Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1015/2021 15.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 16 mart 2021-ci il tarixli, **********7 saylı imtinasının əsassız hesab olunması və onun 1969-1978-ci illərdə Kürdəmic kənd “Moskva” adına kolxozda, 1977-ci ildə Kolxozlararası tikinti idarəsində, 1978-1979-cu illərdə “Moskva” sovxozunda, 1979-1980-ci illərdə Kolxozlararası tikinti İdarəsində, 1980-1982-ci illərdə PMK-16-da, 1983-1996-cı illərdə Pobeda sovxozunda, 1997-ci ildə “Yeni Astraxanovka” sovxozunda işlədiyi müddətin sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 11 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq qarşı “cavabdehin 16 mart 2021-ci il tarixli, **********7 saylı imtinasının əsassız hesab olunması və onun 1969-1978-ci illərdə Kürdəmic kənd “Moskva” adına kolxozda, 1977-ci ildə Kolxozlararası tikinti idarəsində, 1978-1979-cu illərdə “Moskva” sovxozunda, 1979-1980-ci illərdə Kolxozlararası tikinti İdarəsində, 1980-1982-ci illərdə PMK-16-da, 1983-1996-cı illərdə Pobeda sovxozunda, 1997-ci ildə “Yeni Astraxanovka” sovxozunda işlədiyi müddətin sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyası təyin olunması üçün sənədlərini DSMF-nin 11 saylı Regional Ərazi İdarəisnə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. 16 mart 2021-ci il tarixdə **********7 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim olunmuş X3 rayon filialının arxiv arayışlarında qeyd olunan dövrlərdə Şamaxı rayon Kürdəmic kənd “Moskva” adına kolxozda, Şamaxı rayon Kolxozlararası tikinti idarəsində, PMİK-16, Şamaxı rayon “Pobeda” adına sovxozda və “Yeni Astraxanovka” sovxozunda işləməsinə dair qeydlər əmək kitabçasında öz əksini tapmadığından ona pensiya təyin olunması mümkün deyildir. Bu səbəbdən ona pensiya təyin olunmasından imtina olunur. DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinin ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etməsi barədə 16 mart 2021ci il tarixdə **********7 saylı imtinası əsassızdır. O, xx.xx.1956-cı ildə Şamaxı rayonu Talışnuru kəndində anadan olmuşdur. Peşəsi avtoçilingər olmuşdur. Yaxın təsərrüfatlar olduğuna görə 1969-1978-ci illərdə Kürdəmic kənd “Moskva “adına kolxozda, 1977-ci ildə Kolxozlararası tikinti idarəsində, 1978-1979-cu illərdə “Moskva” sovxozunda, 1979- 1980-ci illərdə Kolxozlararası tikinti idarəsində, 1980-1982-ci illərdə PMK-16-da,1983- 1996-cı illərdə Pobeda sovxozunda, 1997-ci ildə “Yeni Astraxanovka” sovxozunda işləmiş, 28 ilə yaxın əmək stajı var. Amma bu dövrləri özündə əks etdirən əmək kitabçasının olmaması ona əmək pensiyası təyin olunmasından imtina olunması üçün əsas deyildir. Fakt odur ki, həmin dövrlərdə o işləmiş və sosial sığorta haqqlarını ödəmişdir. Bunu təsdiq edən arxiv arayışları da var. Yaşa görə əmək pensiyası almaq onun haqqıdır. Odur ki, ona yaşa görə əmək pensiyası verilməsindən imtina olunması əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsində qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Əvvəlcə qeyd olunmalıdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və "həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu andan baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. 09 dekabr 1971-ci il tarixli Əmək Qanunlar Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda, bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Moskva” kolxozunda 1969-cu il tarixdə işə daxil olduğunu iddia etsə də, vətəndaşın bu tarixdə əmək qabiliyyəti olmamışdır. Əmək qabiliyyətinin 15 yaşdan yarandığını nəzərə alsaq, İddiaçı 1969-1970-ci il tarixlərdə “Moskva” kolxozunda işləməsi faktı əsassızdır. Təqdim olunmuş 20.02.2020-ci il tarixli 775 nömrəli arxiv arayışına əsasən, 1995-ci ilin may ayından 1996-ci il sentyabr ayınadək İddiaçı əmək fəaliyyəti barədə məlumat yoxdur. Arxiv arayışında 1995-ci ilin may ayından 1996-ci il sentyabr ayınadək iddiaçının əmək haqqı almadığı əks olunur. “Əmək pensiyaları haqqında” 1.0.1ci maddəsinə əsasən əmək pensiyası, Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. una görə də qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. İddiaçı sosial sığorta stajı arxiv arayışı əsasında qəbul edilsə belə, onun stajı 24 il 8 ay təşkil edəcəkdir. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraza əlavə təqdim edilmiş və həmin əlavədə qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin mötəbərliyinə əsaslı şübhə xx.xx.1956-cı il təvəllüdlü olmasına baxmayaraq əmək fəaliyyətinə 1969-cu il tarixdə başlamasıdır. 09 dekabr 1971-ci il tarixli Əmək Qanunlar Məcəlləsinin 173-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə icazə verilmir. İstisna hallarda, bir müəssisənin, qurumun, təşkilatın həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq on beş yaşına çatmış şəxslər işə qəbul edilə bilər. Bu səbəbdən tərəfimizdən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X4 filialına sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olmuş 14.06.2021-ci il 128 №li məktubda qeyd olunmuşdur ki, 1978-1979-cu illərə aid dövrü sənədlərində “Moskva” sovxozuna işə qəbulu və işdən çıxma haqqında əmrləri, 1997-ci ilə dair “Yeni Astraxanovka” sovxozunun dövrü sənədlərində vətəndaşın işə qəbulu və işdən çıxma haqqında əmrləri aşkar olunmadı; 1969-1978-ci illərdə “Moskva” kolxozunda işlədiyini iddia etmiş və bu dövrlərə dair arayış təqdim etmişdir. Lakin arxivdən daxil olmuş məktubda “Moskva” kolxozunda işləməsinə dair heç bir münasibət bildirilməmişdir; Şamaxı rayon Kirovka kənd “Pobeda” sovxozuna aid əmrlər kitablarında 11.02.1983-ci il tarixdən işə daxiloma əmri olsa da, 1996-cı il tarixdə işdən azad edilməsi barədə heç bir məlumat yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş arayışla tərəfimizdən X4 filialına ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş arayış arasında ziddiyyətlərin olması vətəndaşın həmin dövrlərdə işləməsi faktının əsassız olduğuna dəlalət edir. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu ərizəni təmin edə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Talışnuru kəndində anadan olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialının 119 saylı, 09 iyun 2021ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı 1977-ci ildə Şamaxı rayonunun Kolxozlaraarası tikinti idarəsində, 1978-1979-cu illərdə Moskva sovxozunda, 1979-1980ci illərdə Kolxozlararası tikinti İdarəsində, 1980-1982-ci illərdə P.M.K-16-da, 1983-1986-cı illərdə Pobeda sovxozunda, 1987-1996-cı illərdə Kirovka kənd Pobeda sovxozunda, 1997-ci ildə Yeni Astraxanovka sovxozunda işlədiyi qeyd edilmiş və işlədiyi dövrlərdə aldığı əmək haqlarının aylar üzrə miqdarı göstərilmişdir. - Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialının eyni tarixli, eyni saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı 1969-1978-ci illərdə Şamaxı rayon Kürdəmic kənd “Moskva” kolxozunda işləmiş və onun əmək günü 1969-cu ildə 74 gün, 1970-ci ildə 131 gün, 1971-ci ildə 379 gün, 1972-ci ildə 413 gün, 1973-cü ildə 356 gün, adam günü 1974-cü ildə 132 gün, 1976-cı ildə 198 gün, 1977-ci ildə 225 gün, 1978ci ildə 244 gün təşkil edir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialınının 20 avqust 2021-ci il tarixli arxiv çıxarışında qeyd olunmuşdur ki, X4 filialında saxlanılan Şamaxı rayon “Koloxozlar arası tikinti” idarəsinin 1977-1978-ci illər, 1979-1980-ci illər və 1980-1982-ci illərin əmr kitablarından arxiv çıxarışında görünür ki, İddiaçı 32 saylı 10 may 1977-ci il tarixli əmrlə fəhlə qəbul edildiyi, 54 saylı, 12 avqust 1977-ci il tarixli əmrlə işdən azad edildiyi, 21 saylı, 22 mart 1979-cu il tarixli əmrlə işə qəbul edildiyi, 63 saylı əmrlə 13 avqust 1980–ci il tarixdən işdən azad edildiyi, Şamaxı rayon Kirovka kənd “Pobeda” sovxozuna aid 1982-1983-cü illərin əmr kitablarından arxiv çıxarışında 23 saylı, 07.02.1983-cü il tarixli əmrlə “Pobeda sovxozuna” fəhlə təyin edildiyi, 1996-cı ildə işdən çıxması haqqında məlumatın aşkar edilmədiyi, Şamaxı rayon PMK-16 nömrəli trestin 1980-1981 və 1981-1982-ci illərin əmr kitablarından arxiv çıxarışında 12 saylı, 19 avqust 1980-ci il tarixli əmrlə şofer vəzifəsinə təyin edildiyi, 260 saylı, 14 dekabr 1982-ci il tarixli əmrlə sürücülükdən çilingər vəzifəsinə keçirildiyi, işdən çıxma haqqında məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialınının 01 oktyabr 2021-ci il tarixli, 301 saylı məktubundan görünür ki, İddiaçı işlədiyi Şamaxı rayon Kürdəmic kənd “Moskva” kolxozunda kişilər üçün minimum əmək günü iştirakı norması 150 əmək günü və adam günü hesablanır. -İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 mart 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Eyni zamanda iddiaçının Şamaxı rayon Kürdəmic kənd “Moskva” adına kolxozdakı, “Kolxozlararası tikinti”, PMİK- 16, “Pobeda” adına kolxozdakı və “Yeni Astraxnovka” kolxozunda işlədiyi dövrlərin əmək kitabçasında qeyd olunmaması səbəbindən sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Beləliklə sözügedən arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında 15 yaşına çatmamış şəxslərin işə qəbul edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının 15 yaşına çatana qədər işlədiyi dövrlər nəzərə alınmasa belə ona əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iş stajı tamam olmuş olurdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinəəsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinəəsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1969- 1978-ci illərdə Kürdəmic kənd “Moskva” adına kolxozda, 1977-ci ildə Kolxozlararası tikinti idarəsində, 1978-1979-cu illərdə “Moskva” sovxozunda, 1979-1980-ci illərdə Kolxozlararası tikinti İdarəsində, 1980-1982-ci illərdə PMK-16-da, 1983-1996-cı illərdə Pobeda sovxozunda, 1997-ci illərdə “Yeni Astraxanovka” sovxozunda işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 1969-1978-ci illərdə Kürdəmic kənd “Moskva” adına kolxozda, 1977-ci ildə Kolxozlararası tikinti idarəsində, 1978-1979-cu illərdə “Moskva” sovxozunda, 1979-1980ci illərdə Kolxozlararası tikinti İdarəsində, 1980-1982-ci illərdə PMK-16-da, 1983-1996-cı illərdə Pobeda sovxozunda, 1997-ci illərdə “Yeni Astraxanovka” sovxozunda işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1015/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1015/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver