Məhkəmə qərarları › İş №2-1(118)-1010/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1010/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1010/2024 23.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “təbii fəlakət (zəlzələ) nəticəsində qəzalı vəziyyətə düşmüş evinə cavabdeh tərəfindən yenidən baxış keçirilib rəy verilməsinin təmin edilməsini və bu əsasda Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq Şamaxı rayonunun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin əsaslı və keyfiyyətli bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində rayonun 2-ci Cabam kəndində yerləşən evi tam yararsız hala düşdüyündən müraciəti əsasında 2019-cu ildə Dövlət tərəfindən onun evinin əsaslı bərpasına başlanılacağı bildirilmişdir. Fərdi yaşayış evinin bərpası işini "xxxx" Şirkəti yerinə yetirdi. Həmin işi icra edən proraravın adı Zaur, onun köməkçisi isə Samir adlı şəxslər idi. Cavabdeh tərəfindən də evinə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Həmin rəydə yazılmışdır ki, Şamaxı rayonunda 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində rayonun 2-ci Cabam kəndində yerləşən mənə məxsus fərdi yaşayış evi bərpa olunmağa ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Dövlət tərəfindən ayrılmış vəsait hesabına evinin ciddi bərpa ediləcəyini düşünüb həmin işin məsuliyyətli icra olunmasına nəzarət etmədi. "xxxx" Şirkəti tərəfindən bərpa edilmiş evimin fotoşəkillərini bu ərizəmə daxil edir. Fotoşəkillərindən aşkar görünür ki, evinin divarları eyni hündürlükdə olmadığına görə əyri görünür. Bundan əlavə, evin giriş qapısı bərkidilmədiyinə görə hal-hazırda əzilib bərbad vəziyyətə düşmüşdür. O cümlədən, bərpa edildiyi deyilən bu evinin bünövrəsi də çox dayaz edilmişdir. Eyni zamanda bildirir ki, bu ev üçün elektrik xətti naqillərini onun özünə çəkdirdirdilər - onlar bildirdilər ki, smeta layihəsində elektrik xəttinin bərpası yoxdur.Beləliklə, aşkar görünür ki, bərpa edildiyi deyilən evi indi də çox qəzalı vəziyyətdədir.Bu səbəbdən iş üzrə cavabdehə rəsmi ərizə göndərmiş və xahiş etmiş ki, qəzalı vəziyyətə düşmüş evinə yenidən baxış keçirsinlər və guya yerinə yetirilmiş təmirbərpa işlərinin nəticəsinə baxış keçirsinlər. Cavabdehin 18 may 2023-cü il tarixli, 3-18-2/2- 2-11xx-xx/2023 saylı aktda bildirilmişdir ki, ərizəsi onlar tərəfindən araşdırılmış və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında şamaxı rayonu ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir.Tərtib olunmuş akta əsasən onun fərdi yaşayış evim bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmiş və fərdi yaşayış evimdə layihə-smeta sənədlərində nəzərdə tutulmuş bütün işlər cavabdeh tərəfindən tam yerinə yetirilərək istismara təhvil verilmişdir.Bu akt mənə 21 iyun 2023-cü il tarixində verilmişdir.İddiaçı buna ciddi etiraz edir və sözügedən istismara təhvil verilmiş fərdi yaşayış evimin vəziyyətini əyani göstərən 7 ədəd fotoşəkilləri bu ərizəsin daxil etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 05 fevral 2029-cu il tarixində Şamaxı rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahılar əsasında vətəndaş İddiaçı məxsus 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən vətəndaşın fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmiş və Nazirliyin müvafiq qurumları tərəfindən layihə smeta sənədləri hazırlanaraq ekspertizadan keçirilldikdən sonra bərpa işlərinə başlanmasına qərar verilmişdir. Lakin podratçı təşkilat "xxxx" MMC bərpa işlərinə başlayarkən vətəndaşın şəhid ailəsi olduğu üçün, rayon rəhbərliyinin işçi qaydada xahişini nəzərə alaraq, yenidən hesablanmış iş həcmlərinə uyğun olaraq vətəndaşa yeni ev tikərək istifadəsinə vermişdir.Obyektin istismara verilməsi rayon rəhbərliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmiş və yerli icra hakimiyyətinin imza və möhürü ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-18-2/2-Ə-11xx-xx/2023 nömrəli, 18 may 2023-cü il tarixli imtina məktubu, etirazı, inşa edilmiş mənzilə dair təhvil-təslim aktı və digər sənədlərin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun əldə etdiyi mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, respublika ərazisində təbbi fəlakət nəticəsində zərər görmüş mənzillərin tikilib, bərpa edilməsi səlahiyyəti Agentliyə məxsusdur. Belə olduğu tədqirdə Agentliyin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş və inzibati orqanın 3-18-2/2-Ə-11xx-xx/2023 nömrəli, 18 may 2023-cü il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 fevral 2029-cu il tarixində Şamaxı rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahılar əsasında vətəndaş İddiaçı məxsus 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən vətəndaşın fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmiş və iddiaçıya yeni ev tikərək onun istifadəsinə verilmişdir. Mübahisəli yaşayış sahəsinin istismara verilməsi rayon rəhbərliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmiş və yerli icra hakimiyyətinin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı həmin məzilin təhvil-təslim aktına imza edərək qəbul edilmişdir. İddiaçının fərdi yaşayış evinin əsaslı və keyfiyyətli bərpa edilməsinə münasibətdə bildirilir ki, verilən mənzillərin podratçı şirkət tərəfindən inşa edilərək təmir edilmiş və sifarişçi olan FHN-nə təhvil verilmişdir. Qeyd olunan fərdi yaşayış evi podratçı şirkət tərəfindən qəbul edilərkən tələb olunan keyfiyyət standartlarına cavab vermişdir. İddiaçının həmin tikilinin lazımi qaydada təmir edilməməsi ilə bağlı bildirdiyi irad onun şəxsi mülahizələrinə əsaslanır.Belə ki, fərdi yaşayış evi iddiaçıya təhvil verilmiş və xeyli müddət ərzində iddiaçı tərəfindən istifadə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “təbii fəlakət (zəlzələ) nəticəsində qəzalı vəziyyətə düşmüş evinə cavabdeh tərəfindən yenidən baxış keçirilib rəy verilməsinin təmin edilməsini və bu əsasda Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq Şamaxı rayonunun 2-ci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin əsaslı və keyfiyyətli bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar