Məhkəmə qərarları › İş №2-1(118)-1015/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1015/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1015/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, həmin ildə də valideynləri tərəfindən qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilərək ona doğum haqqında şəhadətnamə əldə etmişlər. İddiaçı Daxili İşlər Nazirliyi orqanından şəkilsiz şəxsiyyət vəsiqəsi almışdır. “ASAN XİDMƏT” mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsi almaq istəmiş, lakin ona məlum olmayan şərtlərdə doğum haqqında şəhadətnaməsini itirmişdir. 2023-cü ildə o, doğum haqqında şəhadətnamənin dublikatınn verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli 3-15-5/8-2213-M/15 nömrəli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Lakin, iddiaçıya verdiyi imtina məktubuna əsəsən bildirmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən ona doğum haqqında şəhadətnamənin verilməsi mnümkün deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarına əsasən müraciət edən şəxsin şəxsiyyəti yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Bu səbəbdən ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-15-5/8-2213-M/15 nömrəli imtina məktubu, Sumqayıt şəhər 42 nömrəli Tam orta Məktəbi tərəfindən verilmiş üzərində İddiaçı fotoşəkili əks olunmuş arayış, Tuqzavod ətrafı üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayış, X1 Liseyi tərəfindən verilmiş tələbə bileti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhərində anadan olmuş və ona doğum haqqında şəhadətnamə verilmişdir.Hal-hazırda iddiaçı doğum haqqında şahadətnaməsini təkrar olaraq almaq fikrindədir, lakin Cavabdeh iddiaçıdan şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edir. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən təkrar doğum şəhadətnaməsi verilərkən müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsinə zərurət olmasını bildirir. İddiaçı şəxsiyyət vəsiqəsi olmaması səbəbindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Sumqayıt şəhər 42 nömrəli Tam orta Məktəbi tərəfindən üzərində İddiaçı fotoşəkili əks olunmuş arayış verilmiş və şəkildəki şəxsin İddiaçı olması və eyni zamanda Tuqzavod ətrafı üzrə 1 saylı məhəllə komitəsi trəfindən verilmiş arayışda iddiaçının ünvan 1 ünvanında yaşaması göstərilmişdir. Həmçinin, üzərində İddiaçı fotoşəkili olan X1 Liseyi tərəfindən verilmiş tələbə biletindən də görünür ki, iddiaçı həmin təhsil müəssisəsində təhsil almışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından daha üstün mövqeyə malik olan Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən mütləq şəkildə onun doğum haqqında şəhadətnaməsi şəxsiyyət vəsiqəsi verən orqana təqdim edilməlidir. Hesab olnur ki, İddiaçı özünə aid olan doğum haqqında şəhadətnamənin dublikatını almaqda konstitusion hüquqlara malikdir və ona görə də onun verdiyi iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, rəsmi sənəd itdiyinə görə qeydiyyat şöbələri tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. . Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar