Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1021/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu X3rşı “Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən istifadəsində olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və ona satılması vəzifəsinin Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu X3rşı iddia qaldıraraq Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən istifadəsində olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi vəzifəsinin Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən istifadəsində olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və ona satılması vəzifəsinin Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində ticarət obyekti vardır. Həmin obyekti 1998-ci ildə Elman adlı şəxs tikmişdir. Elman bir müddət həmin obyekti özü işlətmiş, sonra isə iddiaçıya satmışdır. Həmin vaxtdan bu günə kimi də bu obyekt iddiaçının istifadəsindədir. Həmin ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Abşeron rayon X6 müraciət etmişdir. Lakin bələdiyyənin 15.03.2021-ci il tarixli 40 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi isə iddiaçı ilə başqa vətəndaş arasında həmin ticarət obyekti ilə əlaqədar mübahisənin olduğu göstərilmişdir. Cavabdeh orqanın bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, bələdiyyə imtina məktubunda iddiaçı ilə Aşağı Güzdək qəsəbə sakini Musayev Hacıağa arasında bu ticarət obyekti ilə əlaqədar mübahisə olduğunu göstərmişdir. Bildirir ki, həmin ticarət obyektini müəyyən müddətə Hacıağa Musayev iddiaçıdan icarəyə götürərək işlətmişdir. Lakin axırıncı aylar icarə haqqını ödəmədiyi üçün iddiaçı onu ticarət obyektindən çıxarmışdır. Hal-hazırda da başqa şəxslərlə müqavilə bağlayaraq həmin ticarət obyektini onların istifadəsinə vermişdir. Qeyd edir ki, həm cavabdeh orqanın nümayəndələri, həm də Aşağı Güzdək qəsəbəsinin sakinləri bu ticarət obyektinin iddiaçıya məxsus olduğunu bilirlər. Ona görə də cavabdeh orqanın həmin ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirməkdən imtina etməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 16-cı maddəsinin tələblərinin pozulması deməkdir. Həmin Qanunun 16-cı maddəsinə görə vətəndaşların istifadəsində olan torpaq sahələri həmin torpaq sahələrinin dəyəri bələdiyyəyə- ödənilməklə həmin ” torpaq sahəsindən istifadə edən vətəndaşların adma rəsmiləşdirilir. İddiaçı bildirir ki, qanunverici orqan da bu səlahiyyəti yalnız yerli bələdiyyə orqanlarına vermişdir. Təbii ki, ona görə də iddiaçı həmin torpaq sahəsini adına rəsmiləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. AR İPM-nin 2-ci maddəsinə görə şəxs onun arzuladığı inzibati aktın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddaçının nümayəndəsi və vəkili X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılmiş, araşdırma zamanı tərəflər arasında mübahisə qalmadığı müəyyən edilmişdir və obyekt hazırda iddiaçının istifadəsindədir. Obyekt iddiaçı tərəfindən artıq başqa şəxsə icarəyə verilibdir. Sonda iddaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, sözügedən ticarət obyekti ilə bağlı tərəflər arasında mübahisə qalmadığından, həmin obyektin yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətə yalnız hərrac və ya müsabiqə yolu ilə verilə bilər. Odur ki, vətəndaşın sözügedən obyektin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı məhkəmənin qərarından sonra ərizə ilə X6 müraciət etməsi tövsiyyə olunur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. İddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olmuş, iddia iddiaya cavab verməli olan orqana qarşı qaldırılmışdır, iddianı mümkünsüz edən digər bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən istifadəsində olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən ticarət obyektinə dair iddiaçı ilə Musayev Hacıağa arasında mübahisənin olması, təqdim edilmiş sənədlərlə ticarət obyektinin tikintisi tarixində ziddiyyət olması göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisələndirilən torpaq sahəsində ticarət obyekti mövcuddur, o cümlədən həmin ticarət obyektinə dair əmlak vergisi İddiaçı tərəfindən ödənilir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 1107 saylı Sərəncamına əsasən İddiaçı Aşağı Güzdək qəsəbəsi ərazisində istifadəsində olan torpaq sahəsində razılaşdırılmış eskiz əsasında ümumi sahəsi 35 kv.m olan ticarət obyektinin tikintisinə icazə verilməsi Qərara alınmışdır. Bundan əlavə məhkəmə araşdırması əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən X2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı şikayət ərizəsi əsasında toplanmış materialların surəti məhkəməyə təqdim edilmişdir. Sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən ticarət obyektinə dair mübahisə artıq mövcud deyildir. Cavabdeh iddiaya münasibətində də qeyd edir ki, sözügedən ticarət obyekti ilə bağlı tərəflər arasında mübahisə qalmadığından, həmin obyektin yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətə yalnız hərrac və ya müsabiqə yolu ilə verilə bilər. Odur ki, vətəndaşın sözügedən obyektin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı məhkəmənin qərarından sonra ərizə ilə X6 müraciət etməsi tövsiyyə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələbləri aşağıdakı müəyyən edir. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İddiaçının mübahisə predmeti olan torpaq sahəsində ticarət obyektinin olması mübahisə olunmur vfə eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 1107 saylı Sərəncamına əsasən İddiaçı Aşağı Güzdək qəsəbəsi ərazisində istifadəsində olan torpaq sahəsində razılaşdırılmış eskiz əsasında ümumi sahəsi 35 kv.m olan ticarət obyektinin tikintisinə icazə verilməsi Qərara alınmışdır. Məhkəmə hesab edir ki, bu halda iddiaçının istifadəsində olan qeyri yaşayış sahəsinin altındakı torpaq sahəsinin geri alınması mümkün olmadığına görə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.4-cü maddəsi nəzərə alınaraq həmin torpaq sahəsi iddiaçıya satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir və Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən İddiaçı istifadəsində olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə ona satılması vəzifəsi Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi ərazisində yerləşən İddiaçı istifadəsində olan ümumi sahəsi 35 kv.m olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə ona satılması vəzifəsi Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1021/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1021/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver