Məhkəmə qərarları › İş №2-1(118)-1012/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1012/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1012/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X11 ilə həftənin cümə axşamı və cümə günləri 24 saat ərzində ünsiyyət hüququnun verilməsi tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia qaldıraraq X11 ilə həftənin cümə axşamı və cümə günləri 24 saat ərzində ünsiyyət hüququnun verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə X6 ilə X8 arasında 04 mart 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 493 saylı akt qeydi nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X9 X1nın himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X3 xeyrinə X2 hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra X11 ilə görüşmək və ünsiyyətdə olmaq mümkün olmamışdır. X1 uşağı onlara göstərmir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 4-cü və 5-ci bəndlərinə əsasən Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) uşaqla ünsiyyət hüququnu həyata keçirilməsindən imtina etmək haqqında qərarlarından bu ünsiyyət hüququna malik olan baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsinə şikayət edə bilərlər. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Plenum qeyd edir ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir. Bununla bağlı tərəflərindən Cavabdeh yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasına müraciət edilərək X11 ilə həftənin şənbə və bazar günləri 24 saat ərzində ünsiyyət hüququnun verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Lakin Cavabdeh tərəfindən onlara ünvanlanmış 502 saylı 11 mart 2021-ci il tarixli məktuba əsasən müraciətləri müsbət cavablandırılmamış, məhkəməyə müraciət etmələri bildirilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələri bildirilmişdir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respbublikası qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı iş üzrə isə iddiaçıların iddiasına əsasən mübahisə onların X11 ilə ünsiyyət hüququnun verilməsi ilə bağlı yaranmışdır ki, qeyd edilən halda mübahisə inzibati orqanla iddiaçı arasında yaranmış inzibati mübahisə kimi deyil, onlarla X9 anası arasında olan ailə münasibətləri ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir. Belə ki, hazırki işdə İddiaçı2 X9 nənəsi, İddiaçı1 isə əmisidir. X5 ilə ünsiyyət qurmaq hüququ verilməsi üçün Cavabdehnə müraciət etmişlər. Cavabdeh iddiaçılara ünvanladığı 502 saylı, 11 mart 2021-ci il tarixli məktubu ilə onlara bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlının X1nı dəfələrlə komissiyaya dəvət etsə də komissiyaya gəlməkdən və azyaşlının əmisi və nənəsi ilə ünsiyyətdə olmasına icazə verməkdən imtina etmişdir. Ona görə də Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlının əmisi və nənəsi ilə ünsiyyət qurmasına dair vaxtı müəyyənləşdirə bilməmişdir. İddiaçılara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə göründüyü kimi iddiaçılar onlara X11 ilə ünsiyyət hüququnun verilməsini istəyirlər. İddia ərziələrində işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011ci il tarixli qərarının 4-cü və 5-ci bəndlərinə istinad edirlər. Hesab edirlər ki, Cavabdeh tərəfindən onların X11 ilə ünsiyyətinə şərait yaradılmadığından həmin orqanı cavabdeh qismində qoymaqla onlara ünsiyyət hüququnun verilməsinə inzibati məhkəmə icraatı qaydasında nail ola bilərlər. Lakin iddiaçıların elə özlərinin istinad etdiyi Ali Məhkəmənin Plenum qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. İddiaçının iddia ərizəsində istinad etdiyi Ali Məhkəmə Plenumunun qeyd edilən qərarının 4-cü bəndinin sonuncu cümləsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyada qeyd edilmişdir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Ali Məhkəmənin qeyd edilən qərarındakı mövqeyindən göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ünsiyyət hüququnun həyata keçirilməsindən imtina olunması və ya hərəkətsizlik edilməsi, bununla bağlı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Uşaqla ünsiyyət hüququnun verilməsinə dair iddialara baxarkən məhkəmələr mübahisəyə uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini, qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktını və mübahisəyə dair həmin akta əsaslanmış rəyini, ailədə münaqişənin olubolmamasını, ünsiyyətin onun fiziki, psixi sağlamlığına zərər yetirməməsi hallarını və digər halları nəzərə almaqla baxır. Qeyd edilən halların araşdırılması isə inzibati məhkəmə icraatının deyil mülki məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçılara izah olunsun ki, onlara X11 ilə ünsiyyət hüququnun verilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar