Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1015/2022 02.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Fərəcov Bahəddin Əli oğlunun Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı evin, 5 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli 5 saylı mənzil Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı yaşayış binasında yerləşməklə iki otaqdan ibarətdir və onun xüsusi müikiyyətindədir. Fərəcov Bahəddin Əli oğlu onun bacısı oğludur. O, 2006-cı ildə mübahisəli mənzili tərk edib Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Bu isə onun mənzil hüquqlarını pozur. Mənzildə qeydiyyatda olmasına baxmayaraq, məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər 3 saylı MKS-nın Aktına əsasən, üçüncü şəxsi uzun illərdir ki, bu mənzildə yaşamır. Cavabdehin mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. Mənzildə onun heç bir əmlakı və əşyası yoxdur. B.Ə.Fərəcov uzun müddətdir ki, mübahisəli mənzili könüllü olaraq tərk edib getmiş və bir daha geri qayıtmamışdır. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, müraciətinə cavab verən cavabdeh polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Fərəcov Bahəddin Əli oğlunun ona məxsus Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı evin, 5 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsini cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Həmçinin, Fərəcov Bahəddin Əli oğlunun istifadəsində olan +**********4 mobil əlaqə vasitəsinə zəng edilərək, prosesdə iştirakının vacibliyi vuqğulanmış, məhkəmə tərəfindən çıxarılacaq qərarın onun hüquqlarına toxuna biləcəyi barədə xəbərdar edilmiş, lakin Bahəddin Fərəcov hal-hazırda Rusiya Federasiyasında yaşadığını bildirmiş və həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etirazının olmamasını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-47576Ə-3221 nömrəli, 25 dekabr 2021-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********19-05101-093046 reyestr nömrəli çıxarışın surəti, alqı-satqı müqaviləsinin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, 15 saylı MKS tərəfindən verilmiş 23.02.2022-ci il tarixli Akt, Ailə tərkibi haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı evin, 5 nömrəli mənzilin mülkiyyətçisidir. 3-cü şəxs Fərəcov Bahəddin Əli oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, o iddiaçının bacısı oğlu olmasına baxmayaraq, həmin mənzilə istifadə hüququ mövcud deyildir. Belə ki, Fərəcov Bahəddin Əli oğlunun sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Fərəcov Bahəddin Əli oğlunun qeyd olunan mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən yaranmış olardı. Lakin, Fərəcov Bahəddin Əli oğlu pasport qeydiyyatına düşdüyü mənzil xalasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Fərəcov Bahəddin Əli oğlunun mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs Fərəcov Bahəddin Əli oğlu Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı evin, 5 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Fərəcov Bahəddin Əli oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 16-cı məhəllə, 20/23 saylı evin, 5 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1015/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1015/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver