Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1020/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X3 ünvan 1 ünvanda tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsinə dair Cavabdeh başçısının 13 iyul 2020-ci il tarixli 1/6/1510 nömrəli, 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin və X4 ünvan 2 ünvanda tikinti fəaliyyətinin həyata keçirilməsinə razılığının (icazənin) ləğv edilməsinə dair qərar çıxarılması, X5 ünvan 3 ünvanda tikinti fəaliyyətinin həyata keçirilməsinə razılıq verilməsi barədə sənədləri Cavabdehndən tələb edilməsi və cavabdehlər barəsində xüsusi qərardad çıxarılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvbllüdlüdür, İİ qrup əlil, ayda 250 manat pensiya alır, həyat yoldaşı evdar qadındır. Bir oğlu, bir qızı vardır. Oğlu 2021-ci ilin yanvar ayından hərbi xidmətdədir. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayış sahəsi 52.9 kv.m, köməkçi sahəsi 22.9 kv.m olan 3 otaqdan ibarət yaşayış evi Abşeron rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş mülkiyyət vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon, 2-ci Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4ə-5-662 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, istifadəsində 241.0 kv.m torpaq sahəsi vardır ki, bunun da 100.3 kv.m tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsi ilə birgə orada yaşayır. Üçüncü şəxs X7 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72 və 80-cı maddələrinin tələblərinə zidd olmaqla 2020-ci ildə evimin divarından 2.56 metr aralıda yaşayış binası tikməyə başladığına, bunun nəticəsinin onun və ailə üçün təhlükəli olduğuna, evinə zərər vurduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, X16 xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə müraciətlər etmiş, Mehriban xanım Əliyevaya müraciətinə Cavabdeh başçısının müavini İlham Quliyev 6/2382 nömrəli xx.xx.2020-ci il tarixli cavab yazaraq pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki, ərizə ilə əlaqədar müvafiq tədbir görmək icra hakimiyyətinin vəzifəsidir. Cavabdeh isə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətimə cavab olaraq Cavabdeh başçısının birinci müavini İlham Quliyevin 6/2673 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubunda tikilinin rayon icra hakimiyyəti tərəfindən verilmiş 1/6/1510 saylı xx.xx.2020-ci il tarixli razılığa əsasən həyata keçirildiyi, tikinti işlərinin qeyri-qanuni aparılmadığı, tikinti işlərinin qüvvədə olan norma və qaydalara uyğun aparılmasına nəzarətin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq FHN Tikintidə X6 Agentliyi tərəfindən həyata keçirildiyi göstərilmişdir. FHN Tikintidə X6 Agentliyinə müraciətinə cavab olaraq 37/R-03867 nömrəli xx.xx.2020-ci il tarixli məktubda Abşeron RİH başçısının 13 iyul 2020-ci il tarixli 1/6/1510 nömrəli məktubu ilə X12 şəhəri ərazisində istifadəsində olan 0,10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş kürsülü, üçmərtəbəli, mansardalı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və ərazinin baş Plan bölməsinin razılaşdırıldığı, evin tikintisinə dövlət nəzarəti aparılarkən, layihədən kənarlaşmaya yol verildiyi aşkar edildiyi üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 31 avqust 2020-ci il tarixli 0471 nömrəliu qərar verildiyi, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması, tikintiyə icazə verilməsi, obyektin baş plana əsasən ərazidə yerləşdirilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğu göstərilmişdir. Araz İsgəndərov isə tikinti işlərinin dayandırılması barədə Tikintidə X6 Agentliyinin qərarına əməl etməyərək 6 mərtəbəli, üstü mansardalı ev tikmişdir.Abşeron RİH və FHN Tikintidə X6 Agentliyi buna göz yummuşdur. Sonrakı şikayətlərinə Agentlik tikinti işlərinin dayandırılması barədə 31 avqust 2020-ci il tarixli 0471 nömrəli qərarının icrasını yoxlamadan şablon xarakterli cavablar yazaraq 37/R- 03867 nömrəli xx.xx.2020-ci il tarixli məktubla ona cavab verildiyini bildirmiş və bununla da işini bitmiş hesab etmişdir. Azərbaycan Respublikasının Prezidentinə müraciəti baxılması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Komitənin əməkdaşları tərəfindən yerində araşdırma zamanı yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənədlər Araz İsgəndərovdan tələb olunmasına baxmayaraq o, əməkdaşlara heç bir sənəd təqdim etməmişdir. Komitə 16 oktyabr 2020-ci il tarixli 05/09- PA/R-23-4564 nömrəli məktubla Abşeron RİH başçısı İradə Gülməmmədovaya, FHN Tikintidə X6 Agentliyinə məktub göndərərək Tikililərin reyestrində qeyd olunan ünvanda yerləşən tikinti obyekti ilə bağlı məlumat olmadığını, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarf’nm tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən yerli səviyyədə şəhərsalma nəzarətinin aparılması məqsədi ilə tikintiyə icazə prosedurunun araşdırılması, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 92 və 95-ci maddəsinə uyğun zəruri tədbirlərin görülməsi üçün ərizəmi həmin ünvana göndərmiş və görülmüş tədbirlər barədə Komitəyə və mənə 10 iş günü müddətində məlumatın verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin nə İcra hakimiyyətindən, nə də Agentlikdən ona heç bir cavab verilməmişdir. Abşeron RİH Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna məhəl qoymayaraq 09 dekabr 2020-ci il tarixli 014 nömrəli məktubla X3 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 6 mərtəbəli+ mansardlı evin tikintisinə icazə vermişdir. Göründüyü kimi Abşeron RİH Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq yə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna məhəl qoymayaraq X8 ev inşa etməyə razılıq vermişdir. X3 qarşı “mənə məxsus olan ev ilə X3 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, evimə dəyən zərərin əvəzində cavabdehdən 10000 manat mənim xeyrimə tutulması, cavabdehin qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evimin bazar dəyərinin kəskin şəkildə azalması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq mənə ödənilməsi və cavabdehdən ödədiyim 160 manat vəkil xərci, 30 manat məhkəmə xərcinin mənim xeyrimə tutulmasına dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Sonuncunun 2(012)-694/2021 nömrəli 15 mart 2021 -ci il tarixli qətnaməsinə əsasən iddiamın rədd edilməsi qət edilmişdir. Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsində ekspertiza təyin edilmədiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verməklə yanaşı "xxxx" MMC-yə müraciət etmiş, sonuncunun verdiyi 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinə əsasən 6,0 m və digər evin arxa hissəsində inşa olunmuş yeni tikili (X3 məxsus tikili) qonşu sərhəd hasarından 11,4 m aralıda inşa olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 07 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/2957 nömrəli 16 sentyabr 2021-ci il tarixli rəyində də göstərilir ki, çoxmərtəbəli yaşayış binasımn divarının hündürlüyünün 21.3 metr olduğunu nəzərə alaraq, həmin bina ilə, binanın inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən 12.78 metr olmalıdır. Çoxmərtəbəli yaşayış binası ilə iddiaçının fərdi yaşayış evinin arasındakı məsafənin 2.56 metr olduğuna görə, saxlanılmış bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. Qərardadın ikinci və üçüncü sualları üzrə bu günə qədər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmadığına görə, qərardadın bu suallarım cavablandırmaq mümkün olmadı. (Göründüyü kimi Tikintidə X6 Agentliyi rəy verməməklə qanunsuzluqları ört basdır etməyə çalışmışdır.) Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-1851/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Abşeron rayonu Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan altı mərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasımn tikintisinə Cavabdeh tərəfindən icazə yerilməsi qüvvədədir. Üçüncü şəxs X9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-cı maddələrinin tələblərinə zidd olmaqla 2020-ci ildə evimdən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdı. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyimə və tikintini dayandırmasmı tələb etməyimə baxmayaraq ö, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə mənim evimin ara məsafəsi az olduğundan tikintinin ağırlığı nəticəsində evimin divarlarında dərin çatlar əmələ gəlmiş, evim qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda - maddi zərər dəymişdir. Ara məsafəsi olmadığından evinin ətrafında təmir işləri apara bilmir. Onun ev tikməsinə razılıq verilməsinə dair sənədlərin surətlərini almaqla əlaqədar cavabdeh Abşeron RİH vəkil sorğusu təqdim etmiş, lakin sorğuya cavab verilməmişdir. Cavabdehlər və üçüncü şəxslər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduqlarına görə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdeh qismində Cavabdeh, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi və X2 tanınmasını, Cavabdeh başçısının 13 iyul 2020-ci il tarixli 1/6/1510 nömrəli, 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, X3 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Abşeron rayonunun baş planına əsasən göstərilən ərazilərdə yalnız çoxmənzilli yaşayış binalarının inşası nəzərdə tutulmuş və sonradan həmin ərazilərdə müxtəlif şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir. Mübahisə predmeti olan çoxmənzilli bina ilkin olaraq 3 mərtəbədən ibarət olmuşdur. Sonradan verilmiş icazə əsasında həmin binanın inşası davam etdirilərək 6 mərtəbəli yaşayış binası olmuşdur. Hal-hazırda həmin yaşayış binasında 100-dən çox sakin yaşayır. Qeyd olunan yaşayış binası istismara qəbul edilmiş və tikinti tələblərinə tam şəkildə cavab verməkdədir. Çoxmənzilli yaşayış binasının inşası üçün verilmiş 09 dekabr 2020-ci il tarixli 014 saylı icazə sənədi artıq əhəmiyyətini itirmiş olur. Ona görə də cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, Araz İsgəndərov etimadın qorunması prinsiplərinə riayət etməklə göstərilən ərazidə 6 mərtəbəli yaşayış binası inşa etdirmişdir. Hal-hazırda həmin binada 59 mənzil var və 120 sakin artıq uzun müddətdir ki, həmin binada yaşayır. Həmin sakinlərin mənzillər üzərində gözlənti hüquqları var. İddiaçının 3-cü şəxsin qarşısında qoyduğu tələb həddən artıq yüksəkdir. Hesab edir ki, tikinti qaydalarına riayət edilməklə inşa edilmiş yaşayış binasına verilmiş icazə sənədinin ləğv edilməsi onlara həmin bina üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı bir sıra problemlər yarada bilər. Bu isə öz növbəsində gözlənti hüququ olan sakinlərin gələcəkdə mülkiyyət hüququna dair çıxarışlarla təmin edilməsində problemlər yarada bilər. Ona görə də 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin nümayəndəsi qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxaraq bildirmişdir ki, mövcud 6 mərtəbəli tikili dayanıqlıq baxımından tələblərə cavab verir. Təmsil etdiyi qurumun tikili üzərində olan nəzarəti binanın dam örtüyü vurulan vaxtadək qüvvədədir. Yaşayış binasında 120 sakinin daimi yaşaması səbəbindən verilmiş iddia tələbinə etirazını bildirir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazələrin surəti, Cavabdeh xx.xx.2022-ci il tarixli, XD-2778 nömrəli məktubu, X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surəti, fotoşəkillər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/2957 nömrəli 16 sentyabr 2021-ci il tarixli ekspert rəyinin surəti, X7 tərəfindən təqdim edilmiş arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Cavabdeh tərəfindən verilən 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin məhkəmədə iddia tələbinə baxılan ərəfədə cavabdeh təşkilat tərəfindən iddiaçıya təqdim edildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Cavabdeh hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan icazə Cavabdeh tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Abşeron rayonudur, iddiaçının hüquqi ünvanı Cavabdeh xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə tikintiyə icazələrin verilməsi Cavabdeh səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə icazənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İddiaçı Cavabdeh tərəfindən qəbul edilmiş 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazədən iddia tələbinə məhkəmədə baxılan ərəfədə məlumatı olmuşdur. Bu səbəbdən də iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin tətbiq edilməsinə zərurət yoxdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, iddiaçı dövlət mülkiyyətində olan yaşayış sahəsini X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında əldə etmiş və hal-hazırda həmin yaşayış sahəsindən mülkiyyətçisi olmaqla həmin evdən istifadə edir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında 2 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmişdir (məsələnin aydınlaşdırılması məqsədilə xx.xx.2022-ci ildə məhkəmə tərəfindən yerli baxış keçirilmiş və bu fakt öz təsdiqini tapmışdır). Həmin çoxmərtəbəli yaşayış binanlarından olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 1 girişli, 6 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə icazəni Cavabdeh başçısının 09 dekabr 2020-ci il tarixli 014 nömrəli tikintiyə icazənin verilmsəi nəticəsində sifarişçi X7 tərəfindən inşa edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inşa etdirdiyi çoxmənzilli yaşayış binası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyil. Belə ki, əraziyə baxış keçirilrəkən 6 mərtəbəli yaşayış binası ilə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin arasında olan məsafənin 2-3 metr olması müəyyən edilmişdir. Həmçinin yerli baxış zamanı o da müəyyən edilmişdir ki, yaşayış binasının əksər sakinləri daimi olaraq mənzillərdə yaşayır, bina komunnal xidmətlərlə təhciz olunmuşdur. Tikililər arasında ara məsafəsinə riayət olunmaması həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/2957 nömrəli 16 sentyabr 2021-ci il tarixli ekspert rəyində də öz əksinin tapmışdır. Belə ki, qeyd olunan rəyə əsasən, çoxmərtəbəli yaşayış binasının divarının hündürlüyünün 21.3 metr olduğunu nəzərə alaraq, həmin bina ilə, binanın inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən 12.78 metr olmalıdır. Çoxmərtəbəli yaşayış binası ilə iddiaçının fərdi yaşayış evinin arasındakı məsafənin 2.56 metr olduğuna görə, saxlanılmış bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. İddiaçı müvafiq yaşayış binasının tikilməsi nəticəsində onun mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst şəkildə yaşamaq hüququnu məhdudlaşdırdığını əsas gətirərək, tikinti normalarının kobud şəkildə pozulmaqla inşa edilmiş binaya verilmiş icazənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü müəyyən edilir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmun Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd olunan maddi hüquq normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, təyinatına görə artıq qüvvədən düşmüş icazənin ləğv edilməsi inzibati icraat prinsiplərinə ziddir. Belə ki, verilmiş icazə əsasında inşa edilmiş tikili müvafiq qurumlar tərəfindən istismara qəbul edilmiş və hal-hazırda həmin binada 100-ən artıq sakin yaşayır. Başqa sözlə desək tikinti üçün verilmiş 09 dekabr 2020-ci il tarixli icazədən təyinatı üzrə istifadə olunduğuna görə həmin sənədə qüvvədə olan sənəd kimi baxılması düzgün deyil. Təsadüfi deyil ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində tikiliyə verilən icazənin 3 illik qüvvədə olma müddəti nəzərdə tutulub. Qeyd olunan maddənin tərifindən belə qanaətə gəlmək olur ki, tikiliyə verilən icazə daimi xarakter daşımır və həmin sənəddə tikiliyə verilmiş icazə tikilinin başa çatması ilə qüvvəsini itirmiş olur. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.10.1-cu maddəsinə əsasən 2013-cü ilinin yanvarın 1-dən sonra inşa edilmiş tikililər üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə tikiliyə dair icazə sənədi təqdim edilməlidir. Həmin icazənin daşınmaz əmlakın dövlət reyestr xidmətinə təqdim edilməməsi tikili üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina üçün əsasdır. İddiaçının hazırkı tələbi təmin edildiyi tədqirdə artıq mövcud olmuş yaşayış binası üçün yenidən icazə sənədinin alınmasını qeyri-mümkün ola bilər. Belə ki, adından da göründüyü kimi icazə hər hansı bir hərəkətin və ya hüquqi tədbirin həyata keçirilməsi üçün qabaqcadan verilmiş razılığıdır və həmin hərəkətlərlə müşayət olunan halların artıq mövcud olması sonradan veriləcək icazəni istisna edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilərsə 59 mənzil sahibinin həmin mənzillər üzərində mülkiyyət hüquqları ilə bağlı olan gözlənti hüquqlarının pozulması istisna olunmur. Ona görə də məhkəmə hesab edir ki, yaranmış vəziyyətə uyğun olaraq yaşayış binasına verilmiş icazənin ləğv edilməsi məqəsədəmüvafiq deyil. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, mövcud yaşayış binası iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının hüquqlarının məhdudlaşdırıması səbəbindən müvafiq kompensasiya tələb etmək üçün konstitusion hüquqları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci madddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 173.1-cü maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Göründüyü kimi İddiaçı mülkiyyət hüquqları məhdudlaşdırıldığına görə onun müvafiq məbləğdə kompensasiya tələb etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X3 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1020/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1020/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver