Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1017/2021 08.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “İddiaçı, həmçinin himayəsində olan övladları 17.11.2008-ci il təvəllüdlü X3 və 01.12.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata salınması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı,həmçinin himayəsində olan övladları 17.11.2008-ci il təvəllüdlü X3 və 01.12.2014-cü il təvəllüdlü X2 ünvan 1 ünvanındakı qeydiyyatının ləğv edilməsi və Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata salınması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, onun və himayəsində olan övladları 17.11.2008-ci il təvəllüdlü X3 və 01.12.2014-cü il təvəllüdlü X1 Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata salınması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanındakı yataqxana 2018-ci ildə plana düşərək sökülmüşdür. Hazırda o övladları ilə birlikdə Sumqayıt şəhəri, "‘Yaşıl dərə" massivində sənədsiz tikilidə yaşayır. Lakin sənədsiz tikilidə yaşaması, eyni zamanda isə sökülmüş yataqxanaya formal qeydiyyatı vətəndaş hüquqlarından istifadə etməsinə mane olur, bir sıra məhdudiyyətlər yaradır. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək onun - İddiaçı, həmçinin övladları 17.11.2008-ci il təvəllüdlü X3 və 01.12.2014-cü il təvəllüdlü X1 ünvan 2 ünvanındakı qeydiyyatını ləğv edib Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata salmağı xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsindən aldığı 07.04.2021-ci il tarixli məktubda müraciətinə imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1017/2021 saylı, 19.04.2021-ci il tarixli sərəncamı ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiasına dair qərar qəbul olunarsa, tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt bələdiyyəsi Yeni Yaşayış massivi 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin 0149 saylı, 08.06.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, “Yaşıl dərə” Yeni yaşayış massivi 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 07.04.2021-ci il tarixli məktubu ilə iddiaçının həmin polis idarəsinə qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 454 saylı, 23.06.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6A əvvəllər X4 nəzdində olmuş, 01.11.1999-cu ildə İcra Hakimiyyəti başçısının 746 nömrəli sərəncamına əsasən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171s nömrəli 12.03.2018-ci il tarixli sərəncamına əsasən sökülmüşdür. Yataqxana sökülən zaman İddiaçı kompensasiya verilməsi şamil olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının və azyaşlı övladlarının qeydiyyatda olduqları mənzil sökülmüşdür. O, cavabdeh inzibati orqana müraciət edərək onların həmin mənzildəki qeydiyyatının ləğv edilməsini və Polis İdarəsinə qeydiyyata salınmalarını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina məktubunda buna səbəb kimi Azərbaycan Respublikası Nazirlər kabinetinin 09.04.2003-cü il tarixli, 55S saylı sərəncamına və DİN-in müvafiq əmrinə əsasən, Polis İdarəsinin inibati binasında yalnız məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan şəxslərin başqa yaşayış yeri olmadıqda qeydiyyata alına bilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1)yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2)başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırki işdə isə məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 454 saylı, 23.06.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 6A əvvəllər X4 nəzdində olmuş, 01.11.1999-cu ildə İcra Hakimiyyəti başçısının 746 nömrəli sərəncamına əsasən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171s nömrəli 12.03.2018-ci il tarixli sərəncamına əsasən sökülmüşdür. Beləliklə iddiaçının qeydiyyata olduğu və yaşadığı yataqxana sökülmüşdür. Belə olan halda onun və övladlarının həmin ünvanda qeydiyyatda qalması üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. İddiaçı başqa ünvana köçmüş, lakin köçdüyü yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından onun həmin ünvan üzrə də qeydiyyata alınması mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Bu səbəbdən də iddiaçı sökülmüş yataqxanaya qeydiyyatının ləğvini və Polis İdarəsinin İnzibati binsına qeydiyyata alınmasını istəyir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Məhz həmin qərarın icrası olaraq Azərbaycan Respublikası Nazirər Kabineti tərəfindən 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncam qəbul edilmişdir. Həmin sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və övladları 17.11.2008-ci il təvəllüdlü X3, 01.12.2014-cü il təvəllüdlü Məmədov Əkbər Nağı oğlunun Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə öhdəlik olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı və övladları 17.11.2008-ci il təvəllüdlü X3, 01.12.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə öhdəlik olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1017/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1017/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver