Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1021/2020 04.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin HakimiQuliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 , Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə onun şəhid ailəsi kimi Sumqayıt şəhərində mənzil qeydiyyatına götürülməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı şəhid ailəsi kimi Sumqayıt şəhərində mənzil qeydiyyatına götürülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X1 xx xxxx 1993-cü il tarixində Ağdərə rayonunda şəhid olmuşdur. 1994-cü ildən mülkiyyətində olan ünvan 1 mənzil 108 ünvanında yaşadığı evi 2017-ci il dekabr ayında satmışdır. 2018-ci ilin yanvar ayında ünvan 2 almışdır, qeydiyyatdadır, hal-hazırda həmin ünvanda yaşayır. ünvan 3 qeydiyyata alınması üçün müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhərində 5 il daimi qeydiyyatı olmaması əsas gətirilərək mənzil qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Nazirlər Kabinetinin Qərarına əsasən şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Cavabdeh isə iddiaçının Sumqayıt şəhərində 5 il daimi qeydiyyatının olmamasını əsas gətirərək onun şəhid ailəsi kimi mənzil qeydiyyatına götürülməsindən əsassız olaraq imtina edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, 1994-cü ildən iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15, mənzil 108 onun tərəfindən 2017-ci ildə özgəninkiləşdirilmişdir. İddiaçı 2018-ci ildə Sumqayıt şəhərində yaşayış sahəsi 37,04 kvm olan 3 otaqlı 18-ci mikrorayon, ev 40, mənzil 41-i alqı-satqı yolu ilə əldə edərək həmin ünvana qeydiyyata düşmüşdür. Cavabdeh bildirir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan və mənzil uçotuna alınmış vətəndaşlar yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunur. Beləliklə, Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olmadığından və göstərilənlər nəzərə alınaraq İddiaçı mənzil növbəsinə alınması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiyə etmiş və izahatında bildirmişdir ki, iddiaçı hazırda qüvvədə olan Sumqayıt şəhər X5 xx.xx.1984-ü il tarixli qərarı ilə müəyyən edilmiş 5 illik daimi qeydiyyatı olmadığı üçün Sumqayıt şəhərində mənzil qeydiyyatına götürülə bilməz. Bundan əlavə şəhid ailələrinə növbəsiz mənzilin verilməsi xüsusi ehtiyacı olan şəhid ailələrinə münasibətdə xüsusi olaraq tətbiq edilir. 5 illik daimi qeydiyyatı olma şərti sovet dövründən indiyə qədər hər kəsə tətbiq edilir. Sonda cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün iddia olsada, mahiyəti baxımından əsaslı deyil. Belə ki, Mənzil məcəlləsinin 48.1-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin məcəllənin 51.2-ci maddəsinə əsasən, Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin məcəllənin 51.4-cü maddəsinə əsasən, Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən, bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh tərəfindən Sumqayıt şəhər X5 xx.xx.1984-cü il tarixli qərarının surəti məhkəməyə təqdim edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarınının 4-cü bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın praktikası Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarından sonra, hazırda icra hakimiyyətinin funksiyalarına malik olan həmin dövrün icra strukturları tərəfindən formalaşdırılıb və hazırda da Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhərində 5 il daimi qeydiyyatda olan mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil uçotuna alınırlar. Göründüyü kimi inzibati orqanın bununla bağlı bir praktikası mövcuddur və bu praktika hazırda qüvvədə olan normativ akta əsasən formalaşmışdır. Bundan əlavə vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlərin təqdim edilməməsi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsaslarına daxildir. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə müəyyən edilmiş və həmin qərarla səlahiyyətli orqanlara vətəndaşların uçota götürülməsi üçün, onların yaşayış sahəsində daimi yaşayış müddətinin müəyyən edilməsində diskresion səlahiyyət verilmişdir. Yuxarıda qeyd olunduğu kimi inzibati orqan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən də Sumqayıt şəhərində 5 il daimi qeydiyyatda olan mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil uçotuna alınırlar. Bu halda iddiaçının inzibati icraat zamanı Sumqayıt şəhərində 5 il daimi qeydiyyatda olmaması ilə bağlı sənəd təqdim etməməsi Mənzil Məcəlləsinin 53.1.1-ci və 51.4-cü maddələri ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməsindən imtinası əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1021/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1021/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver