Məhkəmə qərarları › İş №2-1(118)-1015/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1015/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1015/2020 15.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkün olaraq ona ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması ve ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixə, yəni nikaha daxil olana qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti (33 manat) almış və ailə qurduqdan sonra bu müavinətin verilməsi dayandırılmışdır. 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuşdur. Bundan sonra məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti yenidən əldə etmək üçün Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmiş və 2013-cü ildən qeyd olunan müavinəti yenidən almağa başlamışdır. Lakin sonradan yəni 2019-cu ilin may ayından ona mənə məlum olmayan səbəbdən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin məsələnin həllinə dair müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsindən ona bildirdilər ki, aylıq müavinət verilməli şəxslərin siyahısı icra hakimiyyəti tərəfindən tərtib edilir və bunun üçün zəruri vəsait icra hakimiyyətinin hesabına köçürülür və məcburi köçkünlərə paylanması təmin olunur. Bundan sonra yenidən Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmişdir.Müraciətinə cavab olaraq bildirilmişdir ki, vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı iləTəsdiq edilmiş ‘‘Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nm 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil edilmir) iyul 2019-cu il tarixdən dayandırılmışdır. Cavabdehin məktubda qeyd etdiyi hal ona münasibətdə müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, onun nikahı 2012-ci ildə pozulmuşdur. Nikahımın pozulduqdan sonra ona yenidən müavinət verilmişdir. Cavabdehin məktubda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə xx xxxxxx 2017 tarixdə qəbul edilmişdir. Qeyd olunan qərar xx xxxxxx 2017-ci il tarixdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır.Yuxanda göstərilənlərə əsasən iddiaçı “məcburi köçkün olaraq ona ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması ve ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə prosesində iştrak edən iddiaçının eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın X7 dairəsi üzrə nümayəndəliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.Belə ki, Zəngilan rayonu Beşdəli kəndində daimi qeydiyyatda olan, hazırda ünvan 1 ünvanında yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində məskunlaşan İddiaçı xx xxxxx 2007-ci il tarixdə məcburi köçkün statusu olmayan X3 ilə rəsmi nigaiıa daxil olmuş və onlar arasındakı nikah Abşeron rayon məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. K Ağamalıyeva xx xxxxxxxx 2012-ci ildə nigahın pozulması barədə şəhadətnamə almışdır. İddiaçıya verilən vahid aylıq müavinat "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1206 nömrəli fərmanın 2.1-ci bəndinə istinad edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” nın 2.4-cü maddəsinə əsasən (Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş nigahla və nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil edilmir.) iyul 2019-cu il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi X2 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məcburi köçkün vəsiqəsi, İddiaçı Bakı şəhəri Nizami rayonu Şərifli 3 ünvanında yaşaması barədə arayış, nikahın pozulması haqqında şəhadətnamə. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbi təşkil edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşdən göründüyü kimi, iddiaçı məcburi köçkün olduğuna görə edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti alırdı, lakin Nazilrlər Kabinetinin edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin müəyyən edilməsi” haqqında qərarına xx xxxxxx 2017-ci ildə edilmiş dəyişiklikdən sonra ona müavinatın verilməsi dayandırılmışdır. Qeyd olunan dəyişikliyə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinat şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan qərar iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün geriyə şamil olunaraq yeni dəyişiklik iddiaçıya tətbiq oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” nın xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə redaksiyasılnın 1.1-ci bəndin əsasən ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinat verilir. (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla).Həmin Qaydaların 2.4-cü maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara aylıq müavinat şamil edilmir. Göründüyü kimi İddiaçı nikaha daxil olduğu 2007-ci ilə qədər qeyd olunan müavinatı almışdır. 2012-ci ildə onunla məcburi köçkün olmayan şəxs arasında olan nikaha xitam verilmiş və qeyd olunan aylıq müavinatın verilməsi bərpa olunmuşdur. 2019cu ildə İddiaçı verilən müavinatın verilməsi yenidən dayandırılmışdır. Cavabdeh təşkilat buna əsas kimi xx xxxx 2017-ci ildə qeyd olunan Qaydalara edilmiş dəyişikliyi göstərmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu,Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3-li Respublika Xüsusi İnternat Məktəbində məskunlaşmasına baxmayaraq onun rəsmi qeydiyyat yeri Zəngilan rayonunun Beşdəli kəndidir. Hesab olunur ki, cavabdeh təşkilat qeyd olunan Qaydalara edilmiş dəyişikliyi əsas gətirməklə Kəmalə Ağamalıyevaya verilən aylıq müavinatın verilməsinin 2019-cu ilin iyul ayından etibarən dayandırılmasında haqlı olmamışdır. Belə ki, Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (xx.xx.2017-ci ilə qədər) olan redaksiyada 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinat almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan hallar biri birini tamamladığı tədqirdə şəxsə aylıq müavinat şamil olunmur. Göründüyü kimi, İddiaçı məcburi köçkün olmayan şəxslə nikaha daxil olmasına baxmayaraq, işğal olunmuş Zəngilan rayonunudan öncə hər hansı bir rayonda qeydiyyatda olmamışdır. Ona görədə hesab olunur ki, Qaydaların xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasının 2.4-cü bəndinin hazırki iddia tələbinə tətbiq edilməsi yolverilməzdir. Hesab olunur ki, Qaydaların 1.1-ci bəndində nəzərdə tutulmuş istisna halın hazır ki, mübahisəyə tətbiq edilməsi düzgün deyil və İddiaçı Qaydaların 1.1-ci bəndinə nəzərdə tutulmuş aylıq müavinatı tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə isə məhkəmə qərarı yalnız məhkəmə icraatında təhqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hımun Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təstiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”na uyğun olaraq İddiaçı nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2019-cu ilin iyul ayından etibarən ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyi Zəngilan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar