak Dövlət Reyester Xidmətində iddiaçının adına qeydiyyata alınıb. 18.04.2005-ci il təvəllüldlü X10 həmin mənzildə pasport qeydiyyatında qalmışdır. Bu şəxsin onun evinə qeydiyyata qalması səbəbindən həmin mənzillə bağlı müəyyən hüquqi hərəkətlər etmək istəsə də Elçin Əsədovun orada qeydiyyatda olması onun üçün əlavə problemlər yaradır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəməyə gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçınıniştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və 3-cü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh təşkilat məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, 3-cü şəxs məhkəməyə gəlməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin seriya nömrəsi RX ******* olan, ********** qeydiyat nömrəsi olan Çıxarışın və texniki pasportun surətləri, digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxs-X10 yetkinlik yaşına çatmayıb və onun anası X1 şəhəri,H.Əliyev prospekti 169 ünvanında yaşayır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, mülkiyyəçiyə məxsus olan mənzillə heç bir əlaqəsi olmayan Elçin Əsədovun həminmənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarımnı məhdudlaşdırır. Beləliklə, məhkəmə hesab edir ki, X2 rayonu, Mehdiabad qəsəbəsi,Gənclər şəhərciyi,ev 22,m.79 üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 18.04.2005-ci il təvəllüldlü X6 İddiaçı məxsus ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar