Məhkəmə qərarları › İş №2-1(118)-102/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-102/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-102/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 16 yanvar 2020-ci il tarixli **********124400 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) 24 sentyabr 2018-ci il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 16 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********124400 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 72.936.24 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə - 2.313.47 manat azalma təşkil etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia tələbini əsassız hesab edirlər. İddiaçı tərəfindən 2018-2019-cu illərdə dəyəri 14883046,8 manat (ƏDV daxil olmaqla) təşkil edən mal idxal edilməsinə baxmayaraq, həmin dövrlərə görə vergi orqanına təqdim edilmiş bəyannamələrdə mal dövriyyəsi 13769787,43 manat (ƏDV daxil olmaqla) məbləğində göstərilmiş və nəticədə 1113259,37 manat (ƏDV daxil olmaqla) məbləğində hesabatda fərq (uyğunsuzluq) yaranmışdır, iddiaçinin təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığı aşkar edilməmiş və həmin fakt akt tərtib edilməklə təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqla əlaqədar olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 16.12.2019-ci il tarixli məktub göndərilərək 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilsə də qeyd olunan müddət ərzində vergi orqanına yazılı izahat və zəruri olan sənədlər (məlumatlar) təqdim edilməmişdir. İddiaçıya göndərilmiş 16.12.2019-ci il tarixli uyğunsuzluq məktubunda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 16.01.2020-ci il tarixli **********124400 nömrəli qərara əsasən 2019-cu ilin noyabr ayı üzrə hesabat dövrünə görə 72936,24 manat məbləğində kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmış və həmin qərar 18.01.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. İPM-in 48.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir:

1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.

2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır.

3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəm araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarındanda müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. İddiaçı MMC-yə vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanmasının düzgün olmaması məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının 31.08.2021-ci il tarixli 9/4013 saylı rəyi ilə də müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli **********124400 saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli **********124400 saylı qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar