Məhkəmə qərarları › İş №2-1(118)-1017/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1017/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1017/2025 17.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. Cavabdeh idarəyə “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə müraciət etmiş, lakin cavabdehin 14 dekabr 2023-cü il tarixli, 3-17-1/2-A-A294380/2023 saylı məktubu ilə ərizənin icrasından imtina olunduğu bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, xx.xx.1976-cı il tarixindən xx.xx.1981ci il tarixinədək əyani təhsil almış və hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildə (xx.xx.1981ci il tarixli, 99 saylı əmr) gənc mütəxəssis kimi Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində ikinci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1982ci ildə üçüncü dərəcəli suvaqçı vəzifəsinə (xx.xx.1982-ci il tarixli, 77 saylı əmr), xx.xx.1982ci ildə standartlayıcı vəzifəsinə (xx.xx.1982-ci il tarixli, 103 saylı əmr), xx.xx.1983-cü ildə istehsalat mühəndisi vəzifəsinə (xx.xx.1983-cü il tarixli, 64 saylı əmr), xx.xx.1984-cü ildə 3cü dərəcəli suvaqçı vəzifəsinə (xx.xx.1984-cü il tarixli, 161 saylı əmr), xx.xx.1985-ci ildə iqtisadçı vəzifəsinə (xx.xx.1985-ci il tarixli, 38 saylı əmr), xx.xx.1985-ci ildə texniki istehsalat şöbəsində böyük mühəndis vəzifəsinə (xx.xx.1985-ci il tarixli, 146 saylı əmr), xx.xx.1989-cu ildə əmək və əmək haqqı üzrə 2-ci dərəcəli mühəndis vəzifəsinə (xx.xx.1989-cu il tarixli, 109 saylı əmr), xx.xx.1992-ci il ildə 2-ci dərəcəli əmək haqqı və kadr üzrə mühəndis vəzifəsinə keçirilmiş və 27 oktyabr 2006-cı il tarixdə (xx.xx.2006-cı il tarixli, 16 saylı əmr) öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunanlardan da görünür ki, ümumi iş stajı (əyani təhsil və və hərbi xidmətdə olduğu müddət daxil edilmədən) 25 il 4 ay 5 gün, əyani təhsil və hərbi xidmətdə olduğu müddət daxil edilməklə isə (4 il 7 ay 23 gün) 29 il 11 ay 28 gün təşkil edir. Cavabdeh isə imtinasında qeyd edir ki, sığorta stajı 15 il 2 ay 5 gün təşkil edir və guya xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı almamışdır və bu səbəbdən dolayı da fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan halların təsdiqi ilə bağlı cavabdeh İdarəyə arxiv arayışı təqdim etmiş, lakin heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 06 sentyabr 2023-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-294380/2023 nömrəli məktubu ilə ona ümumilikdə sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 2 ay 5 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF- na məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının diplomunun, hərbi biletinin, əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Sənayemülkitamamlamatikinti ASC-nin xx.xx.2006cı il tarixli, 46 saylı arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildə (xx.xx.1981-ci il tarixli, 99 saylı əmr) gənc mütəxəssis kimi Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində ikinci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə üçüncü dərəcəli suvaqçı vəzifəsinə (xx.xx.1982-ci il tarixli, 77 saylı əmr), xx.xx.1982-ci ildə standartlayıcı vəzifəsinə (xx.xx.1982-ci il tarixli, 103 saylı əmr), xx.xx.1983-cü ildə istehsalat mühəndisi vəzifəsinə (xx.xx.1983-cü il tarixli, 64 saylı əmr), xx.xx.1984-cü ildə 3-cü dərəcəli suvaqçı vəzifəsinə (xx.xx.1984-cü il tarixli, 161 saylı əmr), xx.xx.1985-ci ildə iqtisadçı vəzifəsinə (xx.xx.1985-ci il tarixli, 38 sayh əmr), xx.xx.1985-ci ildə texniki istehsalat şöbəsində böyük mühəndis vəzifəsinə (xx.xx.1985-ci il tarixli, 146 saylı əmr), xx.xx.1989-cu ildə əmək və əmək haqqı üzrə 2-ci dərəcəli mühəndis vəzifəsinə (xx.xx.1989-cu il tarixli, 109 saylı əmr), xx.xx.1992-ci il ildə 2-ci dərəcəli əmək haqqı və kadr üzrə mühəndis vəzifəsinə keçirilmiş və 27 oktyabr 2006-cı il tarixdə (xx.xx.2006-cı il tarixli, 16 saylı əmr) öz xahişim ilə işdən azad edilmişdir. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. xx.xx.1993-cü il tarixli, xx.xx.1998-ci il tarixli attestasiya vərəqələri, istehsalat xasiyyətnaməsi və kadrların uçot vərəqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 03 oktyabr 2024-cü il tarixli 3-21-3/2-17093/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinn özəlləşdirilməsinn Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 103 №li sərəncamı ilə Azərsənayetikinti Dövlət Şirkətinin Tamamlamatikinti icarə idarəsinn bazasında Sənayemülkitamamlamatikinti ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 294380/2023 nömrəli məktubu ilə ona ümumilikdə sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 2 ay 5 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin əsasını cavabdeh tərəfindən iddiaçının Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş olması təşkil edir. İddiaçının hazırda mübahisələndirilən iş stajı (1992-2006-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin “Tamamlamatikinti” İcarə idarəsinin bazasında “Sənayemülkitamamlamatikinti” AATSC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məhkəmə qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Bundan əlavə, iddiaçı tərəfindən xx.xx.1993-cü il tarixli, xx.xx.1998-ci il tarixli attestasiya vərəqələri, onlara əlavə edilmiş istehsalat xasiyyətnaməsi məhkəməyə təqdim edilmiş, surətləri iş materiallarına əlavə edilmişdir. Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatları əsas götürərək iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına əsaslansa da, ümumiyyətlə bu hal ona əvvəlki dövrləri sığorta stajına daxil edilməməsi üçün əsas vermir. Çünki, əgər cavabdeh həmin dövrləri mübahisələndirirsə və həmin dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilmədiyini əsas götürürsə, o, məhz həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edə bilərdi. Bu halın əvvəlki dövrə münasibətdə şamil olunması isə hər bir halda formal imtina əsası kimi qiymətləndirilir. Digər tərəfdən, müəssisə tərəfindən xx.xx.2006-cı il tarixədək məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd olunmalıdır ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan irəli gələrək iddiaçının 1992-2002-ci illərdəki işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-xx.xx.2006-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının “Sənayemülkitamamlamatikinti” AATSC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühim rol oynamır. Beləliklə, məhkəmə araşdırması əsasında müəyyən edilir ki, “Sənayemülkitamamlamatikinti” AATSC həqiqətən də mövcud olmuşdur. İddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərdə işləməsinə dair qeydlər vardır. Bu halda məhkəmə hesab edir ki, onun Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 85 saylı tikinti idarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü sığorta stajına daxil edilməlidir. Göründüyü kimi mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar